Dəyərli izləyicilər, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun sherg.az-a verdiyi müsahibəni sizə təqdim edirik:
Sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil sahəsində hüquqları artırılır. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil sahəsində ödənişsiz psixoloji yardım almaq hüququ olacaq. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyir ki, bu təklifi zəruri edən qanundur:
“Qeyd edim ki, 25 yanvar 2019-cu il tarixdə “Psixoloji yardım” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Sizin qeyd etdiyiniz məsələ qanundan irəli gəlir. Belə ki, Qanunun 6-cı maddəsi psixoloji yardımın maliyyələşdirilməsinə həsr olunub. 6.2.11- ci maddədə göstərilir ki, “Əlilliyi olan şəxslərin hüquqları” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tibbi-sosial reabilitasiyası zamanı əlilliyi olan şəxslərin ödənişsiz psixoloji yardım almaq hüququ var.Digər tərəfdən ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təyin edilir. Qanunda bunlar göstərilib. Qalır bunun həyata keçirilmə mexanizmi. Çünki əsas məsələ bunun hansı formada həyata keçirilməsidir. Həm dövlət, həm də özəl qurumlarla əməkdaşlıq şəklində bunu həyata keçirmək mümkündür. Bu praktika inkişaf etmiş ölkələrdə geniş istifadə olunur. Düşünürəm, bizdə də beynəlxalq praktikaya istinad edilərək bu iş həyata keçiriləcək”. E.Rüstəmov bu məsələdə kadr potensialı amilini də diqqətə almaq lazım olduğunu vurğuladı: “Bu gün bizim bu işləri yerinə yetirmək üçün kifayət qədər kadr potensialımız yoxdur. Çünki qeyd etdiyiniz qrup fərqlidir, onlara göstərilən psixoloji yardım digər kateqoriyaya aid edilən insanlara göstərilən psixoloji yardımdan tamamilə fərqlidir. Bunları eyniləşdirmək olmaz. Sağlamlıq imkanları məhdud insanlara tək psixoloji yox, eyni zamanda pedaqoji, loqopedik və digər yardımların göstərilməsi zərurəti ortaya çıxır. Ona görə də belə insanlarla iş multidisiplinar formada aparılır. Bu gün mövcud kadrları səfərbər edib bu işləri yerinə yetirmək olar. Şübhəsiz ki, kadr hazırlığını xüsusi diqqətdə saxlamaq lazımdır. Kadr birdən-birə yetişmir. Bunun üçün zaman tələb olunur. Həm ali məktəbi müvafiq ixtisas üzrə bitirən kadrlar, həm ixtisasartırma, həm də yenidən hazırlama formasında bu işləri yerinə yetirmək mümkündür”.