YUXULARA İNANMAQ VƏ YA İNANMAMAQ

10511329_331202873717555_587773529402308347_n

slam alimləri yuxunu üç hissəyə ayırırlar. Bunlardan birincisi, insanın həyatda məşğul olduğu şeyləri yuxuda görməsidir. İkincisi, yuxuda şeytanın insanı qorxutması, üçüncüsü isə, Allah (c.c) tərəfindən insana müjdə şəkilində göstərilən yuxulardır.

Bəzi insanların, xüsusən də, qadınların yuxudan oyanan kimi gördükləri ilk iş yuxu təhlili olur. “Görəsən, axşam gördüyüm yuxunun mənası nədir?”, “Kaş bu yuxum doğru çıxa”, “Gedim suya danışım, yuxumdakı pis hadisələri yuyub aparsın” və s. Hətta gününü yuxusuna görə planlayan insanlara da rast gəlirik desək, yanılmarıq. Bu insanların günlük əhval-ruhiyyəsi də həmin yuxulara görə ya yaxşı olur, ya pis. Çox maraqlıdır, görəsən yuxuların neçə faizi “özünü doğruldur?” İşi yuxulara görə nizamlamaq nə dərəcədə doğrudur? Mənim bilib öyrəndiyim, haqqında filmlər çəkilib, kitablar yazılan Yusif peyğəmbərin (ə.s.) yuxu haqqında söylədikləridir. Hansı ki, onun yanına padşahlar belə gördükləri yuxuların məhiyyətini öyrənmək üçün gəlirdilər. Və dediklərinin hamısı da doğru çıxırdı. Sadəcə Yusif peyğəmbər deyil, bəzi Allah dostları da yuxularla real həyat arasında hansı əlaqələrin olduğunu bildirmişlər. Buxarinin tələbələrindən biri rəvayət edir: “Yatmışdım. Yuxuda gördüm ki, Peyğəmbər (s.ə.s) və səhabələr məhşərdə dayanıb gözləyirlər. Peyğəmbərə (s.ə.s) salam verdim. O da mənim salamımı aldı. Dedim: “Ya Rəsulallah, nə üçün getmirsiniz?” Mənə dedi ki: “Biz Məhəmməd ibn İsmail əl Buxarini gözləyirik”. Yuxudan ayılıb gəldim ki, Buxariyə bu şad xəbəri çatdırım. Sən demə, Peyğəmbərin məni müjdələdiyi vaxt o vəfat edibmiş”.

Yuxu nədir?

Yuxu haqqında istənilən qədər danışmaq olar. Necə ki, 21 saniyə müddətində gördüyümüz bir yuxunu danışmaq xeyli vaxtımızı alır. İlahiyyatçı, mənəviyyat.az saytının redaktoru Rövşən Məmmədov yuxu haqqında aşağıdakı kimi izahat verdi: “Yuxu həqiqət aləminə açılan pəncərələrdən, olmuş və olacaq hadisələrin eyni ilə görülməsindən, yaxud bəzi işarələrlə müşahidə edilməsindən ibarətdir. Demək olar ki, yuxu görməyən insan yoxdur. Yuxuya ruhun təbii müşahidəsi də deyə bilərik. Bu müşahidə ilə insan cismaniyyət hüdudunu aşır, tamamən ayrı bir aləmə səyahət edir və kim bilir, bəlkə də, bu aləmdə qədərə aid bir çox sirləri görür”. Gördüyümüz yuxular əslində hamımızın düşündüyü kimi, tək açıqlamalardan, yəni öz düşüncəmizə görə yozmaqdan ibarət deyilmiş. R.Məmmədov yuxuların üç hissədən ibarət olduğunu dedi: “Peyğəmbərdən (s.ə.s) rəvayət olunan hədislərə istinad edərək, İslam alimləri yuxunu üç hissəyə ayırırlar. Bunlardan birincisi, insanın həyatda məşğul olduğu şeyləri yuxuda görməsidir. İkincisi, yuxuda şeytanın insanı qorxutması, üçüncüsü isə, Allah (c.c) tərəfindən insana müjdə şəkilində göstərilən yuxulardır. Bunların xaricində olan yuxular qarışıq yuxulardır. Qeyd etdiyimiz kimi, bəzən elə yuxular görürük ki, onlar günlük yaşadığımız hadisələrin təsiri ilə əlaqədardır. Bu tip yuxular şüuraltı ilə görülən yuxulardır. Elə olur ki, insanın heç yadından çıxmayan, qarşılaşdığı həyəcanlı hadisələr və ya üzərində çox düşünüb, götür-qoy etdiyi problemlər yuxu əsnasında şüur üstünə çıxır. Yəni insan yuxuda yuxarıda dediklərimizdən hər hansı birini görür. Məsələn, döyüşdən yeni gəlmiş bir şəxsin uzun müddət yatağından qorxaraq qalxması bu qəbildən hadisələrə misal göstərilə bilər. Bundan əlavə, xəstəlik, narahatlıq, psixoloji sıxıntılar və temperament pozulması nəticəsində görülən yuxular vardır. Buna misal olaraq, yatmadan öncə duzlu yemək yeyən şəxsin özünü göl kənarında görməsi, kiməsə əsəbləşərək yatanın yuxuda dalaşması da bu tip yuxulara misaldır”.

Yuxu ölümün kiçik qardaşıdır

Rövşən Məmmədov yuxu anının ölümlə əlaqəli olduğunu bildirdi: “Yuxuda insan bir növ ölmüş kimi olur. İnsanın yanında danışılsa, müəyyən hərəkətlər edilsə, insan onlardan bixəbər olur. Çünki hisslərimiz duyğu orqanlarımız bir növ sönmüş olur. Bu yönü ilə yuxu ölümün kiçik qardaşı hesab edilir. Hətta Qurani-Kərimdə yuxu ilə əlaqəli belə deyilir: “Sizi gecələr yuxuya daldıran, bu minvalla bir növ ölüm halına salıb hiss-həyəcandan məhrum edən, gündüz isə nə etdiyinizi, nə qazandığınızı bilən Odur. Sonra O sizi gündüz yuxudan oyadır ki, müəyyən olunmuş vaxt əcəl gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O, sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir”. Buna görə də, yuxu ilə ölüm biri-biri ilə əlaqəlidir”. İlahiyyatçı yuxu görmə xəstəliyinə tutulan insanların da olduğunu bildirdi: “Bir insan həmişə yuxuya inanar, yuxu görmək üçün yatar, xəyallara dalar və gördüyü yuxunun yozumuna görə hərəkət edərsə, belə bir şəxsin yuxu görmə xəstəliyinə tutulduğunu söyləyə bilərik. Bir insan yuxuya ehtiyacı olmadığı halda sırf yuxu görmək üçün yatırsa, demək ki, həmin insan yuxu görmə xəstəsidir”.

Yuxu görmək nə qədər önəmlidirsə, onun yozulması da bir o qədər əhəmiyyətlidir. Hətta “Mərifət yuxunu görmək deyil, onu yozmaqdır” deyilmişdir. Onun üçün Rövşən müəllim hər insanın yuxu yozumuna girişməsinin düzgün olmadığını ifadə etdi: “Yuxu elmdir və Quran və Sünnə mənbələrinə söykənən yozumlar üçün təcrübə çox vacibdir. Bundan irəli gələrək yuxu yozan hər şeydən öncə Quranı yaxşı bilməli, hətta onun ruhunu qavramalıdır. İnsan ilhama, yəni Allahın lütf etdiyi əngin qəlbə sahib olmaqla yanaşı, misal aləmi ilə şəhadət aləmi arasındakı rəmzlərin nəyə işarə etdiyini də bilməlidir. Gördüyümüz mənalı yuxuları işin əhlinə yozdura bilərik. İşinin əhli, imanlı, fərasətli, alimlər tərəfindən qələmə alınmış kitablardan da yuxularımızın yozumunu öyrənə bilərik. Bundan əlavə, qorxulu, qarışıq yuxular gördükdə isə Rəsulullahın tövsiyəsinə əməl edərək oyandıqdan sonra sol tərəfəmizə dönərək tu.. tu…tu. deyib üç dəfə tüpürməli və Allaha sığınmalıyıq və yuxularımızı yozduracağımız zaman haləti-ruhiyyəmizdən xəbərdar, nəzərlərimizdən məna çıxara bilən və üz cizgilərimizdən qədərimizi oxuyan hikmət əhli şəxslərə güvənə bilərik”. İlahiyyatçı yuxularını özləri yozub, onlara görə hərəkət edən insanlara, məsləhət bildi ki, günlərini, özlərinin yozduqları yuxuya görə yaşamasınlar: “Bəzən yuxuda görülən xoşagəlməz bir şey yozularkən mənası yaxşı çıxa bilir. Ona görə də, insan yuxuda gördüyü qorxulu şeyləri ancaq mənfi mənada düşünməyib, Allaha sığınmalıdır. Bilməliyik ki, Allah istəmədikcə bütün aləm yığılsa, bizə zərər verə bilməz”.

Yuxular və istəklər…

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov yuxuların psixoloji təsirlərindən danışarkən bildirir ki, yuxular bizim istək və düşüncələrimiz çərçivəsində cərəyan edir: “Fikir versəniz, görərsiniz ki, insanların yuxularının böyük faizi onların istədikləri şeylər, yaxud da xəyalını qurduqları hər hansı məsələnin reallaşmamasının məhsuludur. Çox təəssüflər olsun ki, insanların böyük bir qismi bunu, onların xəyal dünyalarının məhsulu olduğunu başa düşmürlər. Nəticədə gördükləri yuxunu bir işarət olaraq qəbul edir və günlərini, bəzən də həyatlarını ona görə düzənləyirlər. Bir məsələni diqqətinizə çatdırmaq istərdim ki, yuxuları ilə hərəkət edən insanlar daha çox bir məsələdən narahat olan, stress altında olan və problemlərini həll etməkdə çətinlik çəkən insanlardır ki, həmin şəxslər bu kimi problemlərini yuxuların ixtiyarına buraxırlar. Bu yolla onlar problemin həlli üçün yuxulardan özləri üçün əsasçıxarmağa çalışır və çıxış yolunu bu yolla tapdıqlarını düşünürlər”. Psixoloq bu kimi halların qadınlar arasında daha çox müşahidə olunduğunu bildirdi. Yuxu yozmalarına gəlincə Elnur Rüstəmov bildirdi ki, yuxusunu yozdurmaq istəyən insan hər şeydən öncə onun əhval-ruhiyyəsini yüksəldəcək şeyləri nəzərə almalıdır. Əks halda yozulan yuxunun təsiri ilə günün keyfini qaçıra bilər”.

Rəsulallah əfəndimiz (s.ə.s) axır zamanın əlamətlərini bildirərkən buyurur: “Axır zamanda ən doğru çıxan şeylərdən biri də yuxulardır”. Ancaq bir məqamı da unutmamalıyıq ki, yuxulara dəyər vermək yuxularla yaşamaq demək deyil.

Yuxunuz şirin olsun!

din.az

Share to Odnoklassniki