Kriminal xəbərlərdə “eksklüziv” şəkillərdən «qan damır»

  • Home
  • Müsahibə
  • Kriminal xəbərlərdə “eksklüziv” şəkillərdən «qan damır»
10603697_748015428580779_2670167233993988537_n

Zeynal Məmmədli: “Hansısa qətl hadisəsini detalları ilə mətbuatda yaymaq son dərəcə yersizdir”

Elnur Rüstəmov: «Xəbər hazırlayarkən hadisə ilə üzləşən insanların yaxınlarına necə təsir edəcəyi düşünülməlidir»

Televiziya, internet saytları, qəzetlər bizim informasiya almağımızı təmin edir. Lakin kriminal xəbərlərin çox olması bir tərəfə, indi də “eksklüziv dərdli” saytlar və televiziyalar bu cür xəbərləri detallı, xüsusilə, hadisə yerində çəkilən qanlı şəkillərlərlə verirlər. Hətta yaralının, qətlə yetirilənin qanlı şəklini yaymaqdan da çəkinmirlər. Fotoları təqdim etmək olar, amma qanı, dəşşətli mənzərəni qabartmaq normal deyil.

Tanınmış media eksperti Zeynal Məmmədli «Üç nöqtə»yə bildirdi ki, hansısa qətl hadisəsini detalları ilə mətbuatda yaymaq son dərəcə yersizdir: «Televiziyadakı redaktorlar, yayım idarəediciləri hara baxır, bilmirəm. Kriminal xəbərləri peşəkarlıq və etik baxımdan bu cür detallı vermək olmaz. Amma bizim efirlər verirlər. Efir vaxtını doldurmaq, diqqət çəkmək, reytinq-filan öz yerində. Kriminal o zaman çoxalır ki, auditoriya toplasın. Bu isə əks effekt verir. Bizdə kriminal xəbərlər digər xəbərlərin, ciddi sosial araşdırmaların olmadığından alaq otu kimi boşluq tutur. Faktiki olaraq kriminal xəbərlər Aəzrbaycan teleməkanında alaq otu funksiyasını görür. Kriminalın nəyin nəticəsi olduğu məsələlərinə diqqət yetirilməlidir. Bunlar nəticədir, bəs hansı səbəblərdən baş verib? Bizdə isə səbəblərdən söhbət getmir və hadisə açıq şəkildə təqdim olunur”.

Z.Məmmədli deyir ki, cinayətkar uşaqdırsa, azyaşlıdırsa, gəncdirsə, onların adları açıqlanmamalıdır. Eyni zamanda cinayətkarın milliyəti və yaxud zonal mənsubiyyəti ilə bağlı detalların bildirilməməsi vacib normalardır: “Ölənin və ya öldürənin peşəsini yaymaq nə dərəcədə vacibdir? Üstəlik, bu tipli xəbərlərdə nəyin necə olmasını açıqlamaq yolverilməzdir. Kriminal xəbərlərdə operativliyə qaçmaqdansa, bəzi detallara diqqət yetirmək lazımdır. Bəzən xəbərləri elə tez detalları ilə yayımlayırlar ki, hələ ölən və ya yaralananların ailəsinin xəbəri olmur və onlar efirdən eşidirlər. Bu, çox qorxunc haldır. Bunlar nəticə etibarilə televiziyaların kommersiyalaşmasına aparır. Çünki reytinq naminə bunu tez verməklə insanlara necə ziyan vurduğunu bilməlisən. Jurnalistikada bu məsələdə konket qayda düşünmək çətindir. Amma bir şey var ki, hadisə sənin və ya ailənin başına gəlsə, bu xəbəri necə verərdin kimi düşünüb yazılsa, bu o jurnalisti etik olaraq yönəldəcək. Bu da jurnalistə həmin yazını xeyli redaktə etməyə və yaxşı mənada özünüsenzuraya gətirib çıxaracaq”.

Mətbuat Şurasının (MŞ) icraçı direktoru Rəhim Hüseynov bildirdi ki, sovet dövrü ilə bu günün jurnalistikasının əxlaq sərhədləri tamamilə dəyişib: “Cəmiyyət varsa, cinayət də olacaq, cinayətkar da. Cinayət xəbərlərini verəndə belə o faktın özündə tərbiyəçilik, maarifçilik görünməlidir. İndi təəssüf ki, insanları qorxutmaq üçün o cür informasiyaları ortaya qoyurlar. O konteksdə fotodan da bir silah kimi istifadə olunur. Bu cür şəkilləri yaymaq nəinki ucuz sensasiyadır, həm də etik prinsiplərdən və jurnalistin öz öhdəliyindən kənara çıxmasıdır. İnsan öz vicdanının səsinə qulaq asmalıdır ki, bu şəkli verirəmsə, qarşı tərəfin yaxınlarına necə təsir edər, hansı ağrıları yaşadar?”.

R.Hüseynov deyir ki, MŞ nəzarətedici yox, tənzimləyici orqan olduğu üçün bu kimi məsələlərdə iradını bildirib, tövsiyə verir: “Mətbuat Şurası mətbuatla dövlət qurumları, ictimaiyyət arasında münasibətləri tənzimləyən qurumdur. Yəni, biz bu məsələləri görəndə kiminsə bizə müraciət etməsini gözləmədən də əlaqə saxlayıb mətbuat orqanına öz irad və tövsiyələrimizi bildiririk. Bu cür hallar hansısa KİV-ə status qazandıra bilməz”.

Psixoloq Elnur Rüstəmov isə bildirdi ki, kriminal xəbərlərin detallı verilməsi insanların psixologiyasına ciddi təsir göstərir: “Ən azından xəbərlərdə adı çəkilənlər və şəkilləri göstərilənlıər kiminsə övladı, valideyni, nəvəsi və ya yaxınıdır. Bu cür hallar insanların şəxsi həyatına müdaxilə kimi dəyərləndirilir və belə hadisələrin də xəbər kimi verilməsi doğru deyil. Əksinə, bu cür xəbərlər verilərkən ölü adam, qan olan səhnələr birbaşa göstərilməməlidir. Çünki bu gün insanların psixikası əvvəlki dönəmlərdə olduğu kimi möhkəm deyil. Həmin kadrlara baxandan sonra özünü narahat, gərgin hiss edən, psixoloji sarsıntı keçirən insanlar çoxdur. Elə insanlar var ki, hansısa avtoqəzadan olan şəkilləri görəndən sonra içində qorxu yaranır və maşın sürə bilmir. Fikirləşir ki, o da qəza törədəcək. Nəzərə almaq lazımdır ki, bu gün psixi sağlamlıq daha ciddi şəkildə qorunmalıdır. İnsanlar əvvəlki illərlə müqayisədə daha da həssaslaşırlar. Baş verən bütün proses və hadisələr insanın psixikasına bu gün çox təsir göstərir”.

Psixoloq deyir ki, saytların xəbər hazırlayarkən yazdığının hadisə ilə üzləşən insanların yaxınlarına necə təsir edəcəyi düşünülməlidir: “Nəzərə almaq lazımdır ki, bu cür xəbərlər onların psixikasına pis təsir göstərir. Ona görə də bu cür məsəslələrdə ictimai həmrəyliyin olması çox vacibdir. Təəssüf ki, bu cür xəbərlərin sosial şəbəkələr üzərindən də yayıldığını görürük. Bu cür hallarla mübarizə saytların, televiziyaların özləri daxilində həll olunacaq məsələdir. İctimai qınaq çox vacibdir. Bu gün Azərbaycanda senzura yoxdur və hər kəs öz düşüncələrini deməkdə azaddır. Xəbərləri verən sayt və ya televiziya da insanların psixikasını nəzərə almalıdır. Dövlət buna hansı formada nəzarət edə bilər?».

Aygün Asimqızı

http://ucnoqta.az/news/12203

Share to Odnoklassniki