Panik pozuntu ilə hipertoniya arasında olan əlaqənin araşdırılması

85502-81387

Bu məqalədə panik pozuntusu olan şəxslərdə yaranan somatik simptomların xəstələrdə yaratdığı təşviş araşdırılmışdır. Panik pozuntusu olan insanlarda  kəskin ölüm qorxusu, infarktla bağlı narahatlıqlar, özünənəzarəti itirmə və dəli olma qorxusu mövcuddur. Təşviş əlamətləri adlanan  bu simptomlarla yanaşı, insanda baş gicəllənməsi, ürəkgetmə və buna uyğun hissin yaranması, asfiksiya (boğulma hissi), nəfəs darlığı, tənəffüs çətinliyi, taxikardiya (ürək döyüntülərinin artması), sinədə ağrı hissi, mədə bulanması, epiqastral nahiyədə ağrı (qarın ağrısı), tərləmə, titrəmə, keyimə hissi kimi orqanik simptomların bir qismi panik atakla yanaşı qeyd olunur. Bu tip insanlarda qeyd edilən əlamətlərlə paralel bir çox mütəxəssislərin qeyd etmədiyi hipertoniya da müşahidə olunur.

Panik atak zamanı damarlarda daralma və ürək ritmlərində sürət artdığı üçün qan təzyiqində artım qeydə alınır. Yüksəlib, azalan təzyiq “oynayan təzyiq” şəklində özünü büruzə verir. Artan hipertoniyaya görə yanlış olaraq hipertoniya diaqnozu qoyulur və bununla bağlı medikamentoz terapiya tətbiq olunur. Bu yanaşma panik pozuntu diaqnozu dəqiqləşmiş xəstələrdə mövcud olan təşviş halının daha da artmasına səbəb olur. Panik pozuntu diaqnozu qoyulmuş xəstə hipertoniya xəstəsi olduğunu düşünərək somatik simptomlara köklənir və davamlı olaraq təzyiqinin qalxacağı, bilavasitə beyin qansızması keçirəcəyi narahatlığıyla həyat tərzində neqativ hallar yaşayır. Bu araşdırmada panik pozuntu ilə komorbid (yanaşı) müşahidə olunan artan təzyiq və onun insanın həyat fəaliyyətinə göstədiyi təsir öz əksini tapacaqdır.

Giriş

Panik pozuntu zamanı yaşanan somatik simptomlar, insanın bütün düşüncəsini öz orqanizminə yönəltməsinə səbəb olur. Pasiyent xüsusilə, infarkt və ya artan təzyiqlə bağlı beyin qanaxması keçirəcəyi ilə bağlı narahatlıqlar keçirir.

Qan təzyiqi, tənəffüs sistemi, mədə-bağırsaq problemləri səbəbiylə mütəmadi ortaya çıxan narahatlıqlardan dolayı mütəxəssislərə müraciət olunur. Bu zaman aparılan müayinə və analizlərdə simptomların səbəbini açıqlayacaq hər hansı orqanik əlamətlər qeydə alınmır. Xəstə bilavasitə psixiatra, yaxud psixoloqa yönəldilir.

Psixiatra yönləndirilən xəstəyə, psixiatrik dəyərləndirmədən sonra panik atak diaqnozu qoyulur. Panik pozuntu diaqnozu qoyulmuş xəstəyə əsasən antidepressant və ehtiyac olarsa anksiolitik  preparatlar təyin olunur. Panik pozuntuda tətbiq olunan terapiya üsulları üzrə aparılan tezis araşdırmaya görə “Panik pozuntu diaqnozu qoyulmuş xəstələrdə tətbiq olunan terapiya üsulları və Psixoterapiya tətbiqi nisbətinin dəyərləndirilməsi”nə əsasən xəstəliyin korreksiyası zamanı koqnitiv və bihevioral terapiyadan çox az istifadə olunduğu ortaya çıxmışdır.

Psixoterapiya tətbiq olunmayan müalicə yanaşması zamanı xəstəliyini tam mənada tanımayan xəstədə, somatik əlamətlərdən qaynaqlanan təşviş vəziyyəti, panik atak tutmalarını artırır. Nəticədə panik atak, təşviş pozuntusu, agorofobiya və somatik simptomları yaşayan xəstədə həyat keyfiyyəti pozulur. Ona görə panik atak pozuntusu zamanı psixoterapiya bir şərt kimi irəli sürülür.

Diaqnoz qoyulmuş xəstələrdə yaşanan somatik əlamətlərdə, xəstələr tərəfindən beyin qanaxması keçirəcəyinə aid narahatlıq onların həyatına mənfi təsir göstərir. Xəstələr əsasən bu tip narahatlıqları ifadə etmir, bu da nəticədə dəstək almaqla bağlı fərqindəlik yaratmır. Panik pozuntu diaqnozu qoyulmuş xəstələrə hipertoniya xəstəsi olmadıqları; panik vəziyyətdə artan təzyiqin, pozuntu ilə bağlı keçici vəziyyət olduğu başa salınmalı və terapiyanın əsas məqsədi hesab olunmalıdır.

Panik sözünün mənası

Dilimizdə panik pozuntu əsasən panik atak olaraq adlandırılır. Bu iki anlayış xəstəliyin davam edən və əlavə simptomlarına görə fərqlənməsinə baxmayaraq, ümumi mənada insanlar tərəfindən panik atak olaraq ifadə olunur. Bu diaqnozu bir çox mütəxəssislər də eyni şəkildə adlandırırlar. “Panik” sözü yunan mifologiyasında “panikos=pan”dan yaranmışdır. Qədim yunan mifologiyasında “panikos” ölümlü yeganə tanrıdır. Bu mifoloji əfsanə türk tədqiqatçısı Behçet Necatigilin “100 sualda mifologiya” əsərində qeyd olunmuşdur: ” Pan dağlıq Arkadiada kiçikbuynuzlu heyvanların, çobanların tanrısıdır. Keçi ayaqlı Pan, Hermesin oğludur. Tanrıların, insan vücudunda deyil, heyvan görünüşündə düşünüldüyü ilk vaxtlarda Pan da keçi başlıydı, sonradan keçi başında sadəcə buynuzlar və saqqalı qalaraq insan üzü yarandı.” Azra Erhat isə mifologiya lüğətində Panı belə təsvir edir: “Pan, çoban qavalını sevir, gözəl nimphaların ardına düşərdi. İnsanların, heyvanların yatdığı qızğın, tənha yay aylarında günorta vaxtı anidən gözlənilməyən səs çıxarır, hər tərəfə `panik` qorxular saçardı. Maraton döyüşlərində perslərə bu tərzdə panik yaşatdığı üçün, Afinalılar müharibədən sonra tanrı Pana Akrapolis ətəyində sığınacaq düzəltdilər. Pan sözü yunan dilində `bütün, tam` mənasını ifadə etdiyinə görə mistiklər, daha sonralar Panı hər şeyi edən tanrı pilləsinə ucaltdılar”.

Panik pozuntu

Hazırda panik pozuntu, panik atak olaraq adlandırılır. Bu iki anlayış bir-birindən tamamilə fərqlənir. Panik atak, sadəcə panik atakların olduğu diaqnozdur. Panik pozuntu isə panik ataklarla yanaşı təşvişli-nevrotik pozuntu diaqnozudur. Təşvişli-nevrotik pozuntu, yeni bir panik atak gözləntisi və narahatlığı ilə panik atak yaşamaqdır. Panik pozuntu, panik ataka nisbətdə reabilitasiya müddəti daha uzun və daha xroniki olan patologiyadır. Panik atakda nevrotik təşviş yoxdur. Panik pozuntu, anidən ortaya çıxan, qəfil partlayışlarla özünü göstərir. Xəstənin növbəti ataklarla bağlı nevrotik təşviş yaşayıb agorofobiyaya (müdafiə mexanizmi-qaçış davranışı) şərait yaratdığı müşahidə olunan pozuntudur. Ümumdünya Sağlamlıq Təşkilatının apardığı beynəlxalq tədqiqatda (İCQ-10 a əsasən) panik pozuntunun ilk ambulator müayinəyə müraciət edən xəstələr arasında bu narahatlığın həyat boyu prevalansı 3.4% nisbətində ortaya çıxmışdır (Wiley, 1995). Panik pozuntu olan xəstələr, əsasən daxili cərrahiyyə və kardiologiya kimi klinikalara tez-tez müraciət edirlər. Kardioloji problemlə bağlı mütəxəssislərə müraciət edən xəstələrin 16 %-i, hiperventilyasiya şikayətləriylə xəstəxanaya müraciət edənlərin təxminən 35%-nə panik pozuntu diaqnozu qoyulduğu ortaya çıxmışdır (Dunitz, 1999).

Panik pozuntu daha çox 17-30 yaş arası ortaya çıxır. 45 yaşdan sonra görülmə tezliyi azalmağa başlayır. 45 yaşdan sonra xəstələrdə daha çox orqanik narahatlıq panik atakı ortaya çıxarır. Belə bir vəziyyət psixiatr tərəfindən qiymətləndirilir. Panik pozuntu kişilərə nisbətən qadınlarda daha çox ortaya çıxır.

Panik atakların yaranması ilə bağlı müxtəliflik səbəblər göstərilir. Situativ simptom olmadan yaranan panik atak, “gözlənilməz” panik atakdır. Buna bəlli bir vəziyyətə məruz qalmaqla ortaya çıxan “situativ uyğunlaşan” panik atak da deyilir. Digər panik atak tipi isə situativ təkan verici ilə qarşılaşmadan sonra ortaya çıxan “situativ” panik atakdır.

Panik pozuntunun əlamətləri

Panik pozuntunun əlamətlərinin iki formada təsnifatlaşdıra bilərik:

Fiziki simptomlar:

  1. Taxikardiya (ürək döyüntüsünün artması), ürək ritminin hiss edilməsi və yüksək rəqəmlərə qədər çatması
  2. Sinədə ağırlıq hissi
  3. Nəfəs darlığı
  4. Sinədə ağrı hissi
  5. Asfiksiya (boğulma)
  6. Baş gicəllənməsi və yıxılacaqmış kimi olmaq, bədəndə tarazlığın pozulması
  7. Gözün qaralması
  8. Hipertoniya
  9. Bədən temperaturunun aşağı düşməsi və ya yüksəlməsi, xüsusilə qulaq və yanaqda istilik hissi
  10. Bədəndə həddindən artıq titrəmə
  11. Mədəyə nəyinsə çökdüyü hissi
  12. Ovuclarda tərləmə
  13. Bulantı və ya ishal
  14. Ağızda quruluq
  15. Boğazda düyün hissi (isterik düyün)
  16. Qeyri-real hisslərə aludə olma
  17. Konsentrasiyada pozulma və aydın düşünməmək
  18. Qismən iflic olma hissi

 

Panik pozuntunun ruhi simptomları (əsas qorxu ölüm qorxusudur) aşağıdakı hisslər şəklində təsnifat olunur:

  1. Ölürəm
  2. İnfarkt keçirirəm
  3. Dəli oluram
  4. Özümənəzarəti itirirəm
  5. Nəfəs ala bilməyəcəm və öləcəm
  6. İflic oluram
  7. Təzyiqim çox artdı, beyin qanaxması keçirəcəm
  8. Nəbz vurğusu dəqiqədə 80/60, ürək döyüntüsü səbəbiylə qorxu yaşama
  9. Hipertoniya xəstəsi və ya ürək xəstəsi olduğunu düşünmə

 

Agorofobiya

Aparılan bəzi tədqiqatlarda agorofobiyanın panik ataklarla birlikdə müşahidə olunduğu irəli sürülür. Hazırki psixiatik diaqnoz kriteriyaları isə agorofobiya olmadan da panik atakın olduğunu göstərir.

Panik pozuntu diaqnozu qoyulan xəstələrin əksəriyyətində qaçma davranışları (müdafiə mexanizmi) müşahidə olunur. Panik atak zamanı fərd qaçmağın mümkün olmayacağı və ya kömək etməyin qeyri-mümkün olduğu yerlərdən uzaqlaşır. Agorofobiyası olan xəstələrin uzaqlaşdığı vəziyyətlər bu şəkildə göstərilir: metro, tramvay, körpü, gəmi, tıxacda qalmaq, təyyarə ilə səyahət, uzun müddətli avtobus gəzintisi, salona getmək, xəstəxanaya getmək, təzyiq ölçdürmək, insanlarla dolu küçələrdən uzaqlaşma kimi qaçma davranışları sərgiləyirlər.

Bəzi insanlar üçün agorofobiya çox zəif əlamətdir; məsələn, yalnız təyyarə ilə səyahət edərkən panik atak yaşamaqdan qorxa bilərlər; bəzilərində isə qaçma davranışı kimi özünü göstərə bilər. Müəyyən qrup xəstələrdə isə agorofobiya çox ağır yaşanılır, şəxs evdən çıxmağa belə risk etmir. Panik pozuntusu olan insanların əksəriyyəti bu iki vəziyyətin qarşılığını yaşayırlar.

Panik atak diaqnozu qoyulmuş xəstələrdə agorofobiya 50-70% arasında dəyişir. DEPAMın 5000 şəxs arasında apardığı tədqiqatda panik pozuntu xəstələrin 65%-də qeydə alınmışdır (2010)

DSM-IV üzrə agorofobiya diaqnoz kriteriyaları:

  1. Gözlənilməyən və situativ görünən panik atak və ya panik vəziyyətə oxşar əlamətlərin ortaya çıxmasıyla, kömək olunmayacağı və ya qaçmağın çətin olacağı (narahatlıq yaradacağı) yerlərdə və ya vəziyyətlərdə olmaqdan dolayı təşviş keçirmək. Agorofobik qorxular arasında; tək evdən uzaqlaşmaq, insanlar çox olan mühitdə olmaq və ya növbədə gözləmək, körpünün üstündə olmaq və ya maşın, qatarla səyahətə çıxmaq
  2. Bu vəziyyətdən qaçır, panik atak yaxud panikaya bənzər simptomların ortaya çıxacağı düşüncəsi ilə və ya narahatlığı ilə bu vəziyyətə dözür, yanında kiminsə olmasına ehtiyac duyur.
  3. Bu narahatlıq və ya fobik uzaqlaşma sosial fobiya (utancaqlıq qorxusuyla sosial mühitdən uzaqlaşma), spesifik fobiya (lift kimi qapalı sahələrdə narahatlıq keçirmə), obsessiv-kompulsiv pozuntu (xəstəliyə yoluxa bilmə səbəbiylə natəmizlikdən qaçma), postravmatik stress pozuntusu (ağır stress yaşadıqdan sonra stress faktorlardan qaçma) və ya generalizə olunmuş təşviş pozuntusu (evdən və ya qohumlardan kimisə itirməkdən qorxma) və s.

Panik atak ilə Agorofobiyanın əlaqəsi

Bu əlaqə haqqında bir çox tədqiqatlar aparılmışdır. Panik pozuntuda agorofobiya müşahidə olunursa, tətbiq olunan terapiya daha uzun müddəti əhatə edir və çətin olur. Aparılan bir çox araşdırmaya görə: psixoloji konsultasiya vasitəsilə panik atakla yanaşı agorofobiya olmayanlar daha qısa müddətə sağalırlar.

Yunan sözü olan agorofobiya mərkəzi və ya yığılmış məhsul mənasını ifadə edən “agora” sözündən götürülmüşdür. Agorofobiya, illərlə insan tərəfindən baxımsız qalan açıq sahə olaraq qeyd olunmuşdur. Sonralar bu təyinatın klinik olaraq yanlış olduğu müəyyənləşdirilmişdir. Karl Marks, agorofobiyanı izdiham olan sahələrdən qorxma kimi ifadə etmişdir. O, agorofobiyanı xarici təkan vericilərə qarşı, fobik xəstəlik olaraq qeyd etmişdir (K.Marks, 1970; 538-553).

“Klinik müşahidələr, agorofobiyanın izdihamlı sahələrdə olmaqdan qorxu kimi, psixoloji təhlükəsizliyi təmin edən, öyrənilmiş mühit və insanlardan uzaq olmaqdan qorxunu da əhatə etdiyini ortaya qoyur. Həqiqətən də agorofobiklərin asanlıqla “təhlükəsiz sahələrə” (ev, öyrəşdiyi mühit) çəkilmələrinin mümkün olmadığı vəziyyətlərdən qorxma fəaliyyətləri diqqət çəkir”.

Təşvişli-nevrotik pozuntu

İlk panik atakdan sonra xəstəxanaya yerləşdirilən insan bir müddət gərgin və narahat olur. Pasiyent eyni zamanda yeni atak gələcəyi narahatlığı içində gərginlik yaşayır. Bu narahat gözləntiyə, “təşvişli-nevrotik pozuntu” deyilir. Pasiyent atakdan sonra ortaya çıxacaq nəticələr haqqında çox yüksək narahatlıq yaşayır. Problem nəticəsində yaranan narahatlıq, gərginlik, sıxıntı və yeni panik qorxu; xəstədə panik atakın təkrarlanma riskini ortaya çıxarır.

Təşvişli-nevrotik pozuntunun 3 mərhələsi var:

  1. Yeni bir panik atak keçirəcəyi ilə bağlı narahatlıq, yüksək neqativ düşüncələr
  2. Yenə panik atak keçirəcəm, yenə müdafiəsiz qalacam
  3. Qorxulu gözləmə fəaliyyətindən dolayı orqanik simptomlara fokuslanma

 

Epidemiologiya

Panik pozuntunun yaşam müddətində yayılması 0.7-2.0% olaraq qeyd olunur. (1997) Panik pozuntu 18-25 yaş arasında ortaya çıxmaqla yanaşı daha sonrakı mərhələlərdə də başlaya bilər .

Qadınlarda kişilərə nisbətdə panik atak 2-3 dəfə daha çox rast gəlinir. (2011) Aparılan bəzi tədqiqatlara əsasən panik pozuntu xəstəsi uşaq və yeniyetmələrin 18%-də 10 yaşından əvvəl simptomların ortaya çıxdığı müşahidə edilmişdir. (2005) 10-17 yaş arasında olan yeniyetmələrlə aparılan nümunələrlə aparılan araşdırmada isə panik pozuntusunun yayılması 0.6% olaraq dəyərləndirilmişdir (2007)

Komorbid diaqnoz

Yanaşı görülən psixopatologiyalar

Panik pozuntu, digər psixiatrik narahatlıqlarla birlikdə mütəmadi olaraq müşahidə olunur. Digər təşviş pozuntuları, fobiyalar və depressiya, populyasiyaya görə panik pozuntu xəstələrində daha çox görünür (2007).

Panik pozuntuda depressiya (50-65%), yayılmış təşviş pozuntu (25%), sosial fobiya (15-30%), spesifik fobiya (10-20%), panik pozuntudakı atakların anidən ortaya çıxması, digər xəstəliklərdə olan simptomların olmaması, panik pozuntunu digər psixiatrik narahatlıqlardan ayırır (2012).

Etiologiya

Psixoanalitik

Psixoanalitik anlayışlarda, panik atakların təşvişə təkan verici impulslardan, uğursuz müdafiədən dolayı ortaya çıxdığı iddia edilir. Agorofobiyanın ortaya çıxmasında uşaqlıq mərhələsində yaşanan valideyn itkisi və ayrılıq probleminin əhəmiyyəti qeyd edilir. Sosial həyat daxilində tək qalmaq və tərkolunma narahatlığı, uşaqlıq narahatlıqlarının yenidən ortaya çıxmasına yol açır. Uşaqlıq mərhələsi ayrılıq təşvişin yenidən ortaya çıxmasına, yer dəyişdirmə, qaçma kimi bəzi müdafiə mexanizmlərinin fəaliyyətə keçməsinə səbəb olur. Uşaqlıq mərhələsində yaşanılan ayrılıq zaman keçdikcə uşağın inkişaf edən sinir sisteminə təsir göstərir. İnkişaf mərhələsində təsirlənən sinir sistemi, yetkin şəxslərdə təşvişi daha üst səviyyəyə  gətirir. Neyrofizioloji səbəbdən, ətraf faktorlar və stress nəticəsində panik atak ortaya çıxa bilər (2004).

Bioloji faktorlar

Panik pozuntunun bioloji təsiri ilə bağlı aparılan tədqiqatlarda, limbik sistem (təşvişli-nevrotik pozuntu üzərində təsiri olduğu qeyd olunmaqla), beyin kötüyü (locus seruleus noradrenergik neyronlar və orta raphe nüvəsinin serotonergik neyronları), prefrontal kortex (fobik qaçmanın ortaya çıxmasından yaranan məsuliyyət) üzərinə köklənmişdir (2004). Bu tədqiqatın nəticələri göstərmişdir ki, panik pozuntuda bioloji səbəblər son dərəcə vacibdir.

Genetik faktorlar

Müxtəlif araşdırmaların nəticəsi olaraq panik pozuntunun yaranmasında genetik faktorların əsas təşkil etdiyi, genetikanın qarşılıqlı təsiri nəticəsində ortaya çıxdığı qeyd olunur. Əkizlər üzərində aparılan tədqiqatda panik pozuntunun proqressivləşməsində genetik faktorların rolu xüsusilə qeyd olunur (1997).

Bir ailə üzərində aparılan eksperimentdə 4 uşaqdan üçünün müəyyən yaş mərhələlərində panik atak yaşadığı ortaya çıxır. İki uşaqda təxminən 18 yaşda panik atak başlanması qeyd olunur. Uşaqlardan birində panik pozuntuyla agorofobiya, digərində isə sadəcə agorofobiyasız panik atak yaşandığı göstərilib. Digər uşağın isə panik atakı 38 yaşında, daha gec başlanmışdır. Valideynlər üzərində aparılan qiymətləndirmə nəticəsində ananın ümumi təşviş pozuntusu yaşadığı ortaya çıxmışdır. Bu qısa ailə tədqiqatı belə, panik pozuntuda genetik faktorun əhəmiyyətini ortaya çıxarır.

Öyrənmə qaydaları

İnsan həyatında öyrənmə, həyatın özüdür: yaşadığı təcrübə və məlumatların nəticəsidir. Bəzən müsbət öyrənmələrin əksi olan mənfi öyrənmələrin yaratdığı yanlış stimullaşdırıcılar, panik pozuntu xəstələrinin atak yaşamasına gətirib çıxara bilər. Panik pozuntunun yaşatdığı yanlış stimullaşdırıcılarla mənfi düşüncə və duyğuların təsiri altına düşərik.

Öyrənilmiş çarəsizlik, panik pozuntuların terapiyası zamanı böyük bir maneədir. Aparılan təcrübələrə əsaslanaraq onu qeyd etmək olar ki, insandakı panik pozuntuların, depressiyaların, fobik və obsessiv-kompulsiv pozuntuların kökündə öyrənilmiş çarəsizlik vəziyyəti dayanır. Panik pozuntuda mövcud olan öyrənilmiş çarəsizlik xəstənin davamlı narahatlıq və qorxu yaşamasına səbəb olur. Xəstə, bu çarəsizliyin fərqində olmaya bilər. Əsas diqqət pasiyentdə düşdüyü duruma qarşı fərqindəlik yaratmağa yönlənməlidir.

Koqnitiv model

Koqnitiv anlayışa əsasən; pozuntuda əsas açar ifrat mənfi senarilərdir. Yaşanan ilk panik atakdan sonra xəstələr, koqnitiv reaksiyalar verir. Mütəxəssislər qeyd edirlər ki, panik pozuntuda yaşanılan somatik simptomların ifrat mənfi formada şərh olunması (məsələn, ürək döyüntüsünü infarkt olaraq şərhləndirmək) panik atakı ortaya çıxarır (2012).

Panik pozuntuda koqnitiv reaksiyalar xüsusi çərçivə yaradır. Bu çərçivə xəstəni daha da narahat vəziyyətə gətirib çıxarır və yeni panik atak keçirməsinə səbəb olur.

Erkən həyat hadisələri

Panik pozuntu haqqındakı tədqiqatlarda erkən həyat mərhələlərində valideyn itkisi, cinsi təcavüz, mənfi fiziki davranışlar kimi hadisələrin təsir göstərdiyi müəyyənləşdirilmişdir. Araşdırmalardan birində, panik pozuntu diaqnozu qoyulan xəstələrdə 8%-nin cinsi, 12%-nin fiziki olaraq neqativ davranıldığı ortaya çıxmışdır (Breier, 1985)

Ayrılıq təşvişi (generalizə olunmuş təşviş pozuntusu)

Panik pozuntu xəstəliyin yaranmasında, uşaqlıq mərhələsində yaşanan ayrılıq təşvişinin təsir göstərdiyi irəli sürülür. Panik pozuntu diaqnozu almış xəstələr üzərində aparılan bəzi işlərdə, uşaqlıq mərhələsi ayrılıq həyəcanı yaşadıqları ortaya çıxmışdır (2007).

Stressli həyat hadisələri

Panik pozuntu diaqnozu almış xəstələr üzərində aparılan müəyyən qrup tədqiqatların nəticəsində, panik pozuntu başlanğıc mərhələdə xəstələrin stressli mühitlərdə olduğu ortaya çıxmışdır. Bu stressli həyat hadisələri, xəstəliyin başlamasına zəmin yaradır.

Bunlardan birində xəstələrin təxminən 2/3-də, xəstəlik başlamadan öncəki 6 ay müddətində stressli vəziyyətlər yaşadıqları ortaya çıxmışdır (Breier, 1985). İşin nəticəsinə görə; görülən stressli həyat hadisələri, yaxın birinin itkisi (17%), iş həyatı ilə bağlı problemlər (17%), sevdiyi insandan ayrılma (14%) kimi nəticələr çıxmışdır (2014). Neqativ stressli həyat hadisələri, yaranacaq panik pozuntu üçün psixoloji və neyrobioloji əsasdır (2001). İnsan üçün mövcud problemlər, çox işləmək və ya gündəlik ortaya çıxan problemlər; xəstənin panik atakını stimullaşdıra bilər. Bu nəticə gündəlik mənfi vəziyyətlərdən qaçma fəaliyyətinin ortaya çıxmasına səbəb olur. Bu qaçma davranışı agorofobiyadan fərqlidir. Bu davranışlar daha çox “zərər görməkdən qaçma” fəaliyyəti olaraq diqqətə alınır (2004).

Genetik faktor və stressli vəziyyətlərin yaşanması nəticəsində panik pozuntu diaqnozu almış xəstələrin təşviş, depressiya və somatizasiya kimi komorbid diaqnozların müşahidə tezliyi yüksəkdir (2001).

İnkişaf qaydası

Psixiatr və psixoanalitik John Bowlby təşvişli-nevrotik pozuntunun diaqnozu üçün daxili instinktlərin əhəmiyyətini vurğulayır. O, ən vacib instinktin bağlılıq olduğunu bildirmişdir. Bağlılıq və itirmə vəziyyəti, təşvişi ortaya çıxarır. Təşviş, qorxunun da daxilində olan qarışıq vəziyyətdir.

Xəstəliyin gedişatı

Panik pozuntuda xəstəliyin gedişatı xəstənin terapiyaya uyğunlaşması, medikamentoz və psixoterapiya seçimi, digər alternativ terapiya seçimlərindən faydalanması şəklində insandan-insana dəyişir. Panik pozuntuda başlanğıc yaş əsasən 16-25 arası olmaqla yanaşı daha sonrakı yaş mərhələlərində də ortaya çıxa bilir. 45 yaş ilə uşaqlıq mərhələsində ortaya çıxması nadir hallarda olur. Panik pozuntu təkrarlana bilən və daimi olan psixiatrik narahatlıqdır. Aparılan tədqiqatda, təxminən iki il arası 25-72% arasında remissiya, beş on il arasında 10-30% intermissiya olduğu müəyyənləşmişdir.

Əgər pasiyentdə panik pozuntu ilə yanaşı agorofobiya müşahidə olunursa, o zaman xəstəlik daha şiddətli və müalicəsi daha uzun müddəti əhatə edir. Agorofobiyadan dolayı müşahidə olunan müdafiə mexanimzləri, terapiyanın müdaxiləsi ilə müddətlə azalsa da panik atak davam edir. Panik pozuntu ilə yanaşı ekvivalent diaqnozlu depressiyada da, xəstəlik daha uzun müddət davam edir, təşvişlə birlikdə kəskin simptomlar, daha çox müşahidə olunan fobik qaçmalar və panik ataklar keçirdiyi qeydə alınmışdır (Noyes, 1990).

Panik pozuntuda həyat keyfiyyəti pozulur. Xəstələr düşüncə, duyğu və davranışlarda bir çox mənfi hallarla qarşı-qarşıya dayanır. Bu neqativ düşüncələr xəstənin maliyyə vəziyyətinə, iş həyatına, ailə münasibətlərinə təsir göstərməklə yanaşı xəstənin sosial funksionallığını da pozur.

Panik pozuntu diaqnozu qoyulmuş xəstələr, somatik simptomlara görə səhhəti ilə bağlı son dərəcə ciddi narahatlıqlarla qarşılaşırlar. Panik əsnasında artan təzyiqlə bağlı beyin qanaxması keçirəcəyi narahatlığı və gənc yaşda hipertoniya xəstəsi, ürək xəstəsi olduğunu və ya hər an infarkt nəticəsində öləcəyi həyəcanını yaşayır.

Xəstəliyin terapiyasından sonra böyük miqyasda sağalma təmin olmaqla yanaşı nəzərə alınmalıdır ki, həyatın sonrakı mərhələlərində panik pozuntunun yenilənməsi ehtimalı mümkündür. Hətta bəzi xəstələrdə ömür boyu preparat istifadəsi də ola bilər.

Fərqləndirici diaqnoz

Xəstələrə panik pozuntu diaqnozu qoyulmazdan əvvəl mütləq şəkildə fərqləndirici diaqnoz qoyulması son dərəcə vacibdir. Son illərdə aparılan araşdırmalar göstərir ki, bir çox xəstədə orqanik narahatlıqların nəticəsində panik atak yaranır. Panik pozuntu aşağıdakı göstərilən bəzi orqanik və ruhi xəstəliklərlə qarşılaşdırılır:

Fiziki xəstəliklər:

  • Abstensiya sindromu (alkoqol, benzodiazepin)
  • İntoksikasiya (alkoqol, benzodiazepin, amfetamin, kofein, kokain)
  • Menopauza
  • Anemiya

Endokrin xəstəliklər:

  • Hipertiroid
  • Hipoglisemiya
  • Feokromositoma
  • Hipoparatiroid
  • Cushing xəstəliyi
  • Ürək xəstəlikləri:
  • Paroksismal supraventrikulyar taxikardiya
  • Angine pektoris
  • Mitral valv prolapsusu

Ağciyər xəstəlikləri:

  • Bronxial asma
  • Pulmoner emboliya
  • Xroniki obstruktiv ağciyər xəstəliyi
  • Nevroloji xəstəliklər:
  • Keçici iskemik atak
  • Parsiyal kompleks tutmalar
  • Migren

Panik ataka səbəb olan psixiatrik pozuntular:

  1. Depressiya
  2. Agorofobiya
  3. Generalizə olunmuş təşviş pozuntusu
  4. Obsessiv-kompulsiv pozuntu (OCD)
  5. Sosial fobiya
  6. Alkoqol-maddə istifadəsi pozuntuları
  7. Posttravmatik stress pozuntusu
  8. Manik-depressiv pozuntu (Bipolyar pozuntu)
  9. Bəzi şizofreniya xəstələri
  10. Somotoform pozuntular
  11. İpoxondriya

Panik Pozuntunun Terapiyası

Bu diaqnoz qoyulmuş xəstələrin yaşadıqları panik atakların somatik simptomları insan üçün dözə bilmədiyi narahatlığa səbəb olmaqla yanaşı həyat keyfiyyətlərinə də təsir göstərir.

Panik pozuntu hazırda terapiyası çox asan aparılan psixiatrik narahatlıqdır. Terapiya üsulu həkimin müşahidə və xəstənin terapiya müddətinə adaptasiyası ilə birlikdə tam korreksiya olunana qədər davam edir. Aşağıda panik pozuntuda istifadə olunan terapiya üsulları göstərilmişdir:

Psixoterapiyalar: Psixoterapiyanın geniş ifadə olunan mənası düşüncə, duyğu və davranışları, mütəxəssis-pasiyentin ortaq işbirliyini quraraq dəyişdirmə və reabilitasiya kimi dəyərləndirilə bilər. Pasiyentə mütəxəssis tərəfindən diaqnozunun qoyulması və ruhi vəziyyətini dəyərləndirərək psixoanalitik, koqnitiv, bihevioral və humanistik yanaşmalar olmaqla müxtəlif terapiyalar tətbiq olunur. Ümumiyyətlə, panik və digər təşviş pozuntuları üçün koqnitiv-bihevioral terapiyanın təsiri elmi cəhətdən sübut olunmuşdur. Bu yanaşmanın panik pozuntuda medikamentoz terapiyasına əlavə olaraq istifadə olunduğu və nəticədə uğurlu reabilitasiya planı alındığı ortaya çıxmışdır. Panik pozuntuda psixoterapiya, xüsusilə koqnitiv-bihevioral yanaşmanın medikamentoz terapiyaya əlavə olması reabilitasiya müddətini qısaldır və qalıcı nəticələr əldə etmək üçün son dərəcə böyük əhəmiyyət kəsb edir.

Panik pozuntunun terapiyasında, psixoterapiyanın əhəmiyyətini aşağıdakı formada vurğulaya bilərik: beyninizi komputer olaraq düşünün və bu komputeri istifadə etmək üçün klaviaturaya ehtiyac var. Klaviaturada hansı düyməyə basılsa, cihaz həmin funksiyanı yerinə yetirəcək. Psixoterapevt burada klaviaturadakı panik düyməsinin əhəmiyyətini xəstəyə göstərərək bu düymənin beyin üzərindəki təsirindən danışır. Mənfi düşüncə; mənfi duyğunu yaradır, yaranan mənfi düşüncə və duyğu somatik simptomları ortaya çıxarır. Beləliklə proses panik atakla nəticələnir. Panik pozuntunun terapiyasında istifadə olunan psixoterapiya klaviaturasında panik düyməsinə basılaraq edilən yanlış fəaliyyətin nəticələri; mənfi düşüncələri, duyğuları və davranışları korreksiya etməyə yönəlir. Beyninizi komputer olaraq düşünsəniz, psixoterapiya: klaviatura düymələri, funksiyaları öyrətməyi və tətbiq etməyi məqsədə çevirər.

Digər alternativ terapiyalar:

Panik pozuntunun terapiyasında dərman və psixoterapiyadan başqa bəzi alternativ terapiyalar da istifadə olunur. Bu terapiya üsulları hər xəsətəyə uyğun olmaya bilər. Alternativ terapiyalar bunlardır: akapunktur, eft, TMS, yoga-meditasiya, NLP.

Panik pozuntu və hipertoniya

Panik pozuntu olan xəstələrdə əsasən hipertoniya göstəriciləri yüksəkdir. Damarlarda daralma və ürək ritminin artması səbəbindən təzyiq artır. Artıb-azalan təzyiq panik pozuntunun əlaməti ola bilər. Bu artıb-azalan təzyiqə görə pasiyentə yanlış olaraq hipertoniya diaqnozu qoyulur və təzyiqi aşağı salan dərman terapiyasına başlanır.

Panik pozuntu ilə birlikdə müşahidə olunan Hipertoniyanın müalicəsi

Hipertoniya panik pozuntunun terapiyasıyla birlikdə düzəlir. Xüsusilə, panik atak əsnasında yaşanan stress və təşviş vəziyyəti səbəbindən qan təzyiqi yüksəlir. Panik əsnasında artan hipertoniya üçün əsasən panik pozuntunun müalicəsinə əlavə kömək edən dərman qrupu beta-blokatorlar verilir. Xüsusilə, panik pozuntu ilə müşahidə olunan hipertoniyaya fərqləndirici diaqnoz qoyulması, terapiya üçün son dərəcə vacibdir. Çünki xəstələrdə mövcud olan hipertoniyada, panik atak bənzəri əlamətlər ola bilər. Mütəxəssis tərəfindən xəstə müşahidə altına alınaraq panik atakla komorbid hipertoniyanın panik pozuntudan qaynaqlandığı qənaətinə gəlinmişdir. Evdə və xəstəxana mühitində gündəlik olaraq ölçüləcək təzyiq, mütəxəssisə diaqnoz üçün yol göstərəcək. Ümumiyyətlə, panik pozuntu diaqnozu almış xəstələrin, xəstəxana mühitində təzyiqləri həmişə yüksək olur. Ev mühitində təzyiq qiymətləri əksərən normal olur.

Nəticə:

Yaşadığımız dövr “təşviş dövrü” olaraq adlandırılır. Panik pozuntu, yaşadığımız əsrin vacib psixopatologiyasıdır. Bu xəstəlik, hazırda çox rahatlıqla müalicə olunur. Panik pozuntu yaşayan xəstələrin həyat keyfiyyətləri mənfi istiqamətdə formalaşır. Bir çox xəstə iş, məktəb, ailəvi və sosial funksionallıqlar göstərir. Panik pozuntuda mövcud olan; infarkt keçirirəm, iflic olacam kimi simptomlarla yanaşı hipertoniya xəstəsi oldum düşüncəsi də hakimdir. Bu neqativ düşüncələr digər neqativ düşüncələrlə birləşərək xəstəyə reabilitasiya müddətində maneə yaradır. Xüsusilə, xəstəyə hipertoniya diaqnozunun qoyulması, xəstənin koqnitiv fəallığını daha da artırır.

 

İstifadə olunan ədəbiyyatlar:

1.DSM IV (Diagnostic and Statistical Manual of Mental Disorders) (Nyu-York 1994, 886 səh):

  • Anxiety Disorders pg.393 (general information)
  • Panic Attack pg.394
  • Agorophobia pg.396
  • Panic disorder pg.397
  • Agorophobia without history of panik disorder pg. 403

2.Shirley Swede, Seymour Sheooard Jaffe “Panik ataklardan kurtulmanın yolları” (Nyu-York 2003, 317 səh.)

3.Ədalət Həsənov “Patoloji anatomiya” (Hipertoniya xəstəliyi) (Bakı 2003, 761 səh)

  • Etio-patogenezi səh.308
  • Patomorfologiyası səh.311
  • Klinik-morfoloji formaları səh.314

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov

elnur

Xəzər Universitetinin Psixologiya fakültəsinin tələbəsi Nərmin Quliyeva

p.s. dəyərli oxucu, məqalədən yazılı formada istifadə edərkən istinad etməyiniz xahiş olunur

Share to Odnoklassniki