Şəxsiyyətlərarası münasibətləri çətinləşdirən davranışlardan biri də özünümüdafiədir. Münasibətlərdə özünümüdafiəni dayandırmaq çətindir, çünki, özümüzü müdafiə etdiyimizin fərqində olmuruq. Özünümüdafiəni adətən aşağıdakı şəkillərdə görə bilirik.
- İnkar edərək. Bu halda şəxs nə ilə günahlandırılırsa bu davranışı inkar edərək özünə haqq qazandırır və günahlandırıldığı davranışı etmədiyi ilə bağlı dəlillər gətirməyə çalışır, günahsız olduğunu deyir, çünki buna inanır. “Əslində bu qədər böyüdəcək bir shey yox idi”, “nə əlaqəsi var? “, ” Mən günahsızam” deyə düşünür. Buradakı inkara səbəb günahkarlıq, peşimançılıq hissi də ola bilər. Səhvini qəbul etsə bu duyğuları yaşaya bilər deyə özünü müdafiə edir.
- Açıqlama edərək. Bu zaman şəxs bəzi bəhanələr gətirir, səhv anlaşıldığını izah etməyə çalışır və yenə də buna inanır. “Sənə belə xoş olar deyə düşündüm”, “Axı bu normaldır”, ” Hardan bilə bilərdim?” kimi bəhanələrlə özünü müdafiə edir. Buradakı hiss isə itirmə qorxusu ola bilər, bir insanı itirmək istəmiriksə yaranan anlaşılmazlıqlarla bağlı ona açıqlama gətiririk.
- Əks hücuma keçmək. Əks hücuma keçmək isə özünümüdafiənin ən çox görülən şəklidir. Şəxs qarşı tərəfin davranış və düşüncələrini özünə yönəldir. Məhz bu zaman problemlər daha da kəskinləşir. Tərəflər bir-birini dinləmir, problemin qarşı tərəf üçün nədən ibarət olduğu haqqda fikri bele olmur, sadəcə özünümüdafiə edir. Əks hücuma səbəb isə haqlılıq hissi ola bilər. Şəxs özünü haqlı, qarşı tərəfi günahkar gördüyü üçün özünü bu şəkildə və “Problem səndədir”, “Bu mənim haqqımdır”, “Sən də eyni şeyi edirsən” kimi ifadələrlə müdafiə edir.
Şəxsiyyətlərarası münasibətləri yaxşılaşdırmaq üçün özümüzü müdafiə etmədən əvvəl qarşı tətəfi dinləməli və anlamağa çalışmalıyıq.