“Artıq terrora qarşı bir immunitet yaranıb”

16244917_735219016631617_584842039_o

“İnsanlar da artıq dərk edirlər ki, terrorda mövcud hökumətin, dövlətin heç bir günahı yoxdur”

 Son zamanlar dünyada terror təşkilatlarının törətdikləri vəhşiliklər sanki əvvəlki kimi reaksiyalara səbəb olmur. Xüsusilə də İŞİD adlı terror qruplaşmasının  baş kəsib paylaşdığı videolar dünya ictimaiyyəti tərəfindən əvvəlki kimi qınanılmır.  Lakin eyni zamanda həmin qruplaşlamalar öz fəaliyyətlərinə davam da edirlər.

Əgər əvvəllər İŞİd-in vəhşilikləri medianın gündəmindən düşmürdüsə, ictimaiyyət arasında hər kəs bundan danışırdısa, bu gün sanki onun vəhşilikləri adiləşib.

“Yeni Müsavat”a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, əslində müəyyən zaman sonra bu kimi terror qruplaşmaları məhz insanlar arasında qarışıqlıq yarada bilmədikləri üçün məhv olacaqlar: “İnsanlar artıq qəbul ediblər ki, heç bir dövlət terrordan sığortalanmayıb. Nəticə olaraq insanlar üçün bu proses adiləşib. Onlar bu gün daha çox özlərinin, ətraflarının təhlükəsizliklərinin qayğısına qalmağa çalışırlar. Hesab edirəm ki, bu proses də əhəmiyyətini itirdikdən sonra terror təşkilatları  ya öz istiqamətlərini dəyişəcəklər, ya da gələcəkdə birmənalı şəkildə bunları ortadan qaldıracaqlar.

Çünki terrorçuların məqsədi insanları qeyri-müəyyən vəziyyətdə, qorxu altında saxlamaqdır. Bu yolla da insanları mövcud dövlətə, hökumətə qarşı qaldırmaq, onlara təsir etmək istəyirlər.  Psixologiya yalnız bundan ibarətdir. Biz  görürük ki, son zamanlar terrorda daha çox siyasi maraqlar güdülür. Onlar sadə insanları da hədəf götürüb, təsir edirlər. Artıq bunu dövlətlər kimi insanlar da dərk edirlər. Ona görə də düşünürəm ki,  terrorçular mövcudluqlarının istiqamətini dəyişməli olacaqlar”.

Psixoloq bildirib ki, artıq insanlarda bir immunitet yaranıb: “İnsanlar da artıq dərk edirlər ki, terrorda mövcud hökumətin, dövlətin heç bir günahı yoxdur.  Bu sadəcə olaraq təzyiq üsuludur. Ona görə də diqqət etsək görərik ki, insanlar bu prosesdə daha çox dövlətlə həmrəylik göstərirlər. Dolayısı ilə  həmin terrorçuların planları baş tutmur. Ona görə də indi əvvəlki  kimi terror xəbərləri, hadisələri geniş miqyas almır. Bir müddət isə bundan geniş istifadə edirdilər. Dünya yaranandan  hər zaman müxtəlif təzyiq metodları olub. Bu o demək deyil ki, terrora qarşı immunitet yaranacaqsa, təzyiq metodu olmayacaq. Yenə də olacaq, ancaq başqa bir formada. Önəmli olan qabaqlayıcı tədbirin görülməsi və insanların buna qarşı hazırlanmasıdır. İnsanlar buna qarşı hazır olarlarsa, düşünürəm ki, bunlar da arxa planda qalacaq. Hər zaman tarixə də nəzər salsaq müxtəlif qruplaşmalar arxa planda  insanlar arasında çaxnaşma salmağa, onları hökumətə qarşı qaldırmağa çalışıblar. Son zaman təəssüflər olsun ki, buna İslam  donu geyindirmişdilər. Məsələnin də ən təhlükəli tərəfi elə bundan ibarət idi. Bu da təəssüf doğurur. Əslində bu gün dinə həqiqətən inananların sayı artmağa başladı.  Hesab edirəm ki, bu ələnmə prosesi də getməli idi və gedir. İnsan əgər dinə ibadət edirsə bunu sidq ürəkdən edir. Çünki artıq bilir ki, kim kimdir”.

Əli RAİS

http://musavat.com/news/yasham/psixoloq-artiq-terrora-qarshi-bir-immunitet-yaranib_368794.html

 

Share to Odnoklassniki