“İntihar metodu olaraq isə kişilər, adətən intihar zamanı daha qəddar üsullara əl atdığı halda, qadınlar əsasən, romantik və “zərif intihar”a üstünlük verirlər”

  • Home
  • Orxan Fərəcli - Klinik psixoloq
  • “İntihar metodu olaraq isə kişilər, adətən intihar zamanı daha qəddar üsullara əl atdığı halda, qadınlar əsasən, romantik və “zərif intihar”a üstünlük verirlər”
Orxan Fərəcli

İlqar Altay: “İnsanların, maşınların çox olduğu yerlərdə intihara cəhd zamanı həm özünə qəsddən, həm də özünü isbatdan söhbət gedir ki, bu da şüurda olan mənfi təzahürlərin nəticəsidir”

Orxan Fərəcli: “İntihar metodu olaraq isə kişilər, adətən intihar zamanı daha qəddar üsullara əl atdığı halda, qadınlar əsasən, romantik və “zərif intihar”a üstünlük verirlər”

Maddi imkansızlıq daha bir gənci intihara vadar edib. Özünü körpüdən atmaq istəyən oğlan polis əməkdaşlarının və ətrafdakı insanların xahişlərindən sonra fikrindən vaz keçib. Qeyd edək ki, Bakıda “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar edəcəyini deyən Xırdalan şəhər sakini, 1990-cı il təvəllüdlü Şahmarov Şəhriyar Müqəddim oğlu körpüyə çıxaraq, özünü yerə atacağını deyib.

O, borca görə intihara cəhd etdiyini, həyatından bezdiyini söyləyib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və psixoloqlar onu bu addımından çəkindirməyə nail olublar. Ş.Şahmarov təxminən bir saata kimi davam edən əməliyyatın sonunda intihar etmək üçün çıxdığı körpüdən düşməyə razılıq verib. O, xüsusi kran vasitəsi ilə təhlükəsiz şəraitdə körpüdən endirilib. Ailə üzvləri ilə görüşən Ş.Şahmarov peşman olduğunu, lakin başqa çıxış yolunun olmadığını söyləyib.

Onu da bildirək ki, bu gəncin intihara cəhdi başqa birinin həyatı üçün təhlükə yaradıb. Belə ki, xilasetmə əməliyyatı ilə bağlı yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Bu zaman qəza baş verib. “Opel” markalı maşınla sərnişin avtobusunun toqquşması nəticəsində 55 yaşlı Fərzəliyeva Mehriban Qurbanəli qızı xəsarət alıb. O, təcili yardım vasitəsi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin yardım göstərilib, vəziyyəti yaxşıdır. Azərbaycanda intiharların günü-gündən artması artıq pik həddə çatıb. İnsanlar bir balaca dara düşən kimi intihara əl atırlar. Baxmayaraq ki, intiharın çıxış yolu olmadığı hər kəs kimi elə onların özlərinə də bəllidir. İntiharla bağlı diqqət çəkən bir məsələ də son zamanlar özünə qəsd edən insanların məhz “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüyə çıxmasıdır. Belə ki, Bakının ən cəlbedici körpüsü artıq “intihar körpüsü” adını alıb. Bu məkanda dəfələrlə intihara cəhdin olması ənənə halını alıb.

Psixoloqlar hesab edir ki, bu məkanda dəfələrlə intihara cəhdin olması insanların diqqətini problemlərin həllinə yönəltməkdir. Problemdən çıxış yolu kimi mütəxəssislər bir müddət həmin ərazidə nəzarətin artırılmasını təklif edir.

Hadisə ilə bağlı danışan kriminalist-ekspert İlqar Altay isə hesab edir ki, intihar formaları situasiyalara, dövrlərə uyğun olaraq dəyişir: “İnsanın öz canına sui-qəsdi də bir növ “dəb” xarakterlidir. Təcrübəmə əsasən deyə bilərəm ki, kriminalist işlədiyim vaxtlarda Rusiyada qadınlar adətən kislota içərək canlarına sui-qəsd edirdilər. Kişilərin əksəriyyəti isə özünü asırdı. Sonradan isə zaman keçdikcə, həyat dəyişdikcə, intiharın yolları da dəyişməyə, “inkişaf” etməyə başladı. Bir vaxtlar Bakıda Qız Qalasından özünü atmaq “moda minmişdi”. Hüquq-mühafizə orqanları tərəfindən ciddi nəzarətdən sonra artıq belə bir intiharın şahidi olmuruq. İndi də insanların ağzı körpülərə düşüb. Xüsusən də kişilərin. Bu yaxınlarda psixoloji durumu yerində olmayan bir nəfər də körpüdən özünü atmışdı. İnsanların gözü qarşısında körpüyə çıxıb intihara cəhd etmək bir növ nümayişkaranəlik yaradır. İnsanların, maşınların çox olduğu yerlərdə intihara cəhd zamanı həm özünə qəsddən, həm də özünü isbatdan söhbət gedir ki, bu da şüurda olan mənfi təzahürlərin nəticəsidir. Yəni intiharı qarşısına məqsəd qoyan elə adam var ki, ölümünün cəmiyyətdə rezonans doğurmasını istəyir. Hamı onun intiharından danışsın, bütün mətbuat, media ondan yazsın. Halbuki, o adam başa düşmür ki, onsuz da sən ölüb gedirsən, bütün bunların sənə nə xeyri…”

İ.Altayın sözlərinə görə, qadınlar arasında da özlərini dənizə atma halları çoxalıb. Bu da nümayişkaranə intihardır. İndi çox az sayda adam intihar edərkən bir ağacın kölgəsinə qısılıb özünü asır, yaxud da evində dərman içərək həyatına qəsd edir: “İntiharların ictimai yerlərdə daha çox yayıldığını nəzərə alsaq hüquq-mühafizə orqanları bunun qarşısını asanlıqla ala bilər.

Hələ əvvəldən Azərbaycanda körpülərin altında mühafizə xidmətləri olub. Bu da təbiidir. Körpülərdə dövlət əhəmiyyətli xüsusi qurğular olduğu üçün nəzarət vacibdir. Hər hansı bir körpünün sıradan çıxması strateji baxımdan çox böyük faciədir və maliyyə baxımından da dövlətə xeyli ziyan vurur. Həmçinin körpüdə yaranan cüzi bir problem şəhərdə hərəkətin dayanması deməkdir. Çox haqlı olaraq, dövlət körpüləri daim nəzarətdə saxlayır. Amma yaxşı olar ki, həmin nəzarətçilər daha diqqətli olsun. Necə olub ki, həmin şəxs körpüyə çıxa bilib. Bu o qədər də asan iş deyil. Həmin dəmirlərin üstünə bir-bir qalxmaq kifayət qədər vaxt tələb edir. Həmin ərazidə olan nəzarətçilər buna necə olub da imkan verib, bu bir az qaranlıq məsələdir. Hesab edirəm ki, ən azı bundan sonra hüquq-mühafizə orqanları daha diqqətli olmalı və belə şeylərə nəzarəti gücləndirməlidir”.

Həkim-psixiatr Orxan Fərəcli isə bildirib ki, intiharlar üçün qapalı və ya açıq məkan seçilməsinə baxmayaraq, həyata qəsd etmə ciddi qəbul olunan hadisədir. Psixiatrın sözlərinə görə, intihar hər hansı bir insanın şəxsi iradəsiylə öz bioloji varlığına son qoymasıdır. Sübut olunmuş bir haldır ki, intihar edənlərin 70-80 faizi heç də ölmək istəmirlər. Yəni intihar bir növ kömək istəmək və bu cür metodun çıxış yolu kimi qəbul edilməsindən irəli gəlir: “Təsadüfi deyil ki, bütün intiharlarda mütləq şəkildə əvvəlcədən bir siqnal olur. Ətrafdakı insanlara “bezdim həyatdan”, “gedəcəm, rahat olacaqsız” və sair bu kimi alt mesajlar verərək bildirirlər ki, mənə kömək edin, çıxılmaz vəziyyətdəyəm. Bütün intihar hadisələrində də ətrafın diqqətini çəkmə məqamına rast gəlinir. İntihar metodu olaraq isə kişilər, adətən intihar zamanı daha qəddar üsullara əl atdığı halda, qadınlar əsasən, romantik və “zərif intihar”a üstünlük verirlər. Məsələn, araşdırsanız məlum olacaq ki, körpüdə intihar edənlər kişilərdir. Odlu silahlarla intihar daha çox kişilərin seçiminə daxildir. Məkan olaraq kütlənin çox olduğu və nəzarətin az olduğu yerin seçilməsi də intihar üçün xarakterikdir. Yəni rahat bir şəkildə, o yerə yaxınlaşıb intihar etdiyini elan etmək və özünə diqqət yaratmaq asan olur. Qız qalası daha romantik ab-havalı məkan olduğundan qadınlar intihar üçün bu yeri daha çox seçirlər. Bu məkanın tarixi kökünə baxsaq, Qız qalasında ilk intihar edən xanım olub. Kişilər arasında isə “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüyə çıxmaq dəb halını alıb. Son dövrlər nəzarət artdığından Qız qalasında intihara cəhdlərin sayı azalıb. Bu hallara az təsadüf olunur. Əslində nə Qız qalasına, nə də körpüyə çıxan insanlar əksər hallarda ölmək istəmirlər. İntiharı psixoloji vəziyyətindən asılı olaraq, hər kəs edə bilər, lakin bəzi kateqoriya insanlar var ki, onlar xüsusilə risk qrupuna daxildir”. Həkim-psixiatr hesab edir ki, bu baxımdan körpülərə də nəzarətin təşkili vacibdir: “Avropa ölkələrində bütün körpülərin mühafizəsi təşkil olunur. Yəni bu, sırf intiharla əlaqəli olmasa da, təhlükəsizlik baxımından körpülər mühafizə edilir. Bu hadisələrin intensivləşməsi bizdə də körpülərdə təhlükəsizliyin təminatı üçün mühafizənin təşkilini zəruri edir”.

Şəymən

http://www.sherg.az/site/id-6667/%E2%80%9CKoro%C4%9Flu%E2%80%9D_niy%C9%99_intihar__k%C3%B6rp%C3%BCs%C3%BCn%C9%99_%C3%A7evrilib?

 

Share to Odnoklassniki