Toksik münasibət – bir addım belə irəli gedə bilmədiyiniz, davamlı olaraq özünüzü pis hiss etdiyiniz, sosial çevrənizə, işgüzar həyatınıza, hətta istər psixoloji, istər fizioloji sağlamlığınıza mənfi təsir edən münasibətdir.
Toksik münasibətinizin olduğunu göstərən əlamətlər :
Passiv-aqressiv davranışlar:
Nələrinsə yolunda getmədiyini hiss edir, lakin partnyorunuza “Nə baş verir, bizim problemimiz nədir?” deyə sual verdikdə, heç bir şey olmadığını deyir və bundan sonra sizə soyuq davranaraq sizi cəzalandırırsa, bu cür davranışa passiv-aqressiv davranış deyilir.
Bu vəziyyətdə ən böyük problem qeyri-müəyyənlik halı, sizə səbəblərin açıqlanmamasıdır. Tam olaraq nəyin yanlış olduğunu bilmədiyiniz üçün də həll yolu da tapa bilmirsiniz. Hiss etdiyiniz problemlərlə bağlı partnyorunuzla danışmağa cəhd etdikdə davamlı olaraq qapalı qutu ilə rastlaşırsınızsa, bu hal toksik münasibətinizin olduğundan xəbər verə bilər.
Davamlı olaraq nələrisə açıqlamaq məcburiyyəti:
Özünüzü ifadə etmək, açıqlamaq əlbəttə ki, problem deyil. Önəmli məqam bunu günahlandırıldığınız üçün edib-etməməyinizdir. Davamlı olaraq partnyorunuza nəyi niyə etdiyinizi, məsələnin o düşündüyü kimi olmadığını, günahsız olduğunuzu sübut etmək məcburiyyətində qalırsınızsa, sağlam bir münasibətiniz olduğunu demək olmaz. Özünüzü ifadə etməklə hesab vermək arasındakı incə cizgiyə diqqət edək. Hər zaman yanlış anlaşıldığınız və ya heç anlaşılmadığınız, davamlı hesab vermək məcburiyyətində qaldığınız bir münasibət olduqca dar çevrədə olduğunuzu göstərir ki, bu da sizin artıq siz ola bilməməyinizə yol açır.
Təkrarlanan döngü:
Davamlı olaraq eyni mövzulardan dolayı mübahisə edir, ortaq məxrəcə gəlib həll yolu tapa bilmirsinizsə, dönüb dolaşıb yenə eyni mövzuya qayıdırsınızsa, həll etdiyinizi sandığınız problem təkrar-təkrar mübahisənizə səbəb olursa, münasibətinizi bir daha gözdən keçirməkdə fayda var.
Zarafat qarışıq ifadələr:
Partnyorunuz sizi alçaldacaq bir ifadə işlədib sonra da bunu zarafatla dediyini, sizin ciddiyə alıb məsələni böyütdüyünüzü deyərək sizin üstünüzdə duyğusal basqı qurub sizə özünüzü günahkar hiss etdirirsə, ortada bir problem var deməkdir. Gülməli bir zarafat sizi güldürməlidir, əgər siz özünüzü alçalmış hiss edir və bu zarafata əsəbləşirsinizsə, bu halı da toksik münasibətin göstəricisi kimi dəyərləndirə bilərik.
Yorğun hiss etmək:
Partnyorunuzun intensiv olaraq dəyişən ruh halına ayaq uydurmaq həqiqətən də yorucudur. Aylarla və hətta illərlə bu cür yaşamaq sizi tükəndirə bilər. Sağlam münasibətdə hər iki tərəf özünü rahat, hüzur içində hiss etməlidir. Toksik münasibətdə isə zamanla yaxşı günlərin sayı azalar, pis günlərin sayı artar və bu da hər iki tərəfi yorğun hiss etdirər.
İzolyasiya olmaq:
Sizi yoran məqamlardan biri də ailəniz və dostlarınız da daxil olmaqla sevdiklərinizə zaman ayıra bilməməyinizdir. Partnyorunuz sevdiklərinizə ayırdığınız zamanı məhdudlaşdırır və həyatınızı ancaq ona bağlı yaşamağınızı istəyirsə, bu vəziyyət də toksik münasibətin göstəricisidir.
Həyat davam etdikcə biz də dəyişib inkişaf edirik. Zaman-zaman həyatımıza yeni insanlar daxil olur, sosial çevrəmiz dəyişir, seçimlərimiz, istəklərimiz dəyişir. Əgər bu cür dəyişimlərdə bir-birinizin yanında ola bilmir, bir-birinizi dəstəkləyə bilmirsinizsə, münasibətinizi gözdən keçirməyiniz tövsiyə olunur.
Əgər problemlərinizin öhdəsindən təkbaşına gəlməkdə çətinlik çəkirsinizə, psixoloqdan dəstək almağınız çox yaxşı olardı.
Müəllif : Leyla Əliyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu