Maarifləndirici, vacib və ictimai əhəmiyyətli

12822167_1022447337829523_1628800561_n

Bütün dünyada geniş tətbiq olunan sosial reklamların ölkəmizdəki vəziyyəti ürəkaçan deyil

Hər hansı bir problemi aradan qaldırmaq çox zaman çətin olur, bəzən isə mümkün olmur. Amma problemin qarşısını almaq və getdikcə azalmasına nail olmağın ən effektli üsulu sosial reklamlardır. Zərərli vərdişlərdən uzaq durmaq, təhlükəsizlik qaydalarına riayət etmək, bir sıra xəstəliklərin profilaktikası və s. istiqamətlərdə hazırlanan sosial reklamlardan bu gün dünyanın hər bir ölkəsində geniş şəkildə istifadə edilir. 

Hazırda sosial şəbəkələrin geniş istifadə edildiyi bir dönəmdir və bu cür reklamları KİV və ictimai yerlərlə yanaşı, sosial şəbəkələrdə də görürük. Çox uzağa getməyək, elə mütəmadi izlədiyimiz Türkiyə telekanallarında da bu cür reklamları tez-tez görürük. Türkiyə televiziyalarında da şou, seriallar var, amma sosial reklamlar bu cür diqqətçəkən proqramlar arasında göstərilir və əhali istər-istəməz bu cür reklamları izləyir. Reklamlar isə elə hazırlanır ki, onu izləyən sona qədər izləməyə məcbur olur. İnsanlar bu cür peşəkar reklamlarla maariflənir. Amma bizdə sosial reklamlar cəhətdən kasadçılıq var. Ayda-ildə bir dəfə efirlərdə sosial reklam görərik, ya görmərik. Sosial reklamlar isə təkcə videolar yox, müxtəlif məlumatlandırıcı şəkillər formasında insanların çox olduğu yerlərdə, ictimai nəqliyyatda istifadə edilə bilər. 

Sosial reklamın psixoloji təsiri

Psixoloq Elnur Rüstəmov deyir ki, sosial reklamlar cəmiyyətin maarifləndirilməsi istiqamətində aparıcı rola malikdir: “Sosial reklamlar inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur. Burada ümumi mənafe naminə cəmiyyəti maarifləndirməkdən söhbət gedir. Əsasən dövlət siyasətinin dəstəklənməsi istiqamətində həyata keçirilir. Sosial maarifləndirilmə aparılmadıqda yaranan problemlər dövlətin həm büdcəsinə mənfi təsir göstərir, həm də ümumi məqsədlərə xələl gətirir. Cinayət törədilirsə, həbsxanalara düşənlərin sayı çoxalır, psixi problemlərin sayı artdıqca ruhi əsəb dispanserlərinə müraciət sayı artır. Həbsxanalar, ruhi əsəb dispanserləri dövlətdən maliyyələşir. Mən ikisini qeyd etdim. Amma bu tipli çoxsaylı sahələr qeyd etmək olar. Dövlət hər il bunlara pul ayırır. 

Problem minimallaşdıqca dövlət də həmin istiqamətlərə az maliyyə ayırır. Sosial reklamların televiziyalarda, bilbordlarda, sosial şəbəkələrdə geniş təbliğ olunması insanların mənafeyinə xidmət edir. Adətən bununla həm dövlət, həm də qeyri-dövlət sektorları məşğul olurlar. Bu işə çox geniş yer vermək lazımdır. Günümüz bunu tələb edir. Biz informasıya əsrində yaşayırıq. Kim informasiyadan geri qalarsa, müəyyən çətinliklərlə üzləşər. Hansı sahədə çalışmağımızdan asılı olmayaraq, yeniliklərdən xəbərdar olmalıyıq”.
Psixoloq deyir ki, yol hərəkətində təhlükəsizlik məsələləri ilə bağlı müəyyən qədər nə isə əldə edə bilmişik. Amma sosial çarxlar hazırlanmasına ehtiyac olan başqa sahələr də var: “Yaxşı olar ki zərərli vərdişlər, ailədaxili konfliktin, şiddətin uşaq psixologiyasına təsiri ilə bağlı sosial reklamlar çox hazırlansın. Bu cür reklamar valideynlərin öz hərəkətlərini tənzimləməsinə az da olsa təsir göstərə biləcək. Ən azından həmin situasiyada müəyyən qədər diqqətli olmağa vadar edəcək”.

Səhiyyə Nazirliyi dövlət proqramı çərçivəsində sosial reklam işini təşkil edir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən bildirildi ki, dövlət proqramları çərçivəsində, nazirliyin tədbirlər planına əsasən, il ərzində müxtəlif mövzularda sosial reklamlar hazırlanır. Zorakılıq, reproduktiv sağlamlıq, ana-uşaq sağlamlığı, qan donorluğu, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durmaq, qeyri-infeksion xəstəliklərin profilaktikası və s. ilə bağlı maarifləndirmə yönümlü sosial reklamlar hazırlanıb yayımlanır. Əsasən telekanallarda, ictimai yerlərdə, kinoteatrlarda, ticarət mərkəzlərində monitorlarda yayımlanır. Həmçinin də mərkəzin mütəxəssisləri tərəfindən ali və orta məktəblərdə çarxların təqdimatları aparılır. Bununla sosial çarxların daha çox kütləyə çatmasını təmin etməyə çalışırlar.

Mərkəzdən bildirildi ki, videoçarxlarla yanaşı, maarifləndirici istiqamətdə böyük plakatlar da yayımlanır. Eyni zamanda, çap materialları şəklində ictimai səhiyyənin müxtəlif istiqamətləri üzrə əhalinin bütün təbəqələrini əhatə edən çap materialları da hazırlanıb aksiyalarda, maarifləndirmə tədbirlərində paylanılır.

“Bu cür reklamları kanallar özlərindən yayımlamır”

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov isə bildirdi ki, reklam haqqında qanunvericiliyə görə, sosial reklam insanların şüurunda ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına və təkmilləşdirilməsinə, onların diqqətinin cəmiyyətdəki sosial məsələlərə, mədəni irsi qorumağa cəlb edilməsinə yönəlmiş, maarifləndirmə və xeyriyyəçilik məqsədi daşıyan qeyri-kommersiya xarakterli məlumatdır. Bu cür reklamlar dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən sifariş verilə bilər.

T.Dadaşov deyir ki, bəzən bu cür reklamların azlığında kanalları günahlandırırlar. Lakin bu cür reklamları kanallar özlərindən yayımlamır, hansısa müəssisə təqdim etməlidir ki, onlar da yayımlasın: “Sosial reklam dövlət və ictimai yayımçılar tərəfindən ödənişsiz yayımlanır. Buradan göründüyü kimi, özəl yayımçılar sosial reklamların yayımından pul qazana bilər”.

Şöbə müdirinin sözlərinə görə, sosial reklamlarla bağlı digər məqam isə ondan ibarətdir ki, mülkiyyət formasından asılı olmayaraq, hər bir reklam yayıcısı televiziya və radio yayımı zamanı reklam üçün ayrılan efir vaxtının ən azı səkkiz faizini sosial reklam üçün ayırmağa borcludur. Sosial reklam efirdə məzmununa uyğun olaraq saat 9.00-dan 00.00-a qədər olan müddət ərzində yayımlanmalıdır.

Azərbaycanda çəkilən sosial çarxların təsiretmə pozisiyaları

Qafqaz Universitetinin Doktorantura şöbəsinin müdiri Anar Rza deyir ki, ilk növbədə sosial çarxlar adekvat sosial problemin ehtiyaclarını ödəməlidir. Yəni hər hansı bir sosial problem aktuallıq baxımından qiymətləndirilməli, onun hədəfləri müəyyənləşdirilməlidir. Bu qiymətləndirmədən sonra sosial çarxların mövzusu, süjeti aydın görünür: “Sosial reklam ictimai və dövlət maraqlarına xidmət edir və xeyriyyəçilik məqsədi daşıyır. Bu reklamlarda kommersiya təşkilatlarının, fərdi iş adamlarının adları, onların əmtəələrinin konkret markaları, eyni zamanda, qeyri-kommersiya təşkilatlarının sahibkarlıq fəaliyyəti nəticəsində istehsal olunmuş əmtəənin markaları (modelləri, artikulları) göstərilə bilməz.
Digər bir halda hüquqi və fiziki şəxslərin sosial reklamın istehsalı və yayımı sahəsində təmənnasız fəaliyyətləri, sosial reklam istehsal etmək və yaymaq üçün digər hüquqi şəxslərə ödəmələri xeyriyyəçilik hesab edilir və qanunvericilikdə nəzərdə tutulan güzəştlərə malikdir. Bütün hallarda göründüyü kimi, sosial reklamın və onun bazarının qanunverici bazası kifayət qədər əhatəli təminata malikdir.

A.Rzanın sözlərinə görə, Azərbaycanda çəkilən sosial çarxlar təsiretmə qabiliyyətinə görə bir neçə pozisiyada özünü göstərir: “Birincisi, əgər siyasi şəxsin davranışı sayəsində yaranan hər hansı bir sosial problem yaradarsa; İkincisi, şou-biznes nümayəndələrinin davranışları insanların sosial problemlərindən kənar dəyərlər yaradanda; Üçüncüsü, dövlət tərəfindən aparılan sosial-iqtisadi islahatlar çərçivəsində yaranan narazılıqlar kontekstində (əgər səmərəlilik konservativliyi inkar edirsə); Dördüncüsü, ölkənin maliyyə-əmtəə bazarında baş verən hadisələrin kəskinliyində (məsələn, devalvasiyanın əmtəə bazarına və əmək bazarına təsirində); Beşincisi, əxlaqsız və mənəviyyatsız davranışlara olan reaksiyalarda.

Bununla belə, cəmiyyətin diqqətini hər zaman sosial dəyərlərə yönəltmək, onlara qayğı ilə yanaşmaq, bütün imkanlardan istifadə edərək sosial deviantlığın (sosial dəyərlərin aşılanması, dağıdılması, dağıdıcılıq meylləri) qarşısını almaq üçün zəruri tədbirlərin görülməsi ən aktual məslələrdən biridir. Mütərəqqi dövlətlərin təcrübəsində sosial reklam tam formalaşmış sosial institut olaraq sosial problemlərin monitorinqi, profilaktikası və ictimailəşdirilməsi üzrə güclü bir alətdir”.

Sosial çarxların təsiretmə dairəsi sosial problemlər çərçivəsində yekunlaşır

A.Rza bildirdi ki, bu gün sosial reklam vətəndaşların əhval-ruhiyyəsinə güclü təsir göstərən səmərəli alət olaraq bir çox zəruri dəyərlərlə yanaşı, demokratik cəmiyyətin formalaşması üçün tələb olunan kütləvi humanist təfəkkürün bərqərar olmasında vacib olan sosial dəyərlərin aşılanması üçün təsiredici bir vasitədir: “Respublikamız zəruri islahatları həyata keçirməklə Avropa Sosial Xartiyasına qoşulmaq niyyətindədir. Azərbaycanın Avropa Sosial Xartiyasına qoşulması əksər ölkələrin təcrübəsində olduğu kimi ilk dövrlərdə iqtisadi və sosial problemlərlə müşahidə oluna bilər. Buna görə də respublikada yüksək səviyyəli sosial xidmətlərin təşkili qarşıda duran əsas vəzifələrdən biridir. Yüksək səviyyəli sosial xidmətlərin təşkili Azərbaycanın gələcəkdə Avropaya daha sıx inteqrasiyasına böyük imkanlar yaradır. Baxmayaraq ki, istehsalçı şirkətlərin marketoloqları sosial media istifadəsi ilə bağlı çox optimistdirlər, ənənəvi marketinq xidmətləri (reklam, PR və s.) göstərən şirkətlər isə bu yeniliyə bir az skeptik yanaşırlar və hələ də sosial media vasitələrindən sadəcə məlumat yerləşdirmək üçün istifadəni düşünürlər, marketinq mütəxəssislərinin böyük hissəsi, xüsusi ilə ABŞ-da sosial medianın beş ildən sonra marketinqin ayrılmaz bir hissəsi olacağına inanırlar.

Digər bir nümunə kimi 14 sentyabr 2009-cu ildə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən kütləvi informasiya vasitələri arasında ən yaxşı sosial reklam üzrə elan edilən müsabiqədə reklam istehsalçıları, dövlət qurumları və əhali arasında dialoq yaratmağa cəhd edilməsi faktını qeyd etmək olar. Təqdirəlayiq haldır ki, ilk dəfə olaraq Azərbaycanda sosial reklamların qiymətləndirilməsi üzrə geniş tərkibli səlahiyyətli şəxslərdən ibarət (DSMF-nin aparıcı mütəxəssisləri də daxil olmaqla) komissiyanın yaradılması təcrübəsi həyata keçirilib”.

A.Rza qeyd etdi ki, sosial çarxlar əsasən sosial problemləri əhatə etdiyindən onun təsiretmə dairəsi məhz sosial problemlər çərçivəsində yekunlaşır: “Problem həll olunur, vəssəlam, bu haqda artıq ancaq hesabat vermək olar”.

Aygün Asimqızı 

http://kaspi.az/news.php?id=27633

Share to Odnoklassniki