Elnur Rüstəmov: “X-Lady ilə indi də görüşüb danışırıq”

  • Home
  • Müsahibə
  • Elnur Rüstəmov: “X-Lady ilə indi də görüşüb danışırıq”
1920011_864387046926245_8303269517038877208_n

Dünən kitabevim.az kitab marketində tanınmış psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovun “X-Lady” konsultativ romanının təqdimat mərasimi keçirildi. Tədbirdən sonra Elnur Rüstəmov ailem.az-ın suallarını cavablandıraraq Azərbaycanda bu janrda yazılmış ilk əsər haqqında geniş danışdı.

- Necə oldu ki, kitab yazmaq qərarına gəldiniz?

- Əslində kitab yazmaq qərarı çoxdan var idi, bu günün ani verilmiş qərarı deyildi. Hardasa təxminən 5-6 il bundan qabaq düşünürdüm ki, bu istiqamətdə kitab yazaq, nəşr elətdirək. Azərbaycanda akademik istiqamətdə yetəri qədər tədqiqatlar aparılıb – kitablar yazılıb, dissertasiya işləri müdafiə edilib. İldə ən azından 15-20 dissertasiya işi yazılır, namizədlik işi, doktorluq işləri mudafiə edilir. Bu, psixologiya sahəsində sırf akademik istiqamətdə aparılan tədqiqatlardır və çox təqdirəlayiqdir. Ancaq etiraf edək ki, bu sahədə bədii əsərlər yox dərəcəsindədir. Biz iddia eləmirik ki, yeni bir dünya qurduq, yeni bir şey yaratdıq! Yox, biz sadəcə olan şeyləri yeni bir formada cəmiyyətə təqdim elədik. Bu gün əlbəttə Azərbaycan psixologiyasında Fuad İbrahimbəyov, Ələddin Qədirov, Muxtar Həmzəyev, Əbdül Əlizadə, Əkbər Bayramov və s. görkəmli mütəfəkkirlər var ki, onların xidmətləri danılmazdır. Eyni zamanda AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, professor Səməd Seyidov  Azərbaycan psixologiya tarixində böyük işlər görüblər və bu gün də görürlər. Yeni nəsil formalaşır, yeni metodlar tətbiq olunur, psixologiyanın tətbiq sahələri genişlənir. Bu tələbdən çıxış edərək biz də fikirləşdik ki, insan psixologiyası ilə bağlı yaşanan prosesləri tədqiqat deyil, roman şəklində cəmiyyətə çatdıraq və mən bu romanı yazmağa başladım. Sadəcə arada müəyyən işlər çıxdı və romanı bitirə bilmədim. Bu ilin yay aylarından isə bir çox mədəniyyət portallarına psixologiya ilə bağlı yazılar, məqalələr verməyə başladım. Bu, əslində özüm üçün bir hazırlıq mərhələsiydi. Necə deyərlər, qələmimi itiləyirdim ki, romanı bitirim. Çünki üzərimdə bir yük kimi qalmışdı. Yenə də qeyd etdiyim kimi, bu istək birdən-birə yaranmayıb, illərlə düşüncələrimdə, məqsəd və fikirlərimdə olub. Nə dərəcədə uğurlu alınıb bunu oxucular deyəcək.

- Niyə məhz X Lady?

- Əslində X-Lady naməlum bir xanımdır. Bu roman naməlum bir xanımın həyat hekayəsindən bəhs edir. Mən  hərdən zarafat edib deyirəm ki, növbəti kitabımın adı da Mister-X  olacaq. (gülür)

- Əsər həqiqətən də gözlənilməyən sonluqla bitir. X Lady real qəhrəmandırmı?

Bu kitab, yəni “X Lady” əslində sadəcə bir insanın taleyi deyil. Burada bir ümumilik var,  problemə yanaşma tərzi var. Sujet xətti reallığa uyğun götürülüb, əlavələr olunub. Burada əsas məqsəd anonimliyin qorunub saxlanması idi. Yəni, X-Lady-ni heç kim tanımır və bu əsəri oxuduqdan sonra da heç kim onun kimliyini açığa çıxaracaq bir məlumat əldə edə bilməz! İnsanlar uyğunluq axtarmağa çalışırlar. Bəlkə də tapacaqlar. Bu, normaldır. Ancaq Sizə bir sirri də deyim. X-Lady ixtisasca həkim deyil. Tamam başqa bir sahədə çalışan insandır. Romanın tələbi bundan ibarət oldu ki, onu həkim kimi təqdim etdik.

- Onun sonrakı taleyindən xəbərdarsınızmı?

- Yenə də qeyd edirəm, X-Lady ümumi qəhrəmandır. Bir problemin çözülməsinə yönəlik hadisədir. Real hadisə olmağına baxmayaraq, əlavələr çox edilib. Səbəb anonimliyin qorunması olub. Belə də əlbəttə ki, indi də xanım lady ilə ara-sıra zəngləşiriq, danışırıq, görüşürük.

- Hər şey yolundadırmı həyatında?

- Bəli, hər şey tam qaydasındadır, işləyir, ailəsi ilə də münasibətləri tam tənzimlənib.

- Bəs o xanım özünün baş qəhrəman olduğu kitabdan xəbərdərdardırmı?

- Bəli, hər şeydən xəbərdardır. Biz onunla əvvəldən də söhbət etmişdik. Əsərin planını birgə müzakirə etmişdik. Özü də maraqla əsərin çap olunmasını gözləyirdi. Hətta çap olunmamışdan qabaq bir dəfə də oxudu, hər şeyin qaydasında olduğunu bildirəndən sonra çapa verdik. Özü də qeyd etdi ki, “Nə yaxşı ki, Siz bunları yazıb digər danışa bilməyən insanları da maarifləndirdiniz”.

- Bu gün Azərbaycanda psixoloqa müraciətdən çəkindirən əsas məqamlardan biri də anonimliyin qorunması ilə bağlı narahatlıqlardır. Problemləri aşkara çıxar deyə çox zaman xaricə öz tuturlar. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?!

- Əslində, biz bununla bağlı dəfələrlə danışmışıq, istər televiziyada, istərsə mətbuatda. Biz bunu təqdir etmirik! Nəyə görə təqdir etmirik?! Əslində mən istəməzdim ki, oxucular bu məsələyə subyektiv yanaşsınlar. Yəni biz demirik ki, onlar pisdir, biz yaxşıyıq, xaricə getməyin. Bu fikrimizi həmişə belə əsaslandırmışıq ki, psixoloq Azərbaycan mühitində, Azərbaycan etnopsixologiyasında, Azərbaycan mədəniyyətində böyümüş biri olmalıdır. Çünki xaricdəki psixoloji yanaşma, Azərbaycandakı psixoloji yanaşma ilə eyni deyil! Bizi depressiyaya müxtəlif səbəblər sala bilər, ancaq Almaniyada insanlar başqa səbəblərdən depressiyaya düşürlər. Eləcə də ailə dəyərləri ilə bağlı! Elə ailə dəyərləri var ki, bizdə Azərbaycanda normaldır, amma Almaniyada əksinə. Uşaq tərbiyəsiylə bağlı bizim məxsusi etnopsixologiyamız var, xaricilərin tamam ayrı. Elə lap qardaş ölkə Türkiyə ilə də müqayisə etdikdə çoxlu fərqlər çıxır ortaya. Biz demirik ki, onlar peşəkar deyil, yox, peşəkardılar. Ancaq nəzərə almaq lazımdır ki, bunlar  psixoloji problemlərdir. Ona görə də burda etnopsixologiyanı bilmək çox vacibdir. Bizim etirazımız da sadəcə bununla bağlıdır.

- Bəs anonimliklə bağlı narahatçılıqlar?

- O ki qaldı anonimlik məsələsinə, bu, hər bir psixoloq üçün müqəddəs dəyər olmalıdır. Psixoloji konsultasiya qanunlarına görə, hətta polis belə müraciət etsə, psixoloq anonimliyi poza bilməz. Ola bilər ki, qeyri-peşəkar psixoloqların sayəsində isanların inamı bir qədər itib. Amma yenə də deyirəm ki, əgər sırf peşəkar insanlarla çalışsanız, belə problemlərlə rastlaşmazsınız. Bu, sadəcə psixologiya sahəsində deyil, bütün iş sahələrində keçərli nüansdır. Ola bilər ailə hansısa psixoloqun yanına gedib, sonra həmin ailənin sirləri açılıb. O psixoloq da ola bilər ki, hansısa vəziyyətdə kimləsə bunu paylaşıb, özündən asılı olmayaraq deyib. Bu, ola bilər təzə başlayan bir psixoloq olsun, emosional psixoloq olsun, gerçəktən kiminsə adını çəkməklə özünə hörmət qazanmaq istəyən biri olsun və həmişə belə şey olanda mən gülürəm. Hər vəziyyətdə unutmamalısan ki, sən psixoloqsan və sənin yanına hər təbəqədən adam gələ bilər! Bu o demək deyil ki, sən bundan qürrələnməlisən, sən bundan böyük nələrsə çıxarıb, özün haqda miflər düzəltməlisən! Bu, doğru deyil. Onsuz da bilən bilir ki, peşəkar psixoloqun yanına hər təbəqədən gələn ola bilər, yəni bizim üçün prioritet məqam anonimliyin qorunması olmalıdır. Ona görə də deyirəm ki, xaricə getməyi biz təqdir eləmirik, çünki ordakı psixoloji yanaşma Azərbaycandakı psixoloji yanaşma ilə eyni deyil!

- Pasiyent anonimliyin qorunacağından necə əmin olsun? Daha doğrusu, Siz illərdir fəaliyyət göstərirsiniz, bu inamı necə qazanmısınız?

- Xaricdə konsultativ müqavilə var, o müqavilə imzalanır və pasiyent konsultasiyaya keçir. Ancaq bizdə bu yoxdur! Biz şifahi olaraq pasiyentə çatdırmağa çalışırıq ki, anonimlik qorunur. Yenə də deyirəm, hər bir psixoloq anonimliyə görə cavabdehdir, o, buna görə məsuliyyət daşıyır, onu kimsəylə paylaşa bilməz! Sadəcə bir şey nəzərə alınmalıdır ki, bəzən bizdə psixoloqun işini, mahiyyətini doğru anlamayan insanlar olur. Məsələn, görürsən ki, evdə ər-arvad arasında problem var. Tutaq ki, kişinin xanımı ilə bağlı hansısa şübhələri var, heç cür ayırd edə bilmir. Bir də görürsən psixoloqa gəlirlər ki, bizim aramızda narahatlıq var, çözüm gətirmək lazımdır. Onları qəbul edirik, söhbət edirik, konsultasiyamız başa çatır. Çıxandan sonra kişi deyir ki, nə lazımdır edəcəyəm, bir məsələ var onu mənim üçün dəqiqləşdirin. Bu kimi hallar şübhəsiz ki, psixoloqu narahat edən faktorlardır. Biz bunu birmənalı şəkildə rədd edirik! Çünki müəyyən sədlər daxilində psxioloq anonimliyi mütləq gözləməlidir. Bu şərtlər hansılardır?! Konsultativ normalarda qeyd olunur ki, əgər pasiyentin real olaraq özünə qəsd etmək fikri varsa, anonimlik gözlənilmir, çünki ölə bilər! Pasiyent real olaraq kimisə öldürmək istəyirsə, anonimlik qorunmur!  Və yaxud da hansısa cinayətkar qruplaşmanın üzvü ola bilər, cinayətlə məşğul ola bilər, yenə də anonimlik qorunmur! Bundan əlavə bir problem də yeniyetmələrlə bağlı yarana bilir. Nəzərə almaq lazımdır ki, 17-18 yaşına qədər uşaq ailənin himayəsindədir, o uşağın bütün etdiklərinə görə ailə cavabdehlik daşıyır! Biz yeniyetməylə iş prosesində müəyyən məqamlar var ki, orda anonimliyə böyüklərlə olduğu qədər həssas yanaşmırıq. Yeniyetməni də valideyn gətirir, ona görə də valideynlə söhbət edəndə o məqamları mütləq nəzərə alırıq. Söhbət zərərli vərdişlər və bunun kimi digər məqamlardan gedir.

- Yazmağa davam edəcəksinizmi? Üfüqdə yeni kitab gözlənilirmi?

(Gülür) Yazmağa davam edəcəyik, hətta növbəti kitabımız da hazırdı.

Açığı, mənə cəmiyyətin fikri çox maraqlıdır. Görəsən reaksiya necə olacaq? Çünki “X-Lady” mənim ilk əsərimdir və bu janrda yazılmış birinci romandır. Maraqlıdır, oxucu təəssüratları necə olacaq, cəmiyyət bunu qəbul edəcəkmi?! Əgər hər şey qaydasında gedərsə, o zaman ikinci kitabı da nəşr etdirə bilərik. Bir də, mənim illərdir çap olunmağı gözləyən, 2006-cı ildə yazdığım bir elmi monoqrafiyam var, ünsiyyət problemləri ilə bağlıdır. Bu ilin axırına onu da çap etdirmək fikrindəyəm, inşallah! Çünki bu sahədə maariflənməyə ehtiyac böyükdür. Kimin əlindən nə gəlirsə, onu da etməlidir. Nəhayətində məqsəd birdir: Vətənə, millətə, cəmiyyətə faydalı olmaq! Ola bilər ki, bizim fəaliyyətimiz kimisə naraht edir, kiminsə yuxusuna haram qatır. Mən bunları normal hesab edirəm. Bəlkə 3-4 il əvvəlki vaxtım olsaydı, bu və bənzəri hadisələrə daha çılğın və emosional qarşılıq verərdim. Amma indi düşünürəm ki, zaman ən müdrik hakimdir və hər şeyə aydınlıq gətirir! Necə deyərlər, bizi bilən bilir, bilməyən də özü kimi bilir.

O ki qaldı güvənlə bağlı məsələyə, heç kəsə sirr deyil ki, mən illərdir bu işin içindəyəm, fəaliyyətimiz də göz qabağındadır. Hər zaman çalışmışıq ki, məsuliyyətli olaq, peşəkar fəaliyyət göstərək və peşəkarlarla çalışaq! Əgər insanlar bu gün bizə güvənirlərsə, bizə inanırlarsa, bu, bizim ən böyük uğurumuzdur! Çünki həqiqətən də, insanların inamı, dövlətin diqqət və qayğısı olmasaydı, bəlkə də psixologiya bu gün bu istiqamətdə və bu dərəcədə inkişaf etməzdi. Ola bilər hansısa nöqsanlar, çatışmazlıqlar var. Əminəm ki, bu da zamanla həll olunacaq.

Fəridə Qasımova

Share to Odnoklassniki