İntiharlar yenə dəhşət saçır

63314_444837418898583_1980675040_n

Elnur Rüstəmov: «Buna qarşı tək bir fərd yox, ətrafda olan bütün insanlar mübarizə aparmalı, diqqətli olmalıdırlar»

Azad İsazadə: «Bu, elə bir prosesdir ki, bir müddət səngiyir, sonra yenidən başlayır»

Psixologiya və Konsultasiya Mərkəzinin (PCC) Elnur Rüstəmov Movqe.az-a açıqlamasında intihar halları ilə bağlı qeyd edir ki, xüsusən gənclər arasında yaşanan intiharların əsas səbəbi onların cəmiyyətdə öz yerlərini tapa bilməmələridir: “İntiharın bir çox səbəbləri var. Adətən xəstəlikdən əziyyət çəkmiş, tək qalan, zərərli vərdişlərdən asılı olan insanlar intihara əl atırlar. Bu, klassik bir təsnifatdır. Ancaq son zamanlar intiharın mahiyyətinə fikir versək, görərik ki, intiharlara səbəb daha çox gənclərin, yeniyetmələrin cəmiyyətdə özünü tapa bilməməsidir. Onların zamanlarını düzgün bölə bilməməsi, həyatdan məmnun qala bilməmələri və s. bu faktorlar məhz intiharı seçmələrinə təsir göstərir. Törəmə səbəblər kimi xüsusən yeniyetmələr arasında sevgidə uğur qazana bilməmək, təhsillə bağlı problemləri də qeyd edə bilərik. Bunlar ən sonda ümidsiz vəziyyətə düşən insanların intiharına gətirib çıxarır”.
Elnur Rüstəmov bildirir ki, kütləvi informasiya vasitələrində intihar hadisələri haqda məlumatların deyil, maarifləndirici yazıların yer alması daha məqsədəuyğun olardı: “Ancaq əsas məqam ondan ibarətdir ki, intihar edənlərin bir qismi uzun müddət psixoloji problemlərdən əziyyət çəkən şəxslər olur. Sadəcə, ailə səhlənkarlığı və yaxud da fərdin özünün öz durumuna səhlənkar yanaşması ən sonda gətirib intihara çıxarır. Ona görə də buna qarşı tək bir fərd yox, ətrafda olan bütün insanlar mübarizə aparmalı, diqqətli olmalıdırlar. İstər gənc, istər yeniyetmə, istər yetkin insan olsun, psixoloji durumunda bir narahatçılıq varsa, onunla bağlı təcili təxirəsalınmaz işlər aparılmalıdır. Çünki intihar bir etiraz formasıdır. Lakin doğru etiraz deyil. Fərd bununla hər şeyini itirir. Yaşamaq gözəldir. Hər bir insan yaşamağı tərcih etməlidir və nə olursa olsun yaşamaq uğrunda mübarizə aparmalıdır. Düşünürəm ki, bu istiqamətdə cəmiyyəti müəyyən qədər maarifləndirmək lazımdır.
Əslində, intihar hallarının mətbuatda verilməsi də bir neqativ haldır. O mənada ki, hər kəs bundan doğru nəticə çıxarmır. Ümidsiz bir vəziyyətdə olan gənc və yeniyetmə çıxış yolu kimi, oxuduğu xəbərlərdən təsirlənərək onlar kimi yanlış intihar yoluna əl ata bilir. Ona görə də kütləvi informasiya vasitələrində bu istiqamətdə daha çox xəbər yox, maarifləndirici istiqamətdə məlumatlar yerləşdirilməsi daha məqsəduyğun olardı”.

Psixoloq Azad İsazadənin münasibətinə görə isə, ölkədə intiharlarla bağlı konkret araşdırmalar aparılmalı, ondan sonra profilaktik tədbirlər görülməlidir: “Keçən ilin noyabr-dekabr aylarından etibarən intihar dalğası davam edir. Bu, elə bir prosesdir ki, bir müddət səngiyir, sonra yenidən başlayır. Xüsusən gənclər və yeniyetmələr intiharların risk qrupu sayılır. Çünki bu hallar ən çox yeniyetmələr və gənclər arasında olur.
Bu sahədə artıq hökümət tərəfindən tədbirlər görülməsinə ehtiyac var. Bu işə cavabdeh olan bir neçə nazirlik, məsələn, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi birlikdə fəaliyyət göstərib vahid bir qurum yarada bilərlər ki insanlara psixoloji yardım göstərsin. Söhbət ondan gedir ki, intiharların statistikasını hesablamaq, səbəblərini tapmaq, formalarını dəqiqləşdirmək, regionlar üzrə araşdırma aparmaq, yaş və cins qrupunu müəyyənləşdirmək lazımdır ki, profilaktik tədbirlər görülsün. Təhsil Nazirliyi də bu işə cəlb olunmaqla məktəblərdə, universitetlərdə maarifləndirmə işləri aparılsa, daha yaxşı olardı”.

Aysel Həsənova 

http://www.movqe.az/v5/30980/ntiharlar-yen-dht-sar-/

Share to Odnoklassniki