Hər insanı ayaqda saxlayan, ona enerji qaynağı olan, etdiyi, yaşadığı şeylərin mənalı olmasıdır. Lakin depressiyaya düşmüş insanda bu pozulmuşdur və artıq heç bir şeyin mənası yoxdur…
Depressiya həyatdan zövq ala bilmə qabiliyyətinin itməsidir. İnsan depressiyada olarkən, gələcəyə itirmə pəncərəsindən baxır. Bu pəncərənin göstərdiyi isə ümidsizlik, çarəsizlik və s.dir. Depressiyaya düşmüş insan elə düşünür ki, heç bir şey əvvəlki kimi olmayacaq, itirdiyi şeylər heç vaxt bərpa olunmayacaq, əksinə, gələcəkdə daha çox itirmə ehtimalı var.Bu cür insanlar özlərini hər cəhətdən lazımsız hesab edir, onlara heç nə artıq sevinc gətirmir. Hətta əvvəllər etməkdən zövq aldığı şeylərdən belə zövq ala bilmirlər. Bir sözlə desək, depressiyaya düşmüş insanlar üçün “həyat” termini yoxdur. Əgər insan həyatın çətinlikləri ilə yanaşı, gözəlliklərinidə görüb zövq ala bilmirsə, deməli onun üçün həyat yoxdur.
Həyatda elə bir insan tapmaq mümkün deyil ki, onun ruh düşkünlüyü yaşamadığı, stress keçirmədiyi, ümidsizliyə qapılmadığı vaxtlar olmasın. Lakin hər ruh düşkünlüyü, ümidsizlik, çarəsizlik depressiya deyildir. Adətən, bu hallar 2 həfətədən çox davam edirsə, depressiya adlandırmaq olar. Depressiya bəzən o qədər uzun müddət davam edir ki, insanlar bunun öz xasiyyətimi, yoxsa xəstəlikmi və yaxud yaşadıqları şeylərə görə baş verdiyini anlaya bilmirlər. Depressiya müxtəlif səbəblərdən ortaya çıxa bilər. Lakin bəzi depressiyaya düçar olmuş insanlar səbəbsiz yerə belə olduqlarını söyləyirlər. Halbuki, həyatda heçnə səbəbsiz olmur. Belə düşünən insanlarda depressiyanın kökünü araşdırdıqda onda bunun illər əvvəl və ya uşaqlığında baş vermiş hər hansı bir hadisəylə bağlı olmağı meydana çıxa bilər. İnsan depressiyaya həyatının müxtəlif dövrlərində tutula bilər.
Depressiya ruha edilən təzyiqə reaksiya vermək olduğundan müxtəlif yaş dövrlərində ola bilər. Depressiyaya düşmüş insanlarda yuxu, yemək problemləri, ümidsizlik duyğusu, özünü lazımsız hiss etmə, yorğunluq və ən pisi olan intihar görülə bilər…
Depressiyanın müxtəlif növləri vardır ki, onlar aşağıdakılardır:
Melanxolik depressiya: Bu cür xəstələr həyatlarında hər şey yaxşı olsa belə, bundan xoşbəxt ola bilmirlər. Hər şeydə özlərini günahlandırırlar. Xəstəninn hərəkəti normaldan daha yavaş və tez ola bilər. Onlarda işatahasızlıq olur və həddən artıq arıqlayırlar.
Post partum depressiya (doğuşdan sonrakı): Bu hal 10-15%-dir. Depressiya özünü doğuşdan sonra 6 ay içərisində göstərir. Xəstələrdə adətən, tez özündən çıxma, birdən-birə ağlama, gərginlik ola bilər. İlk dəfə doğum etmiş qadınlarda daha çox görünür.
Atipik depressiya: Bu depressiya digərlərindən fərqli olaraq, gərginlik, halsızlıq həmişə olmaya bilər, bəzən olduqları mühitdən asılı olaraq çox şən, gülərüz ola bilirlər. Xəstələrdə iştahlılıq və kilo artımı ola bilər.
Distim depressiya: Ən az 2 il davam edən və zəif keçirilən depressiyadır. Bəzən 1-2 gün sağalmış kimi görünə bilərlər, ancaq əsasən, depressiyada olarlar. Bu depressiyanın digərlərindən fərqli cəhəti daha uzun müddət davam etməsidir.
Fəsillə əlaqəli depressiya: Belə xəstələrdə depressiya mövsümi xarakter daşıyır. Təkrarlanan depressiya həmişə eyni fəsilə təsadüf edir. Əsasən, havanın tutqun olduğu payız və qış aylarında özünü daha çox göstərir.
Depressiyada olan insanlardan bəziləri kənar gəzər, ona görə ki, əksər insan belə vəziyyətdə olan bir insanla necə davranacağını, nə danışacağını bilmir. Amma yaxınlarının dəstəyi onların sağalmasında mühüm rol oynayır. Onlara məsləhət vermədən qulaq asmaq lazımdır. Məsələn, cümləyə “bu an nə hiss etdiyini anlamaya bilərəm, amma istəsən sənə qulaq asa bilərəm” kimi başlaya bilərsiniz. Məsləhət vermək yerinə, onların nə hiss etdiyini anlamağa çalışmaq lazımdır. Bəzən yaxşı dinləyici olmaq, ona dəyərli olduğunu hiss etdirmək xəstəyə çox kömək ola bilər. Depressiyada olan yaxınımızı əhval-ruhiyyəsiz gördüyümüzdə onun əhval-ruhiyyəsini yaxşılaşdırmağa çalışmaq ən böyük səhvdir. Məsələn, “bax hər şey yaxşıdır, çox şükür sağlamıq” və yaxud “gör nə gözəl havadır, çıx gəz yaxşı olacaqsan” demək həmin insanda çarəsizlik hissini artırmaqdan başqa heç bir fayda verməz. Məkan dəyişkənliyi, havanın necə gözəl olduğu onun üçün heç bir şeyi dəyişdirməz, çünki o bunların fərqində deyildir. Əsas olan ona məsləhət vermədən dinləmək, hər zaman yanında olacağını hiss etdirməkdir.
Depressiyanın bir neçə müalicə üsulu vardır. Bunlardan ən əsası dərman üsulu və psixoterapiyadır. Psixoterapiya ilə dərman müalicəsi demək olar ki, birlikdə tətbiq edilir. Çünki dərmanlar sadəcə müəyyən bir müddət insanın əhval-ruhiyyəsini qaldırır, təsir bitdikdə isə depressiya yenə təkrar oluna bilər. Buna görə də, psixoterapiya üsuluna ehtiyac vardır, lakin qeyd etmək istərdim ki, insanın ən böyük psixoloqu elə onun özüdür. Dünyada heç bir müalicənin də nəticə göstərmədiyi ağır xəstəlikləri özü-özünə psixoloji təsir edərək sağaldan insanlar vardır. Psixika ilə bağlı olmayan xəstəlikləri belə psixoloji yolla sağaltmaq olursa, o zaman psixika ilə bağlı olan xəstəliyi görün nə qədər gözəl sağaltmaq olar.
Məsələn, bir xəstəyə şəkər verib, “mən sənə şəkər verdim” desən, o sağalmaz, lakin “mən sənə dərman verdim” desən sağalar. Bax bu özüdə psixoloji təsirdir. Biz heç birimiz bu dünyaya gözlərimizi depressiya ilə açmadıq. Hər gün milyonlarla insan depressiya adlandırılan bu xəstəliyə özünü qurban verir. Depressiya bizim beynimizdə olan bir şeydir və bundan xilas olmaq üçün də ilk addım beynimizdəki problemləri həll etməkdir. Biz öz düşüncələrimizi dəyişdiyimiz zaman zehnimizdəki depressiyadan da çıxmış olarıq. Yəni insan özü-özünə yardım edərək də depressiyadan xilas ola bilər. Lakin bunu əsasən güclü insanlar edə bilirlər. Xəstəliklər insanların həyatında tamamilə bitmir. Xəstəliklər olmasa başqa problemlər və ya başqalarının xəstəliklərinə pis olmağa başlayırıq. Yəni “bütün dərdlər qurtarsın, hər şey gözəl olsun” deyə bir şey yoxdur. Xoşbəxtlik heç bir zaman tək başına olmur. Əgər bir çox problemlərin içərisində xoşbəxtliyi tuta bilirsənsə, həyat budur. Lakin bəzi insanlarda vardır ki, ondan müstəqil şəkildə xilas olmağa gücləri çatmır və bu zaman da xilası intiharda görürlər. Bu insanların əksəriyyəti çarəsiz qalan insanlardır. Onlar həyatdan heç bir zövq ala bilmirlər, gələcək ilə əlaqədar plan qura bilmirlər, nəticədə özlərini o qədər çarəsiz hiss edirlər ki, ölüm onlara bir xilas yolu kimi gəlir. İntihar etmək barədə düşünən və bunu tez-tez dilə gətirən insanlarda intihar riski daha çoxdur. Bu vəziyyətdə mütləq şəkildə dəstək lazımdır. Məsələn, ayağımız bir yerə ilişir və yıxılırıq, orda birinin bizə əl uzatması lazımdır, ayağa qalxaraq yenidən gəzməyimiz üçün, amma əslində biz özümüz də bilirik gəzməyi. Depressiya da belədir.
Həyata davam etmək üçün öz gücü olmayan insanların, başqalarının yardımına ehtiyacları vardır. İntihara cəhd etmiş bir insan ölmək üçün deyil, sadəcə bir yardım ümidi ilə də bunu etmiş ola bilər.
Unutmayaq ki, hər intihar bir yardım istəyidir…
Hacıyeva Sevinc
Xəzər Universiteti, Humanitar-Sosial Elmalər fakültəsinin, “Psixologiya” ixtisasının I kurs tələbəsi