“İnsanların problemlərdən çıxışı üçün özlərini yandırmasının müxtəlif səbəbləri var. Cəmiyyətdə kütlə psixologiyası deyilən bir anlam var. Belə ki, problem və uzun müddət psixoloji narahatlıq yaşayan insanlar çıxış yolunu onlara hazır formada diktə edilən özünü intiharda görürlər. Bu cür neqativ hallar bir vətəndaşın özünü yandırması ilə cəmiyyətdə geniş vüsət aldı.”
Bu sözləri FaktXeber.com-a Psixologiya və Konsultasiya Mərkəzinin (PCC) psixoloqu Elnur Rüstəmov son zamanlar insanların problemlərdən çıxış yolu kimi özlərini yandırması və ya çıxış yolu tapılmayacağı təqdirdə yandıracağını elan etməsinə münasibət bildirərkən qeyd edib.
Müsahibin sözlərinə görə, son bir neçə ay ərzində özünü yandırma ilə bağlı 4-5 eyni hadisə baş verdi: “Halbuki özünü yandıran şəxslərin birinci yandırma hadisəsi baş verməmişdən öncə də eyni problemləri vardır. Lakin nəticədə sonradan həmin insanlar ortaya iradə qoymaq əvəzinə özlərini yandırmaq yolunu seçdilər. Hətta bir müddət öncə bir çox televiziyalar intihar hadisələri ilə bağlı xəbərləri işıqlandırmağı yasaqladılar. Bu kifayət qədər doğru bir addım idi. Bəzi informasiyaları mediada işıqlandırmaqla ona meyl nəyin ki, azalır, hətta daha da güclənir.”
Bütün hallarda iradəsində problemi olan insanların intihara üz tutduğunu bildirən ekspert, “düzdür ki, ölənin arxasınca danışmazlar. Lakin həqiqət bundan ibarətdir ki, uzun müddət psixoloji narahatçılıq keçirən insanlar həyatlarına qəsd edirlər. Halbuki həyatda hər hansı problemi və çətinliyi olmayan insan yoxdur”, – deyə qeyd etdi: ”Əslində insanı insan edən onun problemləridir. Biz hər dəfə problemləri yendikcə nə qədər insan olduğumuzun fərqinə varırıq. Yəni daha da güclənir və möhkəmlənirik. İnsanlar bu istiqamətdə həyatlarını qurmalıdırlar. Ölüm heç bir halda çıxış yolu deyil. Hətta uzun müddətli xəstəlikdən əziyyət çəkən insanlar hər gün yaşama uğrunda mübarizə aparırlar.”
Elnur bəy sonda bildirdi ki, intihar hadisələri birmənalı şəkildə mediada işıqlandırılmamalıdır: “Düzdür ki, ortalıqda insan taleyi deyilən bir ciddi məsələ var. Lakin bu cür hadisələr işıqlandırılmaqla insanlar böyük psixoloji travmalar alırlar.”
Xəyal Şükür