Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov intiharın səbəblərindən və ən əsası onunla mübarizə yollarından “Şərq”ə danışıb.

  • Home
  • Xəbərlər
  • Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov intiharın səbəblərindən və ən əsası onunla mübarizə yollarından “Şərq”ə danışıb.
147660175_894052374695597_8729661602665170599_o

Elnur Rüstəmov: “İnsanlar yalnız və çarəsiz qalanda intihara meyl edir”

 

“Çünki münasibətlər insanları həyatda qalmağa sövq edir, inkişaf etdirir və gücləndirir”

 “…Media intihar xəbərlərini diqqət çəkən tərzdən uzaqlaşdırmalı və alternativ həll yollarını əlavə edərək təqdim etməlidir”

“Davam edə bilmək üçün çox yorğunam”, “Səhv insanla evləndim və həyatımı məhv etdim” , “O getdi və hər şeyimi itirdim”, “Mən əzab çəkmək üçün doğulmuşam”. Bu kimi cümlələr intihar edənlərin ən son işlətdiyi fikirlərdəndir. Bir deyimə görə isə intihar həyatdan fərarilikdir. O zaman belə götürsək, statistikaya əsasən, dünyada hər 40 saniyədə bir insan fərarilik edir… Azərbaycanda isə geridə qoyduğumuz bir həftədə dörd insan intihara üz tutub. Bəs niyə? Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov intiharın səbəblərindən və ən əsası onunla mübarizə yollarından “Şərq”ə danışıb:

- İnsan niyə intihara üz tutur? O seçimdir, yoxsa məcburiyyət?

- İntihar yardım çağırışıdır. İnsan mübarizə apara bilmədiyi hissləri nizamlamaq, dözülməz fikirlərə son qoymaq üçün yeganə yolun intihar olduğunu düşünür. Əslində intihar edən şəxs sözləri və bir çox davranışı ilə bunu bəlli edir. “Yaşamağın heç bir mənası yoxdur” , “intihardan başqa çıxış yolum yoxdur” kimi… Bu kimi fikirlər mütləq nəzərə alınmalıdır. Çünki şəxs özünü intiharın həll yolu olduğuna inandırır.

İntihar cəhdi olanların bir çoxu bunu ölmək üçün etmir. Özünü sevdirmək, maraq tələbatını ödəmək, özünü bağışlatmaq və ya müxtəlif hiss və düşüncələri ehtiva edən səbəblərdən dolayı intihara istiqamətlənir. İntihar edən insanlar bir çox hallarda ölməyi deyil, sahib olduqları həyatı yaşamaq istəyirlər.

- Son bir həftədə artan intiharlar, sizcə, təsadüfdür, yoxsa dünyada hazırkı hadisələrin, ab-havanın təsiridirmi?

- İnsanların bir qisminin həyatında baş verən ani dəyişikliklər, xroniki xəstəliyə tutulma və ya iqtisadi problemlər ümidsizlik hissi yaradaraq mübarizə aparmaq əvəzinə ölümü seçməsinə səbəb olur. Çünki inandığı və vərdiş etdiyi normal yaşama tərzi artıq qeyri-mümkündür. Qarşısına çıxacaq mümkün problemlər və ya həmişə yaşadığı həyat şərtlərinin dəyişməsi insanda əzab hissinin yaranmasına, çətinliklərlə zəngin həyatı seçməkdənsə ölümün daha qəti nəticə olacağını düşündürür.

- Paylaşmaq çoxaldırmı? İntihar xəbərlərinin çox verilməsi intihara meyilli və ya müəyyən sıxıntıları olan insanların şüuraltında qalır, məncə, bu, daha da artmasına yol açır, siz nə düşünürsüz?

- İntihar hadisələrinin mediada doğru formada təqdim olunmaması insanları bu addıma sövq edir. Bəzi hallarda intihar insanların diqqət çəkmə, problemi həll etmə çıxış yolu kimi təqdim olunur. Sonunu düşünmədən həyatını riskə ataraq gözlənilməz nəticələrə səbəb olur. Buna görə də bir çox ölkələrdə intihar xəbərləri xüsusi düzəlişlər olunduqdan sonra mediada öz əksini tapır. Cəmiyyət üzərində böyük bir təsirə malik olan media, intihar xəbərlərini diqqət çəkən tərzindən uzaqlaşdırmalı və alternativ həll yollarını əlavə edərək təqdim etməlidir.

- Özümüzün və ya yaxınlarımızın intihara meyilli olub-olmadığını necə müəyyən edə bilərik?

- İntiharla bağlı siqnalları əvvəlcədən anlamaq çox da asan deyil. Bunu doğru analiz etmək üçün həm psixoloji, həm də psixiatrik dəyərləndirmə mütləqdir. Tibbi narahatlıqları, sosial dəstəyin olub olmaması; iş həyatı, ailə münasibətləri, həm də şəxsiyyət xüsusiyyətləri kimi bir çox mövzular mütləq araşdırılmalıdır. Ailə daxilində münasibətlər nə qədər səmimi olarsa, o qədər çox profilaktik tədbirlər görmək daha asan olar.

Bunun üçün

• Ailə üzvlərinizi həqiqətən də tanıyırsınız?

• Onların psixoloji problemlərə qarşı nə dərəcədə müqavimət göstərə bildiklərindən xəbəriniz varmı?

• Stresslə mübarizədə hansı yollardan istifadə edirlər?

• Problemlərini sizinlə bölüşə bilirlər?

• Onu mühakimə edirsiniz? Kimi suallara cavab axtarmalısınız.

Bu kimi bir çox sual ilə münasibətlərinizi dəyərləndirib həyatda qarşısına çıxan çətinliklər üçün ümid ola bilərsiniz. İnsanlar yalnız və çarəsiz hiss etdiyi zaman intihara yönəlir. Çünki münasibətlər insanları həyatda qalmağa sövq edir, inkişaf etdirir və gücləndirir.

- İntihar etməyə cəhd edən insanla rastlaşsaq, adi vətəndaş kimi necə söhbət aparmalıyıq, necə yolundan döndərə bilərik?

- İntihara səbəb olan problemlər həlli olmayan səbəblər deyil. Belə biri ilə qarşılaşdığımız zaman ilk olaraq həmin insanı təhlükəsiz vəziyyətə gətirmək lazımdır, yaşadığı problemlərin həll olunan faktorlar olduğunu göstərib, yaşadığı hisslərin depressiv epizodla əlaqəli olduğunu, özünü çarəsiz hiss etdiyini və onu başa düşdüyümüzü, əslində hər şeyin həll ola biləcəyini bildirmək lazımdır. Problemi həll edəcək yollara birlikdə qərar vermək lazımdır.

- İstər intihara meyilli olan, istərsə də müəyyən sıxıntıları, problemləri olan insanlara nə məsləhət görürsüz? Necə mübarizə aparsınlar özləri ilə?

- Tədqiqatlara əsasən intiharı bir dəfə yoxlayan birinin yenidən təkrarlama ehtimalı çox yüksəkdir. Buna görə də mütləq qarşısı alınmalıdır.

1. İnsanda depressiya əlamətləri müşahidə olunursa, mütləq terapiya almalıdır. Depressiya intihar riskini artırır.

2. Bu müddətdə onu tək qoymaq olmaz.

3. Monoton həyatı dəyişdirilməli və fəaliyyətə təşviq edilməlidir.

4. Onu motivasiya edəcək sözlər deyilməlidir.

5. Hər hansı bir işlə məşğul olmasına köməklik etmək faydalı olar.

6. Sosial münasibətlərini gücləndirməyə çalışılmalıdır.

7. Ailə daxilində alınan qərarlarda fərdin roluna əhəmiyyət verilməlidir.

8. İntihar davranışı olan şəxslər mütləq psixiatrik və psixoloji dəstək almalıdır.

Sona Şıxamirli

Share to Odnoklassniki