Psixoloq: “Evdə internet kəsilən kimi insanlar aqressivləşir”

  • Home
  • Müsahibə
  • Psixoloq: “Evdə internet kəsilən kimi insanlar aqressivləşir”
10012268_339872686183907_6365273073298013354_o

Elnur Rüstəmov: “İnsan yaşamaq uğrunda mübarizə kontekstində məişət problemlərinin girovuna çevrilib”

Son illər cəmiyyətdə psixoloji gərginlik özünü bütün sferalarda göstərir. Yoldakı əsəbi sürücülərdən tutmuş, ailə məişət zəminindəki münaqişələrin qanlı finalına qədər. Bir çoxlarına görə, bu, ağır yaşam şərtlərinin nəticəsi, eləcə də internetin bəlasıdır. Psixoloq Elnur Rüstəmov Ailem.az-a müsahibəsində bu nüanslara toxunub.Ancaq bu məqamlara toxunmazdan öncə psixoloqun yenicə çapdan çıxan “X Lady” kitabı barədə danışdıq.

- Bu kitab naməlum bir ledidən, onun timsalında insanların psixoloji durumundan bəhs edir. Əsər özü konsultativ bir janrdadır. Bir pasiyentin həyatından bəhs etməklə yanaşı, çalışmışıq ki, psixoloqun kim olması, psixoloji konsultasiyanın nə olması barədə məlumat verək. Həm texniki prosedurları, həm də problem və onun həlli yollarını göstərməyə çalışmışıq. Kitabın redaktəsini Cəlil Cavanşirə verdik. Ona qədər biz bilirdik ki, dünyada bu mövzuda əsərlər yazılıb. Amma Cəlil bəy qeyd elədi ki, sırf bu istiqamətdə əsərə rast gəlməmişik. Məqsəd də nədən ibarət idi bu kitabın yazılmasında?! İndiyə qədər bizim insanlar psixoloji konsultasiya, psixoloqun xidməti haqqında tam məlumatlı deyillər. Yəni məlumatsızlıq vakuumu yaşayırıq. Ona görə qərara gəldik ki, bu məqamla bağlı kitab yazaq və insanlarımıza yardımçı olaq. Oxşar problemli olan insanlar ola bilər ki, X Lady-nin yaşadığı problemləri yaşayır. Onlar bunu çıxış yolu kimi görə bilərlər.

- Son illərin tendensiyası göstərir ki, insanlar psixoloqa daha çox müraciət etməyə başlayıblar. Sanki insanımızın buna ehtiyacı artıb. Əslində vəziyyət necədir?

- İnsanların birmənalı şəkildə psixoloqlara müraciətləri artıb. İstər dünyada gedən proseslər, insanların psixoloji durumu ilə bağlı narahatlıqların artması adi hala çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının illik hesabatlarında da bu, öz əksini tapıb. Eyni zamanda Azərbaycanda da bu istiqamətdə maariflənmə işinin artması psixoloqlara müraciəti intensivləşdirib. Praktik psixologiyanın Azərbaycanda yayılmasında yerli mətbuatın iştirakı əvəzolunmazdır. Mətbuat hər zaman cəmiyyətdə baş verən bu və ya digər problemlərlə bağlı ekspert kimi psixoloqların rəyini öyrənir. Bu, bizim işimizi irəli atıb sürətləndirir. Hazırda psixoloq bir brendə çevrilib. Kiməsə “mən psixoloqam” deyəndə, əsəbi adamdırsa sakitləşməyə, tövsiyə almağa çalışır, bir qismi isə qabağa gedərək, “üzümə baxıb mənim haqda nə deyə bilərsiz” tipli suallar verir. Bütün hallarda əgər cəmiyyət maariflənibsə, buna sadəcə sevinmək lazımdır. Narahat edən məqamlarımız var ki, bunlardan biri də psixoloji xidmətin qurulması ilə bağlı nəzarət funksiyasının həyata keçirilməməsidir. Hesab edirəm ki, bu da yaxın zamanlarda öz həllini tapacaq.

- Elnur bəy, bəs cəmiyyət daha çox hansı problemlərdən əziyyət çəkir? Sizə müraciət edənlərin əsas qayğıları nələrdir?

- Bu şikayətlər müxtəlif istiqamətlərdə olur. Əsasən ailədaxili problemlərlə bağlı müraciətlər üstünlük təşkil edir. Sadəcə elə insanlar var ki, seçim edə bilmir. Yaş da keçir. Bu isə müxtəlif psixoloji problemlərdən dolayı baş verir. İnsanların bir qismində cəmiyyət arasına çıxa bilməmə, avtomobilə minə bilməmə, bunu etdiyi təqdirdə sıxılma kimi hallar özünü göstərir. Elə insanlar var ki, tez-tez əl yuyur, bu da onlarda narahatlıq yaradır. Əgər bu insan ailəlidirsə, özünün psixoloji narahatlığı ailədəki digər fərdlərə təsir göstərir. Belə bir narahatlığı olan insanın evinə də az qonaq gəlir, özü də az qonaq gedir. Çünki qonaq gedəndə özünü diskomfortda hiss edir, evinə qonaq gəlirsə, onun gedişindən sonra bütün evi xlorlayır, təmizləyir. Bunu da evdəki adamlar görürlər və bu, ailədaxili münasibətlərə pis təsir göstərir.

- Son dövrlər cəmiyyətdə baş verən manyakal qətllər, vəhşiliklərlə bağlı mediada silsilə yazılar dərc edilir. Bacısını öldürən qız, həyat yoldaşını baltalayan ər, evinə od qoyan kişi… Sizcə, bu mənzərənin səbəbi nədir? İnsanlarımız niyə qəddarlaşıb?

-  Bu hal müşahidə olunub. Biz iki gündən bir ailədaxili konfliktlərin cinayətlə nəticələnməsi, intihar xəbərləri alırıq. Cəmiyyətdə total bir fərdiləşmə gedir. Sanki hər kəs özünü düşünür. Ailədə ər də, arvad da, uşaq da ayrı-ayrılıqda ancaq özünü düşünür. Amma bu, bizim ailələr, Azərbaycan toplumu üçün yad bir şeydir. Çünki 20 il bundan qabaq üstüaçıq avtomobildə bütün kənd yığışıb kolxoza, ya da pambıq yığmağa gedirdi, axşamlar oturub söhbət edirdi. Yəni insanlarda bir kollektiv əhval-ruhiyyəsi vardı. Amma indi insanlarda fərdiləşmə gedir. Nəticədə bu, yadlaşmaya gətirib çıxarır. Məsələn, bacılar arasında yadlaşma olur, qardaşla qardaş arasında soyuqluq yaranır. Bu da son nəticədə psixoloji problemlərlə nəticələnir. Yəni insan son nəticədə özünə sual verir ki, mən niyə yaşayıram, atam-anam uzaqdadır, mən onlarla əlaqə saxlaya bilmirəm, çünki hədəflərim var… İnsan yaşamaq uğrunda mübarizə kontekstində məişət problemlərinin girovuna çevrilib. Onun nəticəsi olaraq da məsələn, qardaş qardaşla mübahisə edəndə sanki yad adamlar bir-biri ilə mübahisə edirlər və onun nəticəsi də sizin dediyiniz kimi faciəvi olur.

- Sosial şəbəkələr, çoxfunksiyalı mobil telefonlar, televiziya bizim asosiallaşmağımıza nə dərəcədə təsir göstərir?

- Çox böyük təsir göstərir. Mən xüsusən sosial şəbəkələrin rolundan danışmaq istəyirəm. Çünki mobil telefonlar hazırda internetin funksiyasını yerinə yetirir. Bəzən insan gün ərzində iki dəqiqə o telefonla danışır, ya danışmır. Amma günün 15 saatını telefonla internetə girir, xəbərlər alır, sosial şəbəkələrdə baş verənləri izləyir. İnternetin yaratdığı ən böyük fəsad nədən ibarətdir? İnternet informasiya ötürücüsüdür. Siz internetdə istədiyiniz informasiyanı alırsınız. Nəticədə insan beyni də həddən artıq yüklənir. Bu yüklənmə də insanda narahatlıq, aqressiya, depressiya yaratmaya bilməz. İnternetdən iş məqsədilə istifadə edənlərlə yanaşı, vaxt keçirmək üçün istifadə edənlər də var. Bu, insanları passiv həyat tərzinə sürükləyir. İnsanlar yerindən tərpənmək istəmir. Vay o gündən ki, evdə internet kəsilə. İnsanlar başlayırlar aqressiv olmağa. İnsan komfort istəyir, yerindən qalxmaq istəmir. Birazdan görəcəksiniz ki, insanlar heç marketə də getmək istəməyəcək, internetlə sifariş verəcəklər ki, hər şey ayağıma qədər gəlsin. Azərbaycanda bu xidmət var, amma geniş yayılmayıb.

- Onlayn satış dünyada geniş yayılıb. İnsanların alış-verişlərini vaxt itkisi yaşamadan internet üzərindən etmələrinin nə fəsadı ola bilər sizcə?

- Bu ifrat komfort insanlarda çox böyük problemlərə yol aça bilər. İnsan robotlaşır. Siz mexaniki çalışmağa başlayırsınız. Səhər işə getmək lazımdır, axşam evə gəlmək lazımdır, dayanacaqda dayanıb gözləmək lazımdır…. Tıxaca düşməyəndə insan özünü qəribə hiss edir. Nəticədə özünü robot kimi hiss edir. Hissiyyat itir. Təsəvvür edin, əgər əvvəllər yolun qırağında bir avtomobil qəza keçirirdisə, ya bir adam yıxılıb ölürdüsə, ətrafına yardım məqsədilə nə qədər adam yığılırdı. İndi insanlar adi bir mənzərəyə baxırmış kimi baxırlar buna.

- Adətən psixoloqlar haqda zarafatla deyirlər ki, onlar yaxşı dinləyici olduqları üçün pul qazanırlar. Yəni insanların onların dərdini dinləyəcək birilərinə ehtiyacı olduğu üçün psixoloq qapısına gəlirlər. Bəs siz dərdi olan pasiyentlərinizə daha çox nə məsləhət görürsüz? İnternetdən uzaqlaşmaq, istirahət, ünsiyyəti azaltmaq və ya çoxaltmaq?

- Hətta bəzən deyirlər ki, psixoloqa ödəniş etdiyin üçün səni dinləyir.(gülür) Əslində reallıq odur ki, insan hər bir xidmətə görə pul ödəyir, avtobusa minirsə, gediş haqqı verir, mağazadan nəsə alırsa, onun dəyərini ödəyir və sair. Yəni bu real həyatdır. O ki qaldı sualınızın ikinci hissəsinə, problemlərdən konkret çıxış yolu yoxdur. Bir çıxış yolu var, o da maariflənmədir. İnsanda nəsə psixoloji gərginlik olanda dərhal psixoloqa müraciət etmir. Məsələn, düşünür ki, həftə sonu olsun, gedərəm. Ya da boş vaxt tapan kimi konsultasiyaya yazılacam. Yəni biz bunu ertələyə bilirik. Biz həmişə fikirləşmişik ki, psixoloji problem nə vaxtsa düzələcək və ona görə də getmirik. Amma fiziki rahatsızlığa daha çox diqqət yetiririk. Dişi ağrıyan diş həkiminə, canı ağrıyan əlaqədar həkimə dərhal müraciət edir. Bir çoxları psixoloji rahatsızlığa barmaqarası baxır. Bəzən belə rəylər olur ki, psixoloq qəbulu bahadır. Əslində belə deyil. Dünya ilə müqayisədə standartlara baxsaq, bizdə tariflər qat-qat aşağıdır. Biz buna müalicə kimi baxmırıq. Aparata göndərilmirsə, dərman yazılmırsa, analizlər alınmırsa, insanlar bu məsələyə bir az qeyri-ciddi yanaşır. Bizdə maariflənmə işi aparılmalıdır. Əgər mən özümü daim narahat, əhvalsız hiss edirəmsə, işimdən, həyatımdan zövq almıramsa bu, o deməkdir ki, artıq həyəcan siqnalı çalınıb və mənim beynimə hansısa virus girib. Hər kəs xoşbəxt olmaq istəyir və xoşbəxt olmaq üçün hamının öz düsturu var. Hər bir fərd onu xoşbəxtliyə aparacaq yolu bilir. Amma bunu həyata keçirə bilmirsə, bu, problem yaradır. Məsələn, əgər uşaqda rahatsızlıq varsa, bu, ərlə arvadın münasibətlərinə təsir göstərəcək. Yox, kişidə problem varsa, bu, uşaqla ananın psixoloji durumuna təsir edəcək. Amma dərhal olmaya da bilər. 5 ildən, 10 ildən sonra da ola bilər. Bir də görəcəksiniz ki, o adam həkimləri gəzir. Bir dəfə deyir ki, başımda şiş var. Başqa bir dəfə mədəsindəki şişdən narazılıq edir. Ayın 20 günü həkimləri gəzir və heç nə də çıxmır. Amma araşdıranda məlum olur ki, narahatlığı aldığı bir psixoloji travmanın nəticəsidir.

http://ailem.az/read/7730

 

Share to Odnoklassniki