HƏYATIMIZIN YEGANƏ SAHİBİ BİZİK

happy-life-love-robots-Favim.com-272414

Depressiya dedikdə ağlımıza ilk baxışda zərəri olmayan ruh düşkünlüyü gəlir və bunu həyatımızın normal bir parçası hesab edərək keçəcəyini düşünürük , lakin problemi göz ardı edərək onun böyüməsinə icazə veririk. Nəticələr isə nəticə olaraq qalır və bununla uzun müddət mübarizə edə bilməyən insanlar intiharı ən düzgün çıxış yolu hesab edirlər.

Müxtəlif insanların bu mövzu haqqında fikirləri müxtəlifdir. Mən isə bu mövzuya tamam fərqli bir bucaqdan baxmaq istərdim . Cəmiyyətin düşüncələrini əks etdirməklə bərabər orijinal fikirlərə  sahib olan yazıçıların bu mövzu haqqında düşüncələrini oxumaq məncə hamıya maraqlı olardı . Paulo Coelhonun “Veronika ölməyə qərar verir” romanı bu mövzuya yeni nəfəs verə bilən əsərlərdəndir. Əsəri oxuduqca ağlımıza belə bir sual gəlir “ Ölmək  həqiqətənmi bizim bütün problemlərimizin həllidir? ” .

Əsərin baş qəhrəmanı Veronika adlı gənc bir qadındır. Kitabın adı qadının ölmək istədiyini açıq-aşkar söyləyir və biz ilk baxışdan onun faciələrlə dolu bir həyata sahib olduğunu düşünürük. Ancaq  bir çox insana görə o, normal , hətta ideal həyata sahibdir: daimi iş yerinə , sevən valideynlərə, gözəlliyə, dostlara , yaşaya biləcəyi bir evə. Niyə? Axı nə üçün Veronika bütün bu imkanlara sahib olduğu halda özünü öldürməyə cəhd edir? İki sadə səbəb. Birinci səbəbi oxuduqda Veronika ilə razılaşırıq. Dünyada baş verən hərc-mərclik, haqsızlıqlar, zülmlər, hər gün eşitdiyimiz ölüm xəbərləri və heç kəsin bunları dayandıra bilməməsi həqiqətən də yer üzünün faciəsidir. Bütün bu hadisələri dayandırmaq istəsək belə hər şeyi kontrol edə bilməyəciyimizi anlayırıq.Gənc qadın gücsüz olduğunu  anlayır və artıq bunlara dəyişdirə bilmədiyi üçün ölmək istəyir. Digər səbəb isə Veronikanın artıq həyatda hər şey əldə etdiyi və bundan sonra yaşayacağı həyatın monoton olacağı düşüncəsidir . Dəyişməyən , nailiyyətsiz bir həyat . Veronikanın bu fikrini oxuyanda məndə yaranan ilk təəssürat  onun sadəcə sahib olduqlarını qiymətləndirməyən bir insan olmasıdır. Lakin hamımızın etdiyi məhz bu deyilmi? İlk yaranan hislərimizə inanaraq qarşıdakı insanı mühakimə etmək , onun səhv düşündüyünü və başqa insanların daha ciddi problemlərlə üzləşdiyini demək. Görəsən, kim onun verdiyi qərarın səbəbini dərindən fikirləşməyə çalışdı? Bu səbəblə bağlı, mövzudan kənar olsa belə, yadıma bir fakt düşdü. Demək olar ki, hər kəs hüceyrənin nə olduğunu bilir- yaşamağımız  üçün bütün funksiyaları yerinə yetirən zərrəcik və təbii ki, hər hüceyrəni qoruyan hüceyrə çəpəri mövcuddur. Biyologiyada deyilir ki, əgər hüceyrənin daxili təyziqi ilə xarici təyziqi uzun müddət eyni qalarsa hüceyrə çəpəri dözmür və dağılır. İndi isə insanın gündəlik həyatını düşünək . Hər gün eyni prosesləri nə zamana qədər təkrar edə bilərik? Nə zamana qədər daxili dünyamızla ətraf mühiti stabil saxlaya bilərik? Fikrimcə, Veronika məhz bu incə çəpər dağılmadan  həyatına son qoymaq istədi .

Əsəri oxuyarkən məndə bir çox fikirlər oyanır. Ən qəribəsi isə Veronikanın heç vaxt depressiya keçirməməsi hissidir. O, aylarla , günlərlə depressiyadan əziyyət çəkmir.  Sanki , qəfildən həyatını gözdən keçirir və son qərarını verir. Depressiyasız suisid. Hər suisidi depressiya ilə əlaqələndirmək düzgündürmü ? Bəlkə də həmin an başqa çıxış yolu görməməyimiz və ya daha mübarizə aparmaq istəməməyimiz  bizləri ümidlərimizə xəyanət etməyə vadar edir .

Sonda Veronika xəstəxanada yaşadığı qısa müddət ərzində içində başqa insanı kəşf etdi : çılğın, dəlisov, sevmək və sevilmək istəyən, yaşamaq istəyən Veronikanı. O, bütün həyatı boyu ətrafındakı insanları razı salmaq üçün yaşadığını anladı. Öz istəklərini həyata keçirməkdənsə başqalarının həsəd apardığı o süni obrazı ayaqda tutmaq üçün bütün enerjisini sərf edirdi. Heç vaxt hislərini sərbəst buraxmadı, sevgini , nifrəti  , sevinci , kədəri bütün qəlbi ilə hiss etmədi. O, mübarizə aparmadığı üçün , başqa insanları incitməkdən qorxub öz arzularının arxasınca getmədiyi üçün təəssüflənirdi. Bütün bunlara baxmayaraq, Veronika səhvlərini gördü , həyatının belə mənasız keçməsinin səbəbkarını  özü olduğunu anladı və  ömrünün son günlərini istədiyi kimi yaşadı. O , aşiq oldu və həyatına yeni gözlə baxdı. Onun bu cəsarəti ətrafındakı insanları da həyatlarını gözdən keçirtməyə vadar etdi. Görəsən , əlimizdəki imkanları yetərincə dəyərləndiririkmi?  Romanı oxuduqca  bu sualı özümə dəfələrlə verdimş. Fərqlənməkdən, ən əsası özləri istədikləri kimi yaşamaqdan qorxaraq  minlərlə insan maskalar arxasında illərlə gizlənir və nəticə olaraq depressiyaya düşür. Halbuki, bir insan həyatından daha vacib heç nə ola bilməz. Heç bir düşüncə , heç bir əqidə insanın ölməsinə səbəb olmamalıdır.

Başqa bir nəticə isə üzləşdiyimiz hadisələrlə mübarizə aparmalıyıq. Ən kiçik bir məğlubiyyət bizi nə depressiyaya , nə də suisidə sürükləməlidir. Bu həyatı biz yaşayacayıq, biz də onun necə olmasına qərar verməliyik . Öz hislərimizi göstərməkdən qorxmasaq , arzularımızı qorumağa çalışsaq heç kəs onlara toxuna bilməz. Depressiya adlandırdığımız xəstəlik bizim beynimizin məhsuludur. Onu biz yaratmışıq sadəcə necə idarə olunduğunu unutmuşuq.

Depressiya keçirən insanlara son bir cümlə demək istərdim . “ Gələcək yorğun və bezmiş insanlara deyil , rahatlığını pozub mübarizə apara bilən insanlara məxsusdur.” 

                                                                       Markus Tallius Cicero

Bəyimxanım Bəhməni

Bakı Türk Anadolu liseyinin 11-ci sinif şagirdi

Share to Odnoklassniki