Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 118 saylı Ağdam Şəhər Seçki Dairəsi üzrə Milli Məclisin üzvlüyünə namizəd, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev seçkiqabağı təşviqat çərçivəsində seçiciləri ilə görüşlərini davam etdirir.
“Ölkə.Az” xəbər verir ki, bu gün B.Əliyev Bərdədə məskunlaşmış Ağdamdan olan məcburi köçkün seçiciləri ilə növbəti görüş keçirib.
Görüş səmimi və diskussiya şəraitində keçib və ölkəmizdə həyata keçirilən islahatlar, seçiciləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
B.Əliyev ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar, ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, insanların sosial rifahının yüksəldilməsi, dövlət tərəfindən məcburi köçkünlərə göstərilən diqqət və qayğı haqqında geniş danışıb.
B.Əliyev həmçinin seçicilərə deputat kimi gördüyü işlərin hesabatını verib və palatformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb.
Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən seçicilər Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər və daim Dövlət başçısı ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar.
Onlar deputatlığa namizəd B.Əliyevə dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, B.Əliyev hər zaman onların etimadını doğruldub, daim seçiciləri ilə bir yerdə olub. Ona görə də fevralın 9-da Bəxtiyar Əliyevə səs verəcəklər.
Qeyd edək ki, B.Əliyev bundan əvvəl Abşeron, Yasamal, Qaradağ rayonu Qobu Park Yeni yaşayış kompleksində, Dərnəgül qəsəbəsində, Sahil qəsəbəsində, Suraxanı, Nərimanov, Sabunçu, Xətai, Səbail rayonlarında, Qaradağ rayonu Müşfiq qəsəbəsində məskunlaşmış seçiciləri ilə görüşlər keçirib.