Azərbaycanda intiharların sayı niyə artıb?

elnur_rustemov1

Son dövrlər cəmiyyətimizdə intihar hallarının sayı çoxalıb. Demək olar ki, hər gün bir neçə intihar hadisəsi baş verir. İntihar edənlərin əksəriyyətini isə gənclər və yeniyetmələr təşkil edir. Bir çoxları intiharı müxtəlif faktorlarla əlaqələndirir.

Əvvəlcə qeyd edək ki, ölkəmizdə intiharlarla bağlı rəsmi statistika aparılmır. Yayılan xəbərlər əsasında aparılan araşdırmaya əsasən qeyd etmək olar ki, ötən ilin dekabr ayı ərzində Azərbaycanda 21 intihar hadisəsi baş verib. İntihar faktlarının 38,1%-i paytaxt Bakıda baş verib. Bundan başqa, canına qəsd edənlərin əksəriyyətini kişilər təşkil edib. Kütləvi İnformasiya Vasitələrində (KİV) 2012-ci ildə yayılan məlumatlar əsasında aparılan araşdırmaya əsasən demək olar ki, qeyri-rəsmi rəqəmlərə görə, yanvarda 25 nəfər, fevralda 10 nəfər, martda 12 nəfər, apreldə 24 nəfər, mayda 29 nəfər, iyunda 22 nəfər, iyulda 29 nəfər, avqustda isə 26 nəfər canına qəsd edib. Statistikadan da göründüyü kimi ən az intihar faktı fevralda, ən çox isə may və iyul aylarında qeydə alınıb. İntihar edənlərdən 35-i uşaq, 50-si qadın və 92-si isə kişilərdir. Qeyri-rəsmi statistikaya əsasən, son 4 ildə 1100-ə qədər insan həyatına son qoyub.
Əlavə edək ki, ölkəmizdə intiharlarla bağlı rəsmi statistika aparılmadığından canına qəsd edənlərin sayının yuxarıda qeyd olunan rəqəmlərdən artıq olduğu güman edilir.

“Biz buna görə kimisə öldürə də bilərik”

Psixologiya və Konsultasiya Mərkəzinin psixoluqu Elnur Rüstəmov bildirib ki, intihar bütün hallarda etiraz formalarından biridir: “Eyni zamanda şəxsin axtarmış olduğu çıxış yoludur. Nə qədər neqativ də olsa, bu bizim cəmiyyətimizdə baş verir. İntihara səbəb olan faktorlar çoxdur. İntihar riski yaşayanlar əsasən tənhalar, müəyyən zərərli vərdişlərə aludə olanlar, xroniki xəstəliyi və depressiyada olan insanlardır. Ancaq təəssüflər olsun ki, bu gün intiharın cavanlaşdığını görürük. Gənc insanlar, yeniyetmələr intihara meyl edirlər. Problemin kökünə varsaq, bunların əksəriyyəti ailədaxili münaqişələrdən qaynaqlanır. Məsələn, ali məktəbə qəbullla bağlı imtahanlarda bəzən görürsən ki, valideyn övladının nə istədiyinin fərqinə varmadan ona diktə etməyə çalışır. Valideyn özlüyündə bir yol cızır və bunu mütləq bir şəkildə aşılamağa çalışır. Sən bu ixtisas üzrə təhsil almalısan və yaxud bu peşənin sahibi olmalısan. Bütün bunlar yeniyetmədə müəyyən məsuliyyətləri aşır. Yeniyetmə bu davranışlara əməl edə bilməyəcəyini düşünərək intihara cəhd edir”.

Psixoloq qeyd edib ki, valideynlər mütləq övladları ilə söhbət etməlidir: “Onların nə istədiyi, düşüncələri, həyat məqsədlərinin nə olduğu barədə sorğu aparmalıdır. Bu gün ailələrdə ən çox yaşanan problem ünsiyyət defisitidir. Ailə üzvləri bir-biri ilə danışmır. Kişi bir tərəfdə internetdə oturur, qadın isə digər tərəfdə. Ancaq fikir versəniz, internetdə hər ikisi kimləsə danışır. Bu da sonda depresiyaya, münasibətlərin soyumasına, əsəbi davranışların, ailədaxili konfliktlərin yaranmasına gətirib çıxarır ki, bu da intihara aparır. Bizim cəmiyyətdə məcburi sürətdə qurulan ailələr var. Hansı ki, bu məsələdə qızın və yaxud oğlanın istəyi nəzərə alınmır. Yeniyetmələrdə intiharların bir səbəbi də sevgi münasibətlərinə görədir. Bizim etnopsixlogiyamızda əxlaq, namus məsələləri ən həssas yerimizdir. Biz buna görə kimisə öldürə də bilərik. Bizə aşılayıblar ki, bu cür məsələlər heç bir hüquqi norma tanımır. Bunların üzərində müəyyən korrektələr aparılmalıdır. Biz inteqrasiyalı cəmiyyətdə yaşayırıq. Elə dəyərlər var ki, onun içərisində bir forma olmalıdır. Olmadığı təqdirdə xoşa gəlməz proseslər baş verəcək”.

Psixoloqun sözlərinə görə, ailədə intim problem bir-birini tamamlamadıqda, fiziki uyuşmazlıq olduqda bunlar intihara gətirib çıxara bilir: “Ancaq nəzərə almaq lazımdır ki, intihar heç bir halda çıxış yolu deyil. Sadəcə, problemdən qaçmaqdır. Bir qisim ailələrdə də intihara cəhd insanların diqqətini bu problemə yönəltməkdir. Elələri özünü öldürmək üçün bu aktı həyata keçirmir. Onlar istəyir ki, insanların diqqətini çəksin”.

“ Ölkədə “Psixi sağlamlıq və təhlükəsizlik” haqqında qanun qəbul olunmalıdır”

E. Rüstəmov əlavə edib ki, ölkəmizdə “Psixi sağlamlıq və təhlükəsizlik haqqında” Qanun qəbul olunsa, yaxşı olar: “Cəmiyyətdə insanlar maarifləndirilməlidir. Bu yaxınlarda Milli Məclisdə tibbi sığorta məsələsini irəli atdılar. İstərdim ki, onun tərkibinə psixoloji suğorta adlı maddə də əlavə olunsun. Ailə quran gənclər psixoloji baxımdan da bir-birini tanısınlar. Bu daha yaxşı təsir göstərərdi. Əgər fiziki sağlamlıq psixi sağlamlıqla tənzimlənmirsə, o kimsəyə lazım deyil. Elə intihar edənlər var ki, onlar fiziki cəhətdən çox sağlam insanlardır. Amma görürsən ki, intihar edirlər. Psixoloji istiqamətdə cəmiyyət maarifləndirilməlidir. Yeniyetmələrlə bağlı problemlər varsa, psixoloqa müraciət edilməlidir. Əgər yardıma ehtiyac varsa, mütəxəssislərə müraciət edillməlidir. Bunun üçün ayrıca mütəxəssislər var. Bu gün intihar haqqında çox yazılır. Amma nəticəsi olmur, problem azalmır, əksinə daha da artır. Bu onu göstərir ki, cəmiyyət buna hazır deyil. Çünki bunlar kompleks tədbir deyil. İnformasiya kimi bilirik, amma nədən qaynaqlandığı əks olunmur. Onun qarşısını almaq üçün heç bir tədbir görülmür. Ona görə də proses əks təsirini göstərir”.

Psixoloq Mərkəzə bu tip insanların müraciət etdiklərini qeyd edib:” Hətta övladı intihar etmiş analar da bizə müraciət edir. Əslində əksər insanlar həyatında bir ya iki dəfə intihara cəhd edir, amma bunu həyata keçirmir. Psixoloji narahatlıqla bağlı müraciət edirlər. Və lazımı şəkildə də psixoloji yardımı alırlar. Çox rahat şəkildə həyatlarına davam edirlər. Bu istiqamətdə də mərkəzimiz çalışır.

Hadisə yerində olan kriminalist nə düşünür

Kriminalist Şəmsəddin Əliyevin qeyd edib ki, Respublika Cinayət Məcəlləsi intiharla bağlı xüsusi cəza tətbiq edir: “Yəni o intihara vadar edən qüvvə kimdir. Şəxs əhatəsində olan insanların əməllərindən təngə gələ bilər. Və yaxud sosial və madi durumun çətinliyinə dözə bilməyərək intihar edir və.s. Statistik rəqəmlərə əsasən son zamanlar yaşlılar arasında intihar halları gənclərə nisbətən daha çoxdur. Yəni 60-70 yaş arası. Onlar iradələrinə hakim ola bilmirlər. Sadə yol olan intiharı seçirlər.

Kriminoloq kimi hesab edirəm ki, bu hadisələrin qarşının alınması üçün kifayət qədər imkan var. İmkanlar ondan ibarətdir ki, Əmək qanunvericiliyinə əsasən insanların sanatoriya və kurort mərkəzlərinə göndərilməsi üçün işlədiyi müəssisə dövlət müəssisədirsə, həmkarlar komitəsinin üzvüdürsə, ona müavinət verilir. Onlar öz səhhəti ilə bağlı müəyyən problemləri həll edə bilirlər.

Əsasən nikah problemi, zorla ərə vermə…

Şəmsəddin Əliyev bildirib ki, cəmiyyətdə kifayət qədər maarifləndirmə tədbirlərinə əl atmaq lazımdır: “Çox təəssüf doğuran hal ondan ibarətdir ki, gənclərin də sırasında intiharların sayı çoxalıb. Əsasən nikah problemi, zorla ərə vermə və s. Özünü asma, yuxarı mərtəbələrdən özünü atma, odlu silahdan atəş açaraq intihar etmə hallarına rast gəlirik”.

Onun sözlərinə görə, əgər hadisə yerində intihar edən şəxs ipdən asılı vəziyyətdə qalıbsa, kriminalist onun şəklini çəkir. Bundan sonra prokurorluqda fakta görə cinayət işi açılır. Özünü öldürmə dərəcəsinə çatdırmanın səbəbləri araşdırılır. Ətrafları, qohumları dindirilir. Bütün detallar araşdırılır. Əgər intihara səbəb olan subyektlər varsa, cinayət məsuliyyətinə cəlb olunur. Ruhi problemlərlə və maddi durumlar əlaqədardısa, cinayət işi xətm olunur. İstintaq başa çatandan sonra prokurorluq səbəblərin araşdırılması barədə müfəssəl şəkildə arayış yazır. Kifayət qədər səbəblərlə bağlı narahatlıq varsa, müvafiq orqana təqdimat göndərir. Polis hadisə yerinə prokurorluq nümayəndələri gələnə kimi ərazini qoruyur”.

Dində intihar edənə necə baxılır?

Dini ekspert Elşad Miri bildirib ki, İslam dinində intihar etmək böyük günahlardan sayılır: “Hətta peyğəmbərimiz də hədislərində buyurur ki, kim hansı formada intihar edirsə, cəhənnəmdə də eyni tərzdə cəzalandırılacaq. Quranı-Kərimdə özünüzü öldürməyin deyə ayə var. Bütün bunların timsalında deyə bilərəm ki, İslam dini qəti şəkildə insanların özünə qəsd etməsinə icazə vermir. Təsəvvür edin ki, Peyğəmbərin dönəmində bəzi insanlar intihar etmişdilər. Onların cənazə namazlarını qılmayıb. Bu bir növ insanları intihardan çəkindirmək məqsədilə olub. Fikirləşmək lazımdır ki, bu bizim hazırda yaşadığımız bədənimiz bir qəlibdir. O qəlibi Allah bizə əmanət kimi verib. Hansısa formada biz həmin əmanətə zərbə vururuqsa, ziyan veririksə, bu verilən əmanətə qarşı xəyanətdir.

Ekspertin sözlərinə görə, hazırda bizim nə orta məktəblərdə, nə də universitetlərdə hər hansı dini təhsil tədris olunmur, nadir hallarda dinlə bağlı hər hansı məsələ gündəmə gətirilir. Buna da heç bir zaman maarifləndirmə deyə bilmərik. Bu sahədə nə Qafqaz Müsəlmanları İdarəsi, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi heç bir iş görmür. Onların gördükləri işlər başqa sahədədir. Həcc ziyarəti ilə maraqlanırlar. Çünki ona da dini biznes kimi baxırlar. Belə məsələlərdə həqiqətən də din adamlarının, ilahiyyatçıların böyük vəzifə düşür. Psixoloqlarla birgə hər hansı tədbirlər keçirib insanlara çatdırmaq lazımdır. Dövlət qurumları, QHT-lər bununla bağlı hər hansı layihələr həyata keçirməlidir. Orta məktəblərdə, universitetlərdə məsələ gündəmə gətirələrək gənclərin belə situasiyalarda hansı formada hərəkət edəcəklərini onlara aşılamaq lazımdır. Çünki bizim insanımız psixoloq yanına getmir. Amma hər hansı ilahiyyatçı ilə çox normal şəkildə açıq danışa bilir. Çünki həmin adam ilahiyyatçıda özünə qarşı güvən hiss edir”.

Günel Türksoy
Araşdırma “Qızılbaş” GMİB-nin QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən ” “Gənclərin problemlərinin mediada müzakirəsi, ictimai debatlar” layihəsi çərçivəsində hazırlanıb.

http://www.xeber.info/news/cmiyyt/2430-azrbaycanda-intiharlarn-say-niy-artb-aradirma.html

Share to Odnoklassniki