Peşə seçimində ailənin rolu !
Peşə seçimi həyatımızın ən mühüm seçimlərindən biridir. Peşə seçimi əsasən yeniyetməlik dövrünə təsadüf etdiyindən və bu dövrdə alınan qərarlarda emosionallıq yüksək olduğundan valideynlərin uşaqlara dəstək olması və istiqamət verməsi mühümdür.
Peşə seçimində şəxsin özünü tanıması, maraq dairələrini, bacarıqlarını, güclü və zəif olduğu sahələri bilməsi və doğru dəyərləndirməsi vacibdir. Uşaq əvvəlcə “Hansı peşəni seçsəm nailiyyət əldə edərəm?” sualına cavab verməlidir. Valideynlərin istəyi və cəmiyyətin təzyiqindən əlavə hansı peşəni sevdiyi və istədiyi, hansı peşədə bacarıqlı olduğu diqqətə alınmalıdır.
Uşağın arzusu olan peşə ilə bağlı məlumat toplamaq və o peşəni tanımasına kömək etmək ailənin məsuliyyətidir. Valideynlər uşaqda gördüyü bacarıqları və onun necə bir işdə nailiyyət əldə edəcəyinə dair olan fikirlərini uşaqla bölüşməli lakin, uşağa təzyiq göstərməməlidirlər. Qərarın uşaqlar tərəfindən verilməsinin vacib olduğu bilinməlidir və məsuliyyətin uşağa aid olduğu vurğulanmalıdır.
“Sənin istəyin nədir?” sualı uşaq və ailə tərəfindən cavablandırılmalıdır. Peşə seçimi barəsində hər mövzu uşaqla qarşılıqlı, dialoq halında danışılmalı, monoloqa çevrilməməlidir. Uşaq özünün dinlənildiyini və önəmini hiss etməlidir. Mütəxəssislər, psixoloq və ya psixiatr müşahidəsi ilə uşağın bacarıqlarını və hansı sahədə nailiyyət əldə edə biləcəyini təyin etmək olar, uşağın meyilli olduğu sahə elmi şəkildə təyin edilə bilər. Ailədə müşahidə bacarığının yüksək olması uşağın hansı sahələrə ( fiziki bacarıqlar tələb edən, zehni bacarıqlar tələb edən, və.s.) meyilli olduğunu ortaya çıxarar və uşağın öz bacarıqlarını təyin etməsinə kömək edər.
Uşağın nailiyyət əldə etməsi üçün yaşadığı mühit də vacib faktordur. Uyğun bir mühit olmadığı təqdirdə uşağın bacarıqları inkişaf edə bilməz. Uşağı cəsarətləndirmək, evdə rahat bir şərait yaratmaq, uşağa dəyərli hiss etdirmək uşağın nailiyyətlərini artıracaqdır. Güvən hissi inkişaf etmiş bir uşaq bütün bacarıqlarını ortaya çıxara bilər.
Davamı Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi Facebook səhifəsində