Depersonalizasiya-derealizasiya sindromu. Özünü dərk etmənin pozulması depersonalizasiya, xarici mühitə qarşı dərk etmənin pozulması (ətraf mühitin düzgün dərk edilməməsi) isə derealizasiya adlanır. Bir sıra psixi xəstəliklər nəticəsində meydana çıxan bu əlamətlər əksər hallarda birlikdə təsadüf edilir.
Depersonalizasiya və ya özünü dərketmənin pozulması şəxsiyyətin ikiləşməsi və ya tamamilə inkar edilməsi formasında ola bilər. Depersonalizasiya zamanı xəstə bəzən yaxşı tanıdığı küçəni və ya adamları tanımadığını söyləyir. Bəzən isə hadisələrin çox sürətlə cərəyan etdiyini (vaxtın sürətlənməsini) və ya əksinə onun tam hərəkətsizliyini qeyd edir. Məsələn: gündüzü gecədən ayıra bilmir, ətrafdakı adamların hamısını bir sifətdə, bir boyda qavrayır.
Depersonalizasiya və derealizasiya sindromu müxtəlif emosional pozuntularla müşayiət olunur. Kədər, qorxu və ya bütün hissiyyatların sönməsi kimi əlamətlər qeyd edilir. Bu sindrom şizofreniyada (süst gedişli fasiləsiz formada) MDP-nin depressiv fazasında, epilepsiya xəstəliyində, mərkəzi sinir sisteminin orqanik pozuntularında, nadir hallarda isə psixopatiyalar zamanı rast gəlinir. Bu sindromun müalicəsində medikamentoz terapiya ilə yanaşı psixoterapevtik müalicə üsullarından da istifadə olunur.
Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi