Psixiatr Orxan Fərəcli ölkədəki “manat şoku”nun təsirlərindən danışır; “İş yerlərində hər kəs bir-birini rəqib gözündə görməyə başlayacaq”
Manatın qiymətinin düşməsi insanlarda ciddi narahatlıq yaradıb. Demək olar ki, ailələrdə, dost çevrəsində, iş yerlərində ancaq bu mövzu müzakirə edilir. Hər kəs narahat, gələcəyə olan ümidləri ölmüş vəziyyətdə və panikdir. Bu isə gündəlik həyatdakı davranışlarda, fərdlərin bir-birinə münasibətində özünü açıq şəkildə göstərir.
Boşalan, eyni zamanda bahalaşan marketlər, satışı dayandıran bəzi iri mağazalar isə insanların aqressiv əhval-ruhiyyəyə köklənməsi ilə nəticələnir. “Yeni Müsavat” da bu psixoloji əhval-ruhiyyəni dəyərləndirməsi üçün psixoloq Orxan Fərəcliyə müraciət etdi. Suallarımız əsasən yaranmış bu durumun cəmiyyətdə aqressiya və terror ab-havası yarada biləcəyi ehtimalı üzərində idi. Maraqlıdır, hansı xarakterli insanlar bu cür ciddi maliyyə dəyişikliklərindən sarsılmır, əsəbləri bundan sığortalanıb? Maddi baxımdan problemi olan və gələcəyə ümidini itirmiş adamı bu vəziyyətdən nə çıxara bilər? Bu cür insanların özünə və yaxınlarına qarşı necə davranmaq məsləhətdir?
Psixiatr Orxan Fərəcli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu vəziyyəti xüsusi psixoloji terminlə ifadə edə bilməsək də , kütlə psixologiyasında iri miqyaslı stresslərini insanlara təsiri, yaratdığı fəsadlar çoxdan araşdırılıb. Müsahibimizin sözlərinə görə, səbəb ola biləcəyi fəsadlar olduqca fərqli diapazonda dəyişir: “Belə bir nəzəriyyə var. Maslovun ehtiyaclar nəzəriyyəsi. Bu nəzəriyyəyə görə insan fizioloji tələbatını ödəmədikcə başqa heç bir tələbatlarını ödəməyə cəhd etməyəcəkdir. Fizİoloji tələblər daha konkret desək qida tələbatı ödənmədikcə insanlar hədsiz aqressiv olurlar. İş həyatına, ailə həyatına, bir başa sağlamlığına və insanlara ünsiyyətinə”.
O.Fərəcli bildirdi ki, bu gəlişmədən sonra iş yerlərində hər kəs bir-birini rəqib gözündə görməyə başlayacaq. Onun sözlərinə görə, iş yerlərində “görəsən bu gün kimi işdən çıxaracaqlar” düşüncəsi hakim kəsilməyə başlayacaqdır ki, bu da nəticədə iş keyfiyyətinin itməsinə gətirib çıxaracaq: “Ailə iş yerlərindəki gərginliklərin ən çox neytrallaşdığı yerdir. İş yerində stress, gərginlik keçirən, maddi gəlirləri qəfildən aşağı enən birinin birmənalı şəkildə ailə üzvləri ilə də aqressiv rəftarı qaçılmaz olacaq. Ən böyük fəsadlarından biri isə insanlarda güvənsizlik yaratmasıdır. Belə ki, bir gecənin içərisində müəyyən bir məbləğdə pulunu itirən birisi daim qayğı, hər an təhlükə ola biləcəyi hissi ilə yaşamağa başlayacaqdır”.
Müsahibimizin sözlərinə görə, hər an təhlükə ola biləcəyi hissi ilə yaşayan insan müəyyən bir vaxtdan sonra adaptasiya olunsa da, bəzi əsəbi zəif olan insanlarda sonralar bu, müalicə tələb edəcək səviyyədə nevroz və ya depressiya halı yaşada bilər: “Cəmiyyətdə terror ab-havası yaratmasa da, aqressiv davranışların artma ehtimalı var. Bu məsələ əslində cəmiyyətin bütün təbəqələrinə təsir edəcək hadisədir. Yəni, bəzən deyirlər ki, “nə olacaqsa kasıba olur”. Amma əslində belə deyil. Müdir ayrı bir səviyyədə, kasıb isə başqa bir səviyyədə bu xəbərin stressini yaşayacaqdır”.
Müsahibimiz sonda bu durumdan çıxış yollarını da sadaladı. Dedi ki, insanlara stress mənbəyindən uzaq dayanmaları məsləhət görülür: “Bundan başqa, itirdiyi məbləğin nə qədər olduğunu təkrar-təkrar hesablamaqdan çəkinmək, bununla bağlı gedən müzakirlərdən bir müddət özlərini kənarda saxlamaları tövsiyə olunur”.
http://demokratiya.info/cemiyyet/print:page,1,9220-esebi-zeif-insanlarda-bu-durum-nevroz-ve-depressiya-yaradacaq.html