Yazmaq sağaldır insanı, yaxşılaşdırır, bütünləşdirir ağlı ilə qəlbini, üzləşdirir qorxularıyla, deyə bilmədiyi sözləri, ifadə edə bilmədiyi hissləriylə. Yazmağın nə bir şərti var, nə bir xərci. Sadəcə kağız, qələm və siz… Bu möhtəşəm üçlük təsəvvür belə etmədiyiniz möcüzəvi bir qüvvəyə malikdir. Şəxsən heç bir tanışlığın olmasa da yazdıqları əsərlərlə sanki qırx illik dostunmuş kimi hiss elətdirən şairlər,yazıçılar da elə sözün bu sehrindən ustalıqla istifadə edənlər deyilmi?
Psixoterapiyada “yazı terapiya”sı deyilən bir metod da var.Amerikada Texas Universitetinin professoru James Pennebaker tərəfindən kəşf edilmişdir. Yazı terapiyasına əsasən bütün pis,neqativ, sizdə hirs, əsəb, üzüntü yaradan hissləri bir kağıza yazmaqla onlardan qurtula bilərsiniz. Aparılan bir çox tədqiqatlar ilə insanların problem və duyğularını yazmaqla psixi və fiziki narahatlıqlardan, hətta aids, astma və artrit kimi xəstəliklərdən qurtulduğu dəfələrlə sübut edilmişdir.
Sizi incitmiş, üzmüş birimi var? Iş yerində haqsızlığamı uğramısınız, rəhbərlik ilə aranızda problem yaranıb? Əsəbi və gərginsiniz? Tamamdır, götürün kağız və qələmi ( ən çıxılmaz halda telefonun “qeydlər” bölməsi) ona məktub yazın. Göndərməyəcək olsanız belə, yazın. Demək istəyib də hansısa səbəblər üzündən deyə bilmədiklərinizi, incinmiş duygularınızı, hirsinizi, kininizi hamısını tökün sətirlərə. Nə qədər rahatlayacağınızı özünüz görəcəksiniz. Bunların içinizdə yığılıb qalaraq , stresə, həyəcan pozuntusuna, bəzi psixosomatik xəstəliklərə çevrilməsinə izin verməyin!!!
Informasiya texnologiyalarının inkişafı, ağıllı telefonlarımız, sosial şəbəkələr… Bunlar nə yazıq ki həyatımıza müəyyən rahatlıq gətirməklə yanaşı məhz ən gözəl duygularımızı da əlimizdən alır. Bəzən boşuboşuna sosial şəbəklərdə, internetde o qədər vaxt keçiririk ki, nəinki sevdiklərimizə özümüzə belə ayırmaga vaxt tapmırıq. Ayda ildə bir dəfə (onu da facebook vasitəsilə öyrənirik) edilən təbrik mesajları belə şablonlaşıb artıq. Nəinki ətrafımıza özümüzə belə göstərməmiz gərəkən diqqəti qayğını avtomatlaşdırılmış müasirliyə qurban veririk.
Son zamanlar ən çox danışılan müzakirə edilən mövzulardan biridir keçmiş dostluqlar, sevgilər, insanlararası möhkəm, qırılmaz, güvən verən münasibətlər. Bunun bir çox səbəbləri var təbiiki. Amma işin məğzinə baxdıqda bir faktora diqqətinizi çəkmək istəyirəm. Keçmiş ilə indi arasında ən çox itirdiyimiz, ünsiyyət və bunun bir forması olanMəktublaşmaq. Buna vərdişmi deyim, dəyərmi deyim bilmirəm. Ama hər nədisə bax bunun əskikliyi sevdiklərimizlə münasibətdə böyük qırılmalara, soyumalara gətirib çıxarıb. Əvvəllər dostlar bir-birlərinə məktublar yazar, hətta içinə şəklini qoyar göndərər, sonrada həyəcanla gələcək cavabı gözlərdilər. Analar uzaqda təhsil alan, işləyən və ya əsgər getmiş övladlarının məktubunu üzünə-gözünə sürərək oxuyar, sanki uzaq yollar keçib gəlmiş bu kağız parçasından övladının qoxusunu alardılar. Sevgililər min bir risk, qorxu,təşviş içərisində məktublar yazar, hisslərini, deyə bilmədiklərini, gözlərinə baxarkən min bir söz ilə yüklənib susan dilin kilidini sətirlərdə açardılar. Elə isə sizcə o vaxtkı dostluqları,sevgiləri qirilmaz, möhkəm, sədaqətli edən şey bu munasibətlərin qurulması üçün verilən əmək, çətinlik , diqqət deyilmi?
Bir düşünün bugün insanlar ən çox nədən şikayət edirlər, münasibətlər nədən bitir, nədən soyuqlaşır, valideyin övladdan niyə inciyir? ! Bunun kökündə nə yatır?! Diqqətsizlik!!! O zamanlar, məktub yazmağı dəyərli edən ən böyuk səbəb də bu idi yəqin. Çünki yazmaq bir diqqətdir, dəyərdir, əməkdir. Bütün günlük işlərin arasında vaxt tapıb sevdiyinə ayırdığın özəl bir zamandır, hansı ki, bəlkə də yanında oldugun bir gündən belə daha dəyərli daha unudulmaz qısa bir zaman kəsiyidir.
Hami diqqət axtarır, diqqət gözləyir. Amma heç kim həll yolu axtarmaq istəmir. Bəlkə bu aksiyanı elə ilk özümüz başladaq? Sevgiliniz, həyat yoldaşınız, dostunuz ən yaxınınızda kim varsa, hədəfinizi müəyyən edin. “Möhtəşəm üçlük” ü fəaliyyətə keçirin. Və yazın… Bugünə qədər ürəyinizin ən dərinlərində gizləyib, deməyi unutduğunuz, çəkindiyiniz nə varsa yazın… Bütün səmimiyyətinizi, sevginizi, qəlbinizi qatın bu işə… Səhər yoldaşınız oyanarkən baş ucunda, dostunuz kitabı arasında, sevgiliniz bir çiçəyin üzərində bu məktubu tapanda onun möcüzəvi gücünün şahidi olacaqsınız…
PS: Sınamadan bilməzsiniz…
Fəridə Qasımova
AMEA Genetik Ehtiyyatlar Institutunun doktorantı, kiçik elmi işçi