Artıran söz qədrini sidqilə qədrin artırar, Kim, nə miqdar olsa, əhlin eylər ol miqdar söz. (M. Füzuli)
Bu beytdən də göründüyü kimi, xalq olaraq ta qədimdən bu yana sözə böyük dəyər vermişik. Dühalarımız sözün çox qiymətli olması haqqında dəyərli fikirlər səsləndiriblər. Xalq olaraq sözlə böyümüşük, söz eşidən olmuşuq. Həmişə də dədə-babalarımızdan gördüyümüz kimi, sözümüzün ağası olmağa çalışmışıq. Sözə bağlılığımızın, ona vurğunluğumuzun isə müxtəlif səbəbləri ola bilər. Birincisi o ola bilər ki, dünyaya göz açdığımız gündən etibarən analarımızın bizlərə olan sevgisindən süzülüb gələn laylalarla, onların şirin avazla oxuduğu oxşamalarla böyüdük. Eyni zamanda körpə yaşlarımızdan nənələrimizin, babalarımızın dilindən kövrək duyğularının tərcümanı olan bayatılar eşitdik. Təbii ki, bütün bunlar qulağımıza xoş gəlməklə yanaşı, ruhumuzu oxşadı, ovutdu. Nəticədə şairlik o laylalarla, oxşamalarla ruhumuza üfürüldü. Nəticədə, Azərbaycanı yaxından, uzaqdan tanıyanlar “Azərbaycan xalqı şair xalqdır” dedilər. Bu gün də, bütün dünya xalqları bizi şair xalq kimi tanıyırlar.
İndi də, şeirə müraciət edənlərin sayı kifayət qədər çoxdur. Bunların arasında müxtəlif yaş qrupları ilə yanaşı, fərqli peşə sahibləri var. Təbii ki, yazıların hamısını şeir, yazarların hər birini isə şair adlandırmaq düzgün olmasa da, ortada bir fakt var, ya xəlvəti, ya da açıq-aşkar hamı yazır. Bu dəfəki, yazımızda insanlarımızın şeirə belə çox maraq göstərməyinin səbəblərini araşdırmağa çalışdıq. “Şərq-Qərb” nəşriyyat evindən mövzumuzla bağlı qəzetimizə bildirdilər ki, onların çap etdikləri kitabların 30%-i şeir kitablarıdır. Nəşriyyatdan onu da öyrəndik ki, şeir kitabı çap etdirmək üçün bura müraciət edənlərin sayı kifayət qədərdir.
“Söz odda yanmaz, suda batmazdır”
Yazarı ən yaxşı qələm yoldaşı başa düşər məntiqi ilə mövzumuzla bağlı müasir ədəbiyyatımızın seçilən, sevilən şairi Sabir Sarvanla söhbətləşdik. Müsahibimiz sualımıza cavab olaraq bildirdi ki, bütün şərq xalqları eləcə də azərbaycanlılarda poetik ruh çox yüksəkdir: “Bizlər tarixən sözə böyük dəyər vermişik. Sözübütöv insanlar cəmiyyətimizdə həmişə böyük hörmət, izzət sahibi olublar. Yaxşı fikir, əsər sahibləri xalqın yaddaşında əbədi qalırlar. Buna görə də, sözün əbədiliyinə inanan insanlarımız özünü sözlə ifadə etməklə əbədiliyə qovuşmağa can atırlar. Tarixə nəzər saldıqda görərik ki, türk sultanlarının da divanları (şeir külliyatı) olub”. Sabir Sarvanın sözlərinə görə, Azərbaycanda sovet hakimiyyəti dövründə ədəbiyyat daha şöhrətli olub. Bu da ədəbiyyata külli axına səbəb olan amillərdən biri olub: “Sovet dövründə şeirə elə baxırdıq ki, sanki bütün həyatımız ondan asılıdır. Düzdü, yazılan əsərlərə ciddi senzura olsa da, çap olunan yazılara görə yaxşı pul verirdilər. Buna görə də, ədəbiyyat gəlirli sahə idi. İnsanlar da nəsə yazmağa daha çox can atırdılar”. Hazırda da insanları, xüsusilə də, orta və yaşlı nəslin nümayəndələrinin əksəriyyətinin şeir yazdığını dilə gətirən S. Sarvan onun səbəbləri haqqında da danışdı: “Söz suda batmaz, odda yanmazdır” deyirlər. Bu səbəbdən də, sözün gücünə inananlar yaddaşlarda qalmaq üçün nəzmlər (hər yazılan nəzmi şeir adlandırmaq olmaz-red) yazırlar”. Onun sözlərinə görə, bəzən də həyatda heç nəyə gücü çatmayan insanlar özlərini ədəbiyyatda tapmaq istəyirlər: “Müşahidələrimə əsasən deyə bilərəm ki, nəzm yazan insanların çoxunun əlindən başqa iş gəlmir. Hər yerdən əli üzülən bu insanlar başlayırlar şeir yazmağa. Daha sonra isə ordan-burdan pul tapıb, yazdıqlarını kitab kimi çap edirlər. Bu kitablar isə bazarda özünə yer tapmır. Nəticədə, dost-tanışa pulsuz paylanılır. Düzdü, şairin gerçək var-dövləti şeirdir. Amma şeir kitabının çapına da qazanc məqsədilə baxılmalıdır. Əgər yazdıqlarının çapı sənə qazandırmayacaqsa, ona niyə pul xərclənməlidir ki?” Sonda müsahibimiz bildirdi ki, sözə, şeirə maraq azərbaycanlıların genində var. Ona görə də, tarixən belə olub, bundan sonra da belə davam edəcək.
Psixoloq: “Fikirlərini yazı ilə ifadə etmək insanlara mənəvi rahatlıq verir”
Mövzumuza münasibət bildirən Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov isə dedi ki, fikirlərini nəzmlə ifadə etmək, şeir yazmaq bizim etnik psixologiyadan, düşüncə tərzindən qaynaqlanır: “Ümumiyyətlə, şərq xalqları daha çox duyğusaldırlar. Bizlər bir çox məsələlərə daha həssas yanaşırıq. İnsanlarla münasibətlərimizdə belə, duyğusal məqamlardan yararlanmağa çalışırıq”. Elnur Rüstəmov onu da bildirdi ki, şeir yazmaq, fikirlərini yazı ilə ifadə etmək insanlara mənəvi rahatlıq verir: “İnsan nəsə yazdığı zaman enerjinin yönləndirilməsi prosesi baş verir. Beləliklə də, fikirlərini yazı ilə ifadə edən insanlar bundan mənəvi rahatlıq tapırlar. Elə insanlar var ki, fikirlərini, duyğularını yazı ilə daha yaxşı ifadə edə bilirlər. Bu da öz düşüncələrini danışmaqla tam ifadə edə bilməyən insanların bir təlabatına çevrilir”. Müsahibimizin sözlərinə görə, cəmiyyətimizdə yazarlara xüsusi dəyər verilməsi də, insanlarda yazmaq, hörmət-izzət sahibi olmağa maraq oyadır.
Elvin Əliyev
http://ehmedli.com/2014/04/17/dusuncələrini-yazaraq-ifadə-etmək-insana-mənəvi-rahatliq-verir/