Niyə insanlara yox deyə bilmirik ?!
“Yox” deyə bilməmək günümüzdə ən aktual problemlerdən birinə çevrilib. Əslində bunu problem halına gətirən də elə biz özümüzük.
Etmək istəmədiyimiz bir mövzuda qarşı tərəfi incitmək istəmədiyimiz və alacağımız reaksiyadan narahat olduğumuz üçün özümüzü “hə” deməyə məcbur buraxırıq. Məcburi “hə” dediyimiz üçün də öz daxili rahatlığımızdan ödünc vermiş oluruq. Bu səbəblə də özgüvənimizin əskildiyini və daxilən rahat olmadığımızı hiss edirik.
Bəs məcburi şəkildə dediyimiz “hə”-lərin təməlində əslində nə dayanır?
Bizi “hə” deməyə təhrik edən nədir?
Özümüzü insanlara qəbullandırmaq, sevdirmək üçün bu davranışı icra edirik. Çünki “yox” desək, sevilməyəcəyimizi, önəmsənməyəcəyimizi düşünürük ki, bunun da təməlində yetərsizlik hissi dayanır. “Yox” desəm, “dostluq münasibətlərim pozular, hörmətsizlik etmiş olaram, məndən küsərlər, məni tərk edərlər, tək qalaram” kimi qorxular ön plana çıxır və bu qorxular bizim həyat keyfiyyətimizə təsir edəcək şəkildə özdəyərimizi zədələyir.
Əslində hər dəfəsində “hə” dedikcə var olan dəyərimizin azaldığından xəbərsizik.
Çünki bir insanın bizə dəyər verməsi üçün bizim müəyyən sərhədlərimiz olmalıdır. Əgər biz bu sərhədləri müəyyən etməsək, hər kəsin bizim şəxsi çevrəmizə daxil olmasına icazə vermiş olarıq.
“Yox” deməyi bacarmayan insanlar yetərsizlik hissi ilə yanaşı, qarşı tərəfi məmnun edə bilməməyin günahkarlığını da yaşayırlar.
Bu məqamda özünüzə edə biləcəyiniz ən böyük yaxşılıq “yox” deməkdən qaçmağın bir problem olduğunu qəbul etmək və problemin həlli üçün istiqamət təyin etməkdir.
Necə “yox” deyə bilərsiniz?
Biri sizdən bir şey istədikdə ona cavab verməzdən əvvəl özünüzün bunu istəyib istəmədiyinizi düşünün. Öz istəklərinizi ön plana çıxarmaq eqoistlik hesab edilmir. Nə istədiyini bilməyən insan həyatının müxtəlif mərhələlərində müxtəlif problemlər yaşayır. Özünü xoşbəxt edə bilməyən insan başqasını xoşbəxt edə bilməz.
“Yox” deyə bilmək üçün hərəkətə keçmək lazımdır. Bunun üçün ən rahat “yox” deyə biləcəyiniz insana istəmədiyiniz bir şey üçün “yox” deməkdən başlayın.