Şəxsi təcrübəmə əsasən bir çox xanımların müraciətlərində həyat yoldaşının orta yaş böhranı keçirdiyi ilə qarşılaşmışam.
Bu özünü necə göstərir?
Apatiya və emosional ambivalentlik,
Gələcəyə bədbin baxış,
Həssaslıq, həyata qarşı oriyentasiya itkisi,
Mütəmadi yorğunluq halı,
Əvvəl zövq aldıqlarına qarşı marağın itməsi və ya əksinə yeni qəribə vərdişlərin yaranması.
Yaş böhranları və özünüdərklə bağlı problemlər bütün insanlarda müxtəlif zamanlarda müşahidə olunur. Amma bu prosesdə daha çox problem yaşayan və bunu həssas qarşılayan kişilərdir. Hər şey fiziologiya, psixika və cəmiyyətin tətbiq etdiyi sosial standartlarla bağlıdır.
Kişilər ən çətin böhran dövrünü 40-lı yaşlarda yaşayırlar – orqanizm əvvəlki qədər davamlı və elastik deyil, bu vəziyyəti dəri rənginin solğunlaşması, ümumi fizioloji dəyişikliklərlə hiss edir. Eyni zamanda, gənclik dövründə yetkin həyat üçün təyin olunan plan və istəklərin bir qisminin xəyal olaraq qalacağını dərk edir.
Həyatın keçiciliyi və ölümün yaxınlığı, yetkin insanı rutindən çıxaran və ətrafındakı gerçəkliyi, dəyərləri və mühiti dərindən düşünməyə vadar edən əsas vurğulardır.
Bu prosesdə hansı üsullarla köməklik göstərə bilərik?
Ümumiyyətlə, bu proses yalnız bir insana məxsusdur – o özü situasiyanı təhlil etməli, nəticələr çıxarmalı və həyatın növbəti mərhələsi üçün yeni planlar qurmalıdır.
Onu sevən bir qadının edə biləcəyi şey lazımi anda dəstək olmaq, əhval-ruhiyyənin dəyişməsinə və partnyorunun tək qalmaq istəyinə tolerant yanaşmaqdır.
Partnyorunuz yalnız daxili tarazlığı tapdıqdan və özünü başa düşdükdən sonra sizi narahat edən şeylərdən və həmin müddətdə sizin hansı hissləri keçirdiyinizdən danışa bilərsiniz.
Müəllif : Nərmin Quliyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq