Doğularkən onu nələr gözlədiyinin fərqində olmayan insan övladı saf, məsum və çarəsiz olur. Zamanla ilk addımlarını atmağa başlayır, ana-ata statusuna, zirvəsinə ucaltdığı insanlar onun bu ilk addımlarını alqışlayır, öpür, sevinir bu və digər uğurlarını rəğbətlə qarşılayır. Bəzən də əksinə, heç kim buna əhəmiyyət vermir. İnsan övladı addımlar atır, yıxılır, başı dəyir, ağlayır, yenidən qalxır, gəzir,uğurlar qazanır onu alqışlayan və ya bu ilk addımlarını görüb də əl çalanlar olmur. Hər iki insan balası bunu norma qəbul edir. Bala böyüyür, körpəliyində, uşaqlığında, yeniyetməliyində nələrlə üzləşdiyini (çox əzizləmələrini və ya heç dəyərləndirilmədiyinin şüuraltına yerləşdiyini düşünmədən) böyüyür… Özünütəsdiqi, təkmilləşdirməsi daha da genişlənir. Hər kəsin bununla məşğul olmasını görən insan övladı, fərqlənməyə can atır. Bəzən alınır, bəzən də az fərqlənir, məyus olur. O zaman daha fərqli şeylər etməyə başlayır insan övladı və onda da qınanılır, ictimai qınağa düçar olur və.s Əvvəl onu öyrədərdilər, indi o öyrədir onu öyrədənləri. Dövr bunu tələb edir. Özünütəsdiq etməklə fərqlilik prinsipini həyata keçirən insan balası həyatı boyu pis, yaxşı hansısa hədəflərinə can ataraq mübarizə aparır. Nəaliyyət əldə etməyən insan nəaliyyət əldə etmədiyi üçün belə fərqli də hiss edə bilir özünü. Əksərən də özünütəsdiqetmə yolunda müvəffəqiyyət olsa belə. İnsan balası uşaqikən addım atan amma alqışlanmayan, heç bir mükafatlandırma görməyən insan övladından alqış gözləyir. Amma görmədiyində daha da həvəsdən düşərək qəzəbə düçar olur. Əslində onu dərindən duya bilməyənləri o da dərindən hiss etmeyə və anlamaya bilər. Bütün dünyaya göz açan balalar bioloji, sosial amillərə əsaslanaraq fərqli böyüyür, tərbiyə alır onu əhatə edənlər fərqli, mühit fərqli. Özünüdərk etməyə başlayan kimi özünütəsdiq yolunun səyahətinə çıxan bəşərövladı maraqlı, məşəqqətli,sevincli, həyəcanlı,xoşbəxt, ağrılı, acılı, təhqiredici, tənqidedici,təqdirəlayiq, təsiredici, utandırıcı və s. durumlarla üzləşir. Yıxılır, qalxır, yarasını sarıyır, ağlayır, göz yaşını, burunun suyunu silir. Əldə etdiklərinə sevinir, itirdiklərinə üzülür, sonra yenə ağlayır nəhayət adaptasiya olaraq və gülümsəyib davam edir yaşamağa. Yaşamın dadını çıxartmalı insan övladı. Hər şeydə bir gözəllik təbiilik görməli dəyərləndirməlidir insan övladı. Qalanı isə bu həyatda sənin oynadığın rolların nəqşləndirilmiş rəngarəng çalarlarıdır. Acı varsa şirin də var, kədər varsa sevinc də var, yaşam varsa ölüm də var. Kim bilir kimin qəlbinin ağrısını insan övladı kim bilir….Yaşamın mənasını axtaran bəşərövladı ,əslində elə özünütəsdiq etməyi bacarmaq həyatın nəbzini tutub da onu dərk etməyi bacarmaq anlamına gəlir…..
Gülər Məmmədova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu, Azərbaycan Dövlət Pedoqoji Universitetinin psixologiya kafedrasının müəlliməsi