Keçmişin yükünü gələcəyə daşımaq.İnsan keçmiş zamanı, indiki zamanı və gələcək zamanı eyni anda düşünüb yaşaya bilmə xüsusiyyətinə sahib yeganə canlıdır. Bunu istədiyi tərzdə yaşama haqqı da özünə aiddir. Ümumiyyətlə, dünən bu günü, bu gün sabahı, sabah isə gələcəyi inşa edərək davam edir. Bir çox müsbət və mənfi hadisələr yaşayır, xatirələr yaxud kədər toplayaraq yolumuza davam edirik. Müsbət hadisələr xatirə kimi formalaşdığı halda, mənfilər “dərd toplusu” kimi gələcəyimizə maneə törədir. Xatirə kimi topladığımız gözəl şeylərin gələcəkdə bizə problem yaşatma ehtimalı yoxdur. Gələcəyimizin qandalları olan keçmişin yükləri mənfi yaşadığımız hadisələrdir. Yaşanılan hadisələrə təcrübə kimi baxıb onlarla üzləşməyənlər bu keçmişin yükünü gələcəyə də daşıyırlar və o yükün altında gələcəyə istiqamətlənməkdə çətinlik çəkirlər. Bu mənfilər, dünənimizi korlayan yüklərin, mənfi hadisələrin bu günümüzə təsirinə və gələcəyimizi məhv etməsinə icazə verməməliyik. Keçmişin yüklərinin gələcəyimizi korlamasına icazə verməmək bizim deyilsə kimin məsuliyyətindədir?!
Gələcəyi keçmişin yükündən xilas etmək.
Keçmişin yükünü keçmişdə saxlamaq üçün yaşanan hadisədən asılı olmayaraq onu olduğu yerdən yəni keçmişdən çıxarıb onunla üzləşmək, bəlkə də qəbullanıb ona rəğmən yola davam etmə iradəsini göstərmək lazımdır. Şüarımız “üzləş, daxili konflikti həll et, bağışla, həyatına davam et” olmalıdır. İstənilməyən övlad kimi dünyaya gəldiyimizi düşünək; keçmişdəki bu istənilməmək hissi ilə necə üzləşəcəyik? Nə edəcəyik? Dünyaya gəlmişik və yaşayırıq, keçmişin bu yükünə rəğmən yolumuza sağlam şəkildə davam etməmə bizim iradəmizdədir. Əlbəttə istərdik ki, hamı tərəfindən arzulanan övlad olaq, amma elə olmadısa, ömür boyu keçmişin bu yükünü, yarasını həyatımızın mərkəzinə qoyub istənilməyən uşaq olma əskilliyi ilə yaşayacağıq? Yaxud ən saf və gözəl hisslərlə sevərək ailə qurduğumuz şəxs bizə xəyanət edib, bu halda yaşayacağımız hiss əlbəttə ki, xəyal qırıqlığıdır. Amma keçmişin bu mənfi təcrübəsinin gələcəyimizə mənfi təsirinə icazə verməliyik? Tərkedilmə qorxusu ilə üzləşməyimiz həyatımıza davam etməyimizdə işimizi asanlaşdıracaq. Dəfələrlə iş görüşünə gedib, işə qəbul olunmadıq deyə evdə oturub işin qapımıza gəlməyini yaxud ümidsizliyə düçar olub işsiz qalmağa razı olacağıq? İmtahana girdik uğursuz olduq deyə növbəti imtahanlardan qorxub hədəflərimizdən imyina edəcəyik?
Keçmişin yükünə rəğmən gələcəyə getmək.Saysız-hesabsız müxtəlif uğursuz bir çix hiss və hadisə yaşamış ola bilərik. Keçmiçdə yaşananların əsiri olmadan gələcəyimizin qəhrəmanları olmalıyıq. Maddi yaşanan mənfi təcrübələrin bizi xəsis, mənəvi yaşananların bizi sərt, soyuqqanlı etməsinə icazə verməməliyik. Keçmiş yüklərimizdən xilas olub, yaralarımızı sağaltmaqla bağlı qərarlı olmalıyıq. Keçmiş yüklərimizdən xilas olmadan gələcəyimizi düzgün qura bilmərik. Üzləşməmiş, bağlanmayan hər yaranın əsiri olmaq qaçılmaz haldır. Həyatı cəsur və qərarlı insanlar yaşayırlar, qorxaqlar baxırlar. İnsan özünə maneə törədən, gücünü azaldan, gələcək enerjisini məhv edən keçmiş yüklərindən, yaralarından xilas olmağı istəməyi də şəxsi iradəsidir. İnsan yanlışları və qüsurları ilə özünü inşa edir. Keçmişdəki səhvlərimiz, təcrübələrimizi və gələcəyə yönəlik planlarımız özümüzü yaratmaq üçün lazımi struktur vaaitələrdir. Özümüzə əsəbiləşməyək. Yaşanıb bitən hadisələri gələcəyin kompasına çevirmədən rasional düşünüb qərar verməliyik. Problemli keçmişimizdə qalaraq qüsursuz gələcək formalaşdıra bilmərik.Bizi biz edən səhvlərimizdir. Yanlış və problemli tərəflərimizə qarşı qəddar olmamalıyıq. Çünki nə qədər yaxşı xüsusiyyətimiz varsa, hamısı yanlışlarımızın və təcrübələrimizin əsəridir. Bunu unutmamalıyıq!
Müəllif : Nərmin Quliyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq