“Valideyn uşağa deyir ki, sənin oxumağın lazım deyil, təki…”

  • Home
  • Müsahibə
  • “Valideyn uşağa deyir ki, sənin oxumağın lazım deyil, təki…”
14369946_600495950121578_6048637978585759443_n

Son zamanlar valideynlər uşaqlar üçün hazırlanmış dərsliklərin dil və proqram çətinliyindən narazılıq edirlər. Kurikulum əsasında yazılmış dərsliklər onları çətinə salır. Şagirdlər nə özləri, nə də valideynlərinin köməyi ilə dərsləri qavraya, tapşırıqların öhdəsindən gələ bilirlər. Bu da onları həm psixoloji, həm də fiziki cəhətdən yükləyir və aqressivləşdirir. 

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov Teleqraf.com-a bu barədə danışır.

Psixoloqun fikrincə, dərslərin ağırlığının faydalı tərəfləri də var: “Bir şey nəzərə alınmalıdır ki,  biz informasiya əsrində yaşayırıq. Bu gün daha çox öyrənmək, yenilikləri izləmək tələb olunur. Yüklənmə tək dərs prosesində yox, hər işdə gedir. Aşağı sinif uşaqlarında dərs yükünün ağırlığı və buna uyğun olaraq məktəbəqədər hazırlıq, dərsdən sonra əlavə məşğələlərin salınması, elə məktəbdə bu işin tətbiq edilməsi onları yorur.

 Düzdür, ödənişli məktəblər var ki, onlar bunu daha fərqli formada həyata keçirirlər. Ümumilikdə uşaqların bu şəkildə dərs proqramı və məşğələlərlə yüklənməsiylə razıyam. Başqa cür bunun öhdəsindən gəlmək olmur.

Belə uşaqlar aqressiv olur, yorulurlar. Psixoloji problemləri, narahatlığı, fobiyaları olan, ailələri konflikt yaşayan uşaqlar dərs mənimsəmə prosesində problemlərlə üzləşirlər.

Ancaq mən sizi inandırım ki, onlar dərslə yüklənməsə, günlərinin böyük bir hissəsini kompüter arxasında, sosial şəbəkələrdə keçirəcəklər. Dərs prosesində yüklənsələr belə, yeni şeylər öyrənirlər. Ancaq dərsdən kənarda vaxtını faydalımı keçirir?

İndi uşaqlar uşaqlıqlarını da internet üzərindən yaşayırlar. Bunun yaratdığı fəsad dərs  yükünün fəsadından daha çoxdur. Eybi yox, qoy dərslə yüklənsin, nəinki gedib internetdə boş vaxt keçirsinlər”.

Elnur Rüstəmovun fikrincə,  valdieynlərin üzərinə böyük məsuliyyət düşür: “Sadəcə valideynlər bir qədər diqqətli olmalı və uşaqların boş vaxtlarını daha faydalı, ailəylə birgə keçirməsinə, onlara diqqət və qayğı göstərilməsi istiqamətində çalışmalıdırlar.

Burda ən mühüm faktor vaxtın düzgün bölünməsi, məktəb qrafikinin nəzərə alınmasıdır. Ancaq yuxarı sinfin uşaqları, konkret olaraq abituriyentlər vaxtlarını düzgün böldükdə o qədər də çətinlik yaşamırlar. Belə olan təqdirdə gərginlik də az olur.

Uşaq niyə gərgin olur? Bilir ki, dərsləri hazırlamalıdır, ancaq vaxtı çatmır. Tapşırıqları yerinə yetirə bilmir və aqressivləşir. Yeniyetmələr bu aqressivlikdən dolayı zərərli vərdişlərə alışırlar. Zərərli vərdiş ortaya çıxanda valideynin uşaqdan tələbi də az olur. Deyirlər, bircə bu zərərli vərdişdən uzaqlaş, sənin oxumağın mənə lazım deyil. Əslində, buna “diqqətin yayındırılması” deyilir.

Belə uşağa psixoloq dəstəyi daha yaxşı təsir edər. Vaxtın bölünməsi, aqressiyanın istiqamətləndirilməsi, stressin yönləndirilməsində ona dəstək verilsə, effektiv olar”.

Sevinc

http://teleqraf.com/news/111855

Share to Odnoklassniki