Həm ac, həm susuz olan uzunqulaq özü ilə eyni məsafədəki yerə qoyulmuş su və saman arasında jeç cür qərar verə bilmir, həm aclıqdan, həm də susuzluqdan ölür.
Buridanın uzunqulağı kimi bilinən bu hekayə fəlsəfədə azad iradə mövzusu ilə paradoks təşkil edir. Fabl adı fransız nominalist filosof Jean Buridandan (1295-1356) alınıb. Qərarsızlıqla bağlı hər hansı mövzu açıldığı zaman ilk olaraq ağlımıza Buridanın uzunqulağı gəlir…
Qərarsızlıq nədir sualı ilə başlayaq. Qərarsızlıq, hər hansı bir mövzuda qərar verə bilməmə yaxud alternativlər arasında seçim etməmə kimi dəyərləndirilir. Bir davranışın həqiqətən qərarsızlıq olub-olmamasına qərar vermək üçün əvvəlcə həmin davranışın mısuliyyətsizlikdən, diqqətsizlikdən və ya demotivasiyadan qaynaqlanmadığını müəyyənləşdirmək lazımdır. Real qərarsızlığın tərkibində tərəddüd olur, nəyin yaxud hansının daha doğru olması ilə bağlı ümumi bir nəticəyə gələ bilməmək var. Buna görə də “ən pis qərar, qərarsızlıqdan daha yaxşıdı” sözü nəzərə alınmalıdır.
Bəzi insanlar gündəlik həyatda qərar veriləcək situasiyalarda çətinlik çəkirlər. Nə yeyəcəyini, nə geyinəcəyini, hara gedəcəyini, nə alacağını saatlarla (bəzən günlərlə) düşünür. Bu insanların bir qismində də verdiyi qərarın doğru olub-olmadığı ilə bağlı fikir qarışıqlığı müşahidə olunur. Qərarsızlıq, həm insanın özü, həm də bu vəziyyətin təsir göstərdiyi insanlar üçün çətin prosesdir.
Qərarsızlığın əsas səbəbləri :
Özgüvən əskikliyi: özgüvəni yüksək olan insanlar daha asan qərar verirlər. Amma doğru qərar vermək üçün bu özgüvənin sağlam olması vacibdir. Sağlam özgüvənə sahib insanlar müəyyən informasiyaya malik olmadıqları mövzunu başqasına danışmaqdan dolayı narahatlıq keçirmirlər. Bir dəfə qərar verdikdən sonra həmin qərarın doğru olub-olmadığı ilə bağlı fikirlər yaransa da “görəsən başqa cür qərar versəydim daha yaxşı olardı?” fikri onları narahat etmir. Sağlam özgüvənə malik insanlar yanlış qərar verə biləcəyini yaxud qərar səhv nəticələndisə bunun yanlış olduğunu qəbul edər.
Səhv etmə qorxusu: qərar vermək həm də seçim etməkdir. Eyni zamanda risk almaqdır. Etdiyi seçimin yanlış ola biləcəyini düşünmək bir çox insanda qərarsızlıq yaradır. Səhv etmə qorxusu yaşayan insanlar səhv etdikdə özlərini itirəcəklərini, ya da digər insanların mümkün reaksiyalarını düşünür və bunu şişirdirlər.
Çəkingənlik, utancaqlıq: çəkingən və utancaq insanların qərarsız olmalarının ən böyük səbəbi verdikləri zərərə görə başqalarının gözündə dəyərinin aşağı enməsi narahatlığıdır. Verdiyi qərarın bəyəniləcəyini, tənqid olunacağını, səhv başa düşüləcəyini və əks-reaksiya görəcəyini düşünərək narahat olurlar. Məktəb dövründə müəllim sual verəndə bilsə də cavab verə bilməmək buna bir nümunədir. Bu insanlarda bütün kameralar onlara çevrilmiş kimi bir hiss olur. Həmçinin digər mühüm problem, verdiyi qərarı necə açıqlayacağı və tətbiq edəcəyidir. Xüsusilə, başqalarına təsir edəcək vəziyyət olduğu təqdirdə çəkingən insanlar qərar verməkdə daha çox çətinlik çəkirlər. Buna görə də belə hallarda hər hansı bir qərarı olsa da qərarsız görünürlər.
Mükəmməlliyyətçilik: xüsusilə obsessiv-kompulsiv pozuntu yaxud şəxsiyyət olan insanlarda tez-tez müşahidə olunur. İnsan hər nə etsə də, nə qədər çalışsa da mükəmmələ çatmağı düşünür. Hər etdiyi hərəkətdə əskik nələrsə tapır. Diqqətini kiçik detallara yönəldir və heç bir nəticəyə varmır. Ən yaxşını, ən gözəli, ən mükəmməli etməyə çalışarkən heç bir qərar verə bilmir.
Qarşıdakı insanın maraq və sevgisini itirmə qorxusu: bu strukturdakı insanlar bir tərəfdən şəxsi istəklərini, digər tərəfdən də qarşısındakı insanın istəklərini düşünərkən qərarsız qalırlar. Şəxsi istəklərini yerinə yetirməyə çalışsalar, möhtac olduğunu düşündüyü sevgidən məhrum qalacaqları ilə bağlı təşviş hissi keçirirlər. Bir çox hallarda heç bir istəkləri, ehtiyacları yoxmuş kimi davranır; qərarı ya qarşı tərəfə buraxır ya da onun istək və tələbatlarına uyğun davranırlar.
Asılı şəxsiyyət strukturu: təkbaşına qərar verə bilməyən və özü ilə əlaqədar başqasının qərar verməsini gözləyən asılı şəxsiyyət strukturuna malik insanlar, hər mövzuda qərarı başqasının ixtiyarına buraxırlar. Onların bu gözləntiləri kənardan qərarsızlıq kimi görünür:
Məlumatı olmayan mövzuyla qarşılaşmaq
Qeyri-identiklik
Problemli, konfliktli mühit
Qarşısındakının təzyiq xarakterli davranışı
Bütün qərarların mənfi nəticələr verməsi
Qərarsızlıqla necə mübarizə apara bilərik?
Maddə-maddə yazmazdan əvvəl bunu unutmamalıyıq ki, qərar verməyi öyrənmək istəyiriksə, itirməkdən qorxmamalıyıq!!!
Yalnız situasiyaya köklənin: şəxsi hisslərinizi kənara qoyun və əldə etdiyiniz məlumatlar istiqamətində mövzunu şəxsiləşdirmədən davam edin. Gizli detektiv və ya müxbir olduğunuzu düşünün. Yaxud da hakim… əlinizdəki məlumatlar, sübutlar nə göstərir? Necə davam etməlisiniz? Necə qərar verməlisiniz?
Qısa-uzun müddətin müqayisəsini aparın: verəcəyiniz qərarların böyüklüyünə görə addım atmaqda qısa və uzun müddətini müqayisə etmək faydalı olar. Çünki qərarınız uzun müddətdə sizi daha xoşbəxt edəcəksə və ya qısa müddətdə etməli olduğunuz bir işdirsə, buna uyğun qərarınızı verin. Qısa müddətdə olmalıdır? Qərar verilməlidir? Yoxsa bir müddət gözləmək olar?
10/10/10 qaydası: Harvard Business Reviewnun redaktoru Suzy Welch, iş həyatı və ailəsi arasındakı balansı qorumaq üçün 10/10/10 qaydasını formalaşdırmışdır. Welch, həyatında qarşısına çıxan problemləri bu şəkildə həll etdiyini bildirirdi. Qərar verməli olduğu zaman özünə 3 sual verir:
10 dəqiqədən sonra verilən qərar haqqında nə hiss edəcəksən?
10 ay sonra necə hiss edəcəksən?
10 il sonra necə hiss edəcəksən?
Həmin anda hisslərlə alınan qərarların əvəzinə Welch bu suallara verilən cavablarla daha yaxşı seçim edildiyinin fərqinə varmışdır.
10/10/10 qaydasını, qərarınızı və gələcəyi formalaşdırmaq üçün istifadə edə bilərsiniz. 10/10/10 qaydası həyatınızdakı mühüm şeylərlə üzləşməyinizə kömək edəcək. Bu gün sizin üçün mühüm olan şey 10 il sonra eyni əhəmiyyətini qorumaya bilər.
Ehtiyaca bağlı qərar vermə müddəti qoyun: müəyyən müddətə qədər qərar verməlisinizsə, təqviminizdə qeyd edin. Bu yolla nə vaxta qədər düşünməli və necə qərar verməli olduğunuzu daha rahat müəyyənləşdirə bilərsiniz. Beləliklə vaxtı gələndə qərar verməyə hazır olursunuz.
Müsbət və mənfiləri qeyd edin: qərarın böyüklüyünə əsasən müsbət və mənfiləri qeyd edib seçimləri yazılı şəkildə görməkdə fayda var. Bəlkə də axşam hara gedəcəyinizlə bağlı siyahıya ehtiyac yoxdur amma tətil planında verməli olduğunuz mühüm qərarlar üçün siyahı hazırlamaq işinizi asanlaşdıra bilər.
Qərar verdikdən sonra gözləyin: bəzən hər şeydən əmin şəkildə qərar veririk və bir neçə gün sonra əslində bu qərarın əslində nə qədər yanlış olduğunu görürük. Beləliklə, bu cür hallarda bəzən vaxtından əvvəl qərar verərək yanlış bir qərarın qarşısını almış olursunuz. Buna görə də qərar verin və gözləyin. Əgər verdiyiniz qərarın nəticələrini görməyə başlamısınızsa, əldə etdiyiniz nəticəkərə uyğun davranmaq daha faydalı olar.
Qərar verməyi işkəncə yoxsa azadlıq kimi yaşamaq istəyərsiniz? Tez-tez bu sualı özünüzə verin. Azad şəkildə yaşamaq istəyirsinizsə, səhv etmə şansınız həmişə var.
Müəllif : Nərmin Quliyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq