Ailə səadəti

hero-happy-family-in-front-of-house-1980x1320

Ailə səadəti ilə bağlı mövzuda xoşbəxt, ideal ailələrdən bəhs edərkən, reallıqları da nəzərdən qaçırmaq olmaz. Yəni nağıllardakı kimi bir ailəmiz yoxdursa, ara-sıra həyat yoldaşımızla mübahisə ediriksə və ya keçmişdə etmişiksə, xoşbəxt olmaqdan, sabahlara ümidlə baxmaqdan əlimizi üzə bilmərik. Hər şeydən əvvəl bilməliyik ki,xoşbəxtlik bizdən asılıdır. Yəni xoşbəxt olmaq istəyiksə ümidsizliyi bir kənara qoymalıyıq. Əlbəttə,hər ailədə söz-söhbət olur. Bir-biri ilə az-çox dalaşmayan,ayrı-ayrı fikirlər üstündə mübahisə etməyən nə qədər az ailə var. Əsas məsələ ilk növbədə bu xoşagəlməz hadisələrin qarşısını almağa çalışmaq,əgər qarşısını ala bilmiriksə çox da uzatmamaqdır. Hər xanım həyat yoldaşının xasiyyətini yaxşı bilir. Biz istəsək xoşagəlməz hadisələri əvvəlcədən sezib tədbir görə bilərik. Qoy dava-dalaşlarımız qısa olsun. Xüsusilə də o gün axşam olmamış mütləq barışın. Küsülü yatsanız,həyatınız da gecənin rənginə bürünər. Heç bir şeyin dadını çıxara bilmərsiniz.

Bir rəvayətə görə şeytanlar hər gün QAF dağının arxasında görüşürlər. Hər biri insanı yoldan çıxmaq üçün nə etdiyini danışır. Hamısının sözü bitdikdən sonra mükafat mərasimi keçirilir. Ən böyük mükafat ər ilə arvadın arasını vuran şeytana verilir. Ona görə də şeytanı sevindirməmək və məsələni böyütmədən barışmaq lazımdır. Əgər haqlıdırsa üzr istəmək,haqsızdırsa üzrü qəbul etmək lazımdır. Belə mübahisələrin uşaqlarımızın ruhunda törətdiyi fəsadları gözlərimizlə görə bilsəydik, inanıram ki, heç bir ata-ana mübahisə etməzdi. Qoyun evlərimizdən dava-dalaş səsləri yox,uşaq gülüşləri eşidilsin…

Sevinc Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki