Analıq təşvişi və daxili uşaq

a030d4

Uşaqlıq dövründə travma yaşayan qadınlar, uşaqları hər şeydən hətta özlərindən belə qorumağa çalışırlar. Uşaq yaşlarından valideynlərindən ayrılan analar, övladlarına həddindən artıq diqqət ayırır, uşağı incidəcək şəkildə ondan asılı olur və birlikdə yatırlar. Uşaq bağçasını sevməyən qadınlar, uşaqlar onlardan xahiş etsələr də, uşaqlarını ora göndərməkdən imtina edirlər. Bir şeydən qorxan qadınlar özlərini deyil, övladlarını bundan qorumağa çalışırlar.

Bu yaxınlarda pasiyentlərimdən biri boynundakı ağrılardan şikayətləndi. Ümumiyyətlə, boyun ağrısı nəzarətin artması ilə əlaqələndirilir. Söhbət əsnasında qızının ağzına bir şey alıb boğulacağından qorxduğu üçün oyun meydançalarında nəzarət etməkdən çox yorulduğu ortaya çıxdı. Pasiyentin anamnezi araşdırılarkən belə bir situasiya ortaya çıxdı: ana, uşaqlıq dövründə yad cisim udur və bu boğazında ilişib qalır, valideynləri dərhal xəstəxanaya aparır və həkimlər yad cisimi çıxarırlar. Ona görə də eyni halın övladının başına gəlməsindən qorxur. Bu səbəbdən də anaların qorxuları, onların korreksiya olunmayan travmalarından qaynaqlanır.

Ümumiyyətlə bu barədə öz fikirlərimi bölüşmək istərdim. “Daxili uşaq” deyə bir konsepsiya var. Bu, yetkin insanlarda müşahidə olunan və uşaqlığını tam yaşamayan insanlarda daha çox görülən “uşaqlıq hissi”dir. Bu, yetkin şəxsiyyətin bir hissəsidir. Həmişə bizim daxilimizdədir. Və bəzən gözlənilməz reaksiyalar verə bilər. Məsələn, otuz yaşı olsa da hələ də qaranlıqdan və ya tənhalıqdan qorxmaq, anası ilə mübahisə etmək (artıq özü nənədir) və ya yumşaq heyvan kolleksiyası toplamaq. “Daxili uşaq” hissəmiz artıq özümüz valideyn olduğumuz zaman aktivləşməyə başlayır. Və bütün uşaqlıq təcrübələrimiz və travmalarımız uşaqlarımızı dünyaya gətirəndə üzə çıxır. Bu səbəbdən bəzən övladlarımız üçün təhlükəsiz vəziyyətlərdə də ifrat dərəcədə qorxu hissi keçiririk.

“Daxili uşaq”la yanaşı birdə həqiqi uşaq var ki, bu, bizdən fərqli bir insandır. Biz ona həyat verdik və artıq öz həyatını yaşayır. Beləliklə, daxili və həqiqi övladımız İKİ FƏRQLİ ŞƏXSDİR. Daha çox və daha fərqli… Çox sadə və anlaşılan görünür, amma əslində analar daxili övladını və həqiqi övladını daima qarışdırırlar.

Müəllif : Nərmin Quliyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq

Share to Odnoklassniki