Qüsursuz üslub, zəngin dünyagörüşü olan maraqlı həmsöhbət, öz sənətinin mütəxəssisi, psixiatr Araz Manuçehri-Lalei… Fikirlərini ifadə etmək qabiliyyəti o qədər güclüdür ki, sözünü kəsmədən onu saatlarla dinləmək istəyirsən. Onunla ünsiyyət zamanı biz psixologiya və psixiatriyanın insanın daxili aləminə təsiri ilə bağlı bir çox məqamları aydınlaşdırmağa çalışdıq. Onun hiss və düşüncələri ilə yaxından tanış olduq. Söhbətimizdəm zövq aldım. Beləliklə, tanış olun - Araz Manuçehri – Lalei…
Psixologiyaya necə yanaşırsınız və psixoloji biliklərdən həyatınızda istifadə edirsiniz?
Mən indiyə kimi həyatımda psixologiyaya pis yanaşan insan görməmişəm. Hər insan mühəndis olmaq istəməz, lakin psixoloq olmağı hər kəs istər. Çünki psixologiya sırf insanla bağlı olub onun daxili aləmini öyrənən elmdir. Bəli, mən peşəmə görə psixoloji biliklərimdən də gündəlik həyatımda istifadə edirəm. Yaxşı psixiatr olmaq üçün ilk növbədə yaxşı psixoloq olmaq lazımdır. Psixologiya ilə psixiatriya sırf bir-biri ilə bağlı elmlərdir.
Çox vaxt deyilir ki, psixologiya dəqiq elm deyil. Buna münasibətiniz.
Bəli, bu fikir çoxdan mövcuddur. Riyaziyyatdan fərqli olaraq, psixologiyada konkret rəqəmlər, konkret ölçü, hesab yoxdur. Lakin psixologiyada insanı davranışına, təfəkkürünə görə öyrənən sahə var. Burada biz insanın təfəkkürünü onun nitqindən başa düşürük. Bir çox aparılan ekspermentlərdən dəqiq nəticələr alınır.
Psixologiya nə elmdir, nə incəsənətdir, nə də qabiliyyətdir. Psixologiya bütün bunları özündə birləşdirir. Bu elm konkret bir obyekti öyrənmir. Psixologiya insanın ağlını, düçüncəsini öyrənir.
Ətrafdakı insanlarla ünsiyyətdə psixologiya sizə necə kömək edir?
Ətrafdakılara qarşı daha soyuqqanlı, təmkinli olmağımda psixologiya mənə kömək edir. Yəni onların emosiyalarına reaksiya vermirəm. Çalışıram emosiyalara qapanmayım.
Ümumiyyətlə soyuqqanlı insansınız?
Yox. Çox emosional insanam. Əsasən də dost-tanış arasında emosiyalarımı cilovlamıram. Emosional olmaq mənim xoşuma gəlir.
Psixiatr olmaq fərqlidirmi?
80-ci illərdə mən xatxa-yoqa ilə maraqlanırdım. Yoqa isə insanın öz daxili aləmini öyrənməsini tələb edir. Sonralar universitetdə oxuyarkən rəhmətlik Ağabəy Sultanov mənə psixiatriyadan leksiya oxuyurdu. Onun dərsləri çox maraqlı keçirdi. Bununla marağım daha da artdı psixologiyaya. Və mən indi çox şadam ki, bu sənətin sahibiyəm.
Psixiatriyada ən xoşunuza gələn məqam nədir?
Mən azadlıq sevən insanam. Və mən psixiatriyada azadlığı gördüm. Azad təfəkkür, müxtəlif diaqnozlar var və hər zaman bu diaqnoz haqqında öz fikrini söyləyə bilərsən. Azad davranış- yeni bir fikir deyəndə psixiatr olduğum üçün heç kəs buna neqativ reaksiya vermir. Azad geyim- necə istəyirəm geyinirəm çərçivə daxilində. Psixiatriyada bu azadlığı tapmaq olur.
Azərbaycan insanının psixiatriyaya və psixiatra olan münasibəti sizi qane edirmi?
Bizim ölkədə insanların psixiatrik xəstəxanaya və ya psixiatra münasibəti mənim istədiyim kimi deyil. Onlar üçün bu qeyri-normaldır. Amma mənim belə xoşuma gəlir. Qoy belə fikirləşsin hamı. Ağıllı olub yüz nəfərin dərdini çəkincə, dəli ol, yüz nəfər sənin dərdini çəksin. Bizim cəmiyyət hələ o səviyyəyə çatmayıb ki, psixiatriyanı başqa nöqteyi-nəzərdən qəbul etsin.
Bir psixiatrın poeziyaya, musiqiyə, incəsənətə yanaşma tərzi bizə maraqlıdır.
Ümumiyyətlə psixiatr bu biliklərdə adi adamdan bir pillə yüksəkdə olmalıdır. Psixiatriyada yeni işləməyə başladığım vaxtlarda bir xəstənin yazdığı şeirin mənbəyini tapmaqla mən öyrəndim ki, 19-cu əsrdə belə bir şair yaşayıb. Və yaxud bir xəstəm fiziki qanunun yeni istiqamətini tapdığını deyirdi, mən məcbur olub o fiziki qanunu araşdırdım, yeni nəsə öyrəndim və s. Psixiatrın dəbdən də, ədəbiyyatdan da, fizikadan da, incəsənətdən də məlumatı olmalıdır.
Özünüzdə nəyi dəyişdirmək istərdiniz?
Professor Sultanov mənə həmişə deyirdi: İnsanlara “yox” deməyi öyrən. Mən empatiya tipli insanam. Mənimçün yox demək çox çətindir. Amma düzünü deyim ki, heç nəyi də dəyişdirmək istəmirəm. Özümü olduğum kimi sevirəm.
Sevgi və eqoizm bir-birinə yaxındırmı?
Eqoizm odur ki, insan hər şeyin onun üçün və onun istədiyi kimi olmasını istəyir. Mən kimisə sevirəmsə və mən kiməsə gül bağışlayıramsa, mən ilk növbədə özümə yaxşılıq edirəm. Mənə yaxşıdırsa, ona da yaxşıdır. Freydin belə bir sözü var : Mən səni sevirəm, çünki səninlə mənə xoşdur. Eqoizm və sevgi bir-biri ilə sıx bağlıdır. Eqoizm yalnız ananın balaya olan sevgisində ola bilməz.
İnsanlarda ən çox nəyi bəyənirsiniz?
İnsanlarda ən çox insanpərvərlik və xeyirxahlığı bəyənirəm.
Bəs hansı keyfiyyətləri bəyənmirsiniz?
Öz səhvlərini görməyib başqalarında səhv axtaran insanları sevmirəm.
Xoşbəxtlik sizin üçün nədir?
Xoşbəxtlik – hər şeyin öz zamanında baş verməsidir.
Nəyi bağışlaya bilmirsiniz?
Mən insanların davranışını özüm özümdə analiz edərək başa düşürəm. Başa düşürəm ki, bu insan başqa cür edə bilməzdi. Bu insanın səviyyəsi budur. Məsələn, itdən tələb etmək olmaz ki, o pişik kimi miyoldasın. İtin işi hürməkdir. Əgər itdən başqa nəsə gözləyirsənsə bu sənin günahındır. Bu insanın ağlı, düşüncəsi bu qədərdir. Sadəcə bu mənfi xüsusiyyəti çalış müsbət tərəfə istifadə et.
Son olaraq oxucularımıza nə demək istərdiniz?
Birincisi, bu jurnalı 2-ci sayı münasibətilə təbrik edirəm. Bu müsahibə vasitəsilə sizə özəl hökümət tərəfindən lisenziya olunmuş ilk psixiatriya xəstəxanasının rəhbəri sanki sizinlə üzbəüz əyləşib. Bu çox gözəldir ki, Azərbaycanda ilk psixologiya jurnalı ilk lisenziya olunmuş psixiatriya xəstəxanasının rəhbəri ilə müsahibə aparır… Düşünürəm ki, bu jurnalda insanın dünyagörüşünü inkişaf etdirən çox maraqlı məqalələr, intervyular dərc olunacaq. Və bu Azərbaycan cəmiyyətində irəliyə doğru böyük bir addımdır ki, biz artıq psixologiya haqqında açıq danışıb müzakirələr edə bilirik. Sizə müvəffəqiyyətlər və uğurlar arzu edirəm.
Aida Ağayeva
Müsahibə “Düşüncə” Psixologiya Jurnalından götürülmüşdür.
Cümə, Aprel 3rd 2015 at 8:53 am
Salam menim dehshet psixoloji problemlerim var depresiya nevroz elametleri xaish edirem mene komek edesiz