Döyülən qapı vaxtında açılmasa…

Elnur Rustemov

Ucqar kəndlərdən birində gözəlliyi ilə dillərə dastan olan bir qız yaşayır. Qızın aşiqi çox olduğundan evlərinə hər gün elçi gəlir. Taliblərinin hərəsində bir qüsur axtaran qız gələnlərə “yox” cavabı verir. Onların arasında bu gözəli çox sevən bir gənc olur. Çox sevilməsinə baxmayaraq, qız ona da “yox” deyir. Sevdiyindən rədd cavabı alan aşiq başqa şəhərə gedir.

Aradan illər keçir və gənc öz evinə geri qayıdır. Ailəsindən qızın aqibətini soruşur və onun ailə həyatı qurduğu xəbərini alır. Sevdiyi gözəlin necə biri ilə ailə qurduğunu görmək üçün onun evinə gedir. Evə yaxınlaşanda içəridən bir kişinin çıxdığını görür və təəccüblənir. Gördüyü normal bir insandır. Qeyri-adi heçbir şey yoxdur. Üstəlik, “mən ondan daha yaraşıqlıyam” deyə fikirləşir. Bir müddət sonra evdən çıxan qıza onu maraqlandıran sualı verir:

- Evləndiyin insanın məndən və ya sənə elçi düşənlərdən üstün cəhəti nə idi?

Qız bunun çox sadə cavabı olduğunu deyir. Lakin oğlana cavab verməzdən əvvəl ondan bir şey xahiş edir.

- Həyətdəki qızıl gülləri görürsən? Mənə onların ən gözəlini dər. Lakin bir şərtlə. Seçim edərkən əvvəlkinə qayıtmaq şansın yoxdur.

Həyətə gedən oğlan gördüyü ən gözəl gülü dərmək istəyir. Amma ondan sonrakının daha gözəl olduğunu görür. Qarşısına daha gözəli çıxar düşüncəsi ilə oğlan bir dənə də olsun gül qoparmır. Sonda isə heç də gözəl olmayan, adi güllər qalır. Əvvəlkinə qayıtmaq şansı olmadığı üçün məcburən bu güllərdən birini qoparıb qıza gətirir. Qız həyətdə o qədər gözəl gül olduğu halda oğlandan adi gül dərməsinin səbəbini soruşur. Oğlan “daha yaxşısını taparam deyə heç birini dərmədim. Geriyə qayıtmaq şansım olmadığı üçün bunları dərməli oldum” cavabını verir. Bu dəfə cavab vermək sırası qızda idi: “Mən də daha yaxşısı qarşıma çıxacaq deyə düşünərək, hər kəsə “yox” dedim. Nəhayət, qarşıma gördüyün insan çıxdı. Əvvələ qayıdıb yenidən seçim etmək haqqım olmadığı üçün onunla evləndim”. Evlilik, ailə həyatı önəmli bir məsələ olduğu üçün insanlar seçim edərkən çox zaman qərarsız qalırlar. Bu qərarsızlıq bəzən onların ümumiyyətlə, geriyə addım atmalarına səbəb olur. Bəs insanları qərarsız qoyan nədir? Nə üçün bəzi xanımlar evlilikdən qaçırlar? Cəmiyyətin evlənməyən xanımlara münasibətini və bu vəziyyətlə bağlı formalaşan fikirlərə aydınlıq gətirmək üçün əvvəlcə Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmova müraciət etdik. Deyirlər, hər bir insan öz yaşayışı ilə başqalarına nümunə olmalıdır. Elə valideynlərin özü də övladlarının gələcəkdə qurulacaq ailəsinin ilk nümunəsidirlər. Psixoloq Elnur Rüstəmov hesab edir ki, xanımların ailə qurmaması keçmişdə yaşadığı psixoloji travmalardan qaynaqlana bilir: “Elə xanımlar var ki, fürsətləri olduğu halda ailə həyatı qurmaqdan qaçırlar. Bunun müxtəlif səbəbləri ola bilir. Ola bilsin ki, xanım keçmişdə uğursuz sevgi yaşayır və bununla heç kəsi qəlbinə yaxın buraxmır. Böyüdüyü ailə də onun qərar verməsində müəyyən qədər rol oynayır. Belə ki, ata-anasının bir-birilə münasibəti qənaətbəxş olmur. Valideynlərinin uğursuz evliliyinə şahid olan xanım quracağı ailənin də uğursuz olacağını düşünüb narahatçılıq keçirir”. E. Rüstəmov onu da qeyd etdi ki, xanımların özlərinə olan güvənsizliyi onların bu yöndə addım atmamalarına səbəb ola bilir: “Xarici görünüşü kifayət qədər gözəl olan xanımlar var ki, onlar məhz “qəbul edilməmə”, “bəyənilməmək” qorxusu ilə münasibət qurmaqda çətinlik çəkirlər. Belə düşüncələr psixoloji narahatçılıq kimi dəyərləndirilir və əgər vaxtında həll edilərsə, ailə qurmamaq problemi ortaya çıxmayacaq. Əks halda seçim etmək çətinləşir. Yəni, seçim etmək iqtidarında olan xanım bir müddətdən sonra “seçilən” olmaq faktı ilə qarşı-qarşıya qalır. Bu da psixoloji gərginliklərin yaranmasına səbəb olur”.

Bu da bir gerçəkdir ki, ailə qurmayan xanımlara cəmiyyətin münasibəti birmənalı olmur. Qohumlar, qonşular həmin xanımın valideynlərini bir növ sual atəşinə tuturlar. Psixoloq Elnur Rüstəmov məsələyə bu cür aydınlıq gətirdi: “Xanım ailə qurmadığı zaman arxasınca gizli suallar buraxır. İnsanların beynində “niyə ailə qurmur?”, “bəlkə ciddi bir problemi var” kimi fikirlər dolaşır. Valideynlər bu cür suallarla qarşı-qarşıya qalırlar. Ailəni də bu vəziyyətdə qınamaq olmaz. Çünki onların da cəmiyyət qarşısında müəyyən qədər məsuliyyəti var. Xanım nə qədər “mən evlənmək istəmirəm” desə də, bunun başqa tərəflərini də fikirləşmək lazımdır. Ailə həyatından imtina edən xanımlar zaman keçdikcə özlərinə qapanırlar. Onlarda tənhalıq qorxusu olur, özlərindən asılı olmayaraq, evdə hər kəsin işinə müdaxilə edirlər, ətrafdakı insanlara qarşı aqressiv davranırlar. Ona görə də, xanımlar yanlış düşüncələrə aldanmasınlar. Ailə məsuliyyətini dərk edərək, vaxtında ailə həyatı qursunlar. Belə olan təqdirdə problemlər də arxa planda qalacaq. Unutmayın, ideal ailə yoxdur. Hər ailədə problem olur. Elə ailə də o problemləri həll etmək üçündür”. Çox zaman insanlar ailə həyatı qurmayan xanımlar haqqında “bəxti yoxdur” və “qisməti bağlıdır” kimi fikirlər söyləyirlər. Qəzetimizə müsahibə verən ilahiyyatçı-şərqşünas Qafar Ocaqlı bu cür fikirlərin dini cəhətdən heç bir əsasının olmadığını bildirdi: “Hər kəsin taleyi öz iradəsinə bağlıdır. Cənabi-Haqq həyatı boyu bir dəfə də olsa, o qapını açır. İnsanlar bir növ öz əlləri ilə o qapını bağlayırlar. Sonra da taleni, qədəri əsas gətirirlər. Ailə qurmayan bir insan haqqında “bəxti bağlıdır” düşüncəsi tamamilə yanlışdır. Allah evliliyi insanların üzərinə bir vəzifə kimi qoyur: “İçinizdəki subayları evləndirin” ayəsi də buna dəlildir. İnsanlara belə bir vəzifənin yüklənməsində məqsəd cəmiyyətin qorunmasıdır. Cəmiyyətin qorunmasının əsas amili də ailə sayılır”. Q. Ocaqlı bəzi insanların maddiyyatı əsas gətirərək evlənməkdən imtina etdiklərini də söylədi: “Maddi vəziyyəti yaxşı olmadığı üçün evlilikdən imtina edən insanlar “kasıbçılıq səbəbilə evlənməkdən qorxanları Allahu-Təala ummadığı yerdən bərəkətləndirər” ayəsi ilə müjdələnir”.

“Vaxtında atmadığın addım üçün sonradan qaçsan da faydası yoxdur” deyir müdriklərdən biri. Döyülən qapıları vaxtında açın və verilən fürsətləri zamanında dəyərləndirin ki, sonra qapı arxasında gözləməyə məcbur olmayasınız.

http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=56961

 

Share to Odnoklassniki