Təlim prosesində mobil telefondan istifadənin yaratdığı psixoloji problemlər

IMG-20191014-WA0027
Ceyhun Alıyev,
psixologiya üzrə fəlsəfə doktoru, dosent
 Psixologiya Elmi Tədqiqat İnstitutu.
Təlim prosesində mobil telefondan istifadənin yaratdığı psixoloji problemlər
 London İqtisadiyyat Məktəbinin alimləri Lui-Filip Beland və Riçard Mörfi tərəfındən aparılan araşdırmaya görə, mobil telefondan istifadə etmədikdə tələbələrin dərslərdə müvəffəqiyyət dərəcəsi orta hesabla 6.4 faiz   artmış olur. Bu tədqiqatın daha bir maraqlı nəticəsi belədir ki, telefon qadağası akademik müvəfəqiyyəti aşağı olan tələbələrin müvəfəqiyyət dərəcəsinin 14.23 faiz yüksəlməsinə səbəb olur.
Bəs, telefon qadağası niyə zəif oxuyan tələbələrin təlim müvəfəqiyyətinə  müsbət təsir göstərir? Bu məsələ özünənəzarət hissi ilə bağlıdır. Öyrənmək və ya səmərəli işin ən böyük düşməni diqqət yayınması və diqqətin mərkəzləşmə xüsusiyyətinin zəif olmasıdır. Müasir dövrdə  təlim prosesində, dərsdə şagird və tələbələrdə diqqəti yayındıran amillərin başında mobil telefon gəlir. Əlbəttə tələbə diqqətin bölünməsinə və yayınmasına səbəb olan telefonu bağlaya bilər, amma özünənəzarət hissi zəif olan tələbə və şagirdlər bunu etməkdə çətinlik çəkirlər. Odur ki, diqqət rejimində qala bilməyən, özünənəzarət və cavabdehlik hissi zəif olan tələbə və şagirdlərdə akademik naliyyət, təlim müvəfəqiyyəti bir qayda olaraq aşağı olur. Onlarda özünənəzarət hissi zəif olduğu üçün, telefona baxmaqdan özlərini saxlaya bilmirlər. Buna görə də telefon qadağasının  özünənəzarət hissi zəif olan tələbələrə daha çox faydası var. Üst səviyyədəki tələbələrin özünənəzarət hissi yüksək olduğu üçün, onlar özləri ilə telefon gəzdirsələr də onu asanlıqla bağlı saxlaya bilir, yalnız zəruri ehtiyac yarandıqda ondan istifadə edirlər.
ABŞ-ın Stendford Universitetinin professoru Mişel Valter uşaqlarda özünənzarət hissinin səviyyəsini ölçmək üçün tədqiqat aparır. Bir qrup uşağı tək-tək otağa aparır, stolun üstünə bir ədəd konfet qoyaraq deyir: “Mən indi otaqdan çıxıram. Bu konfeti yeyə bilərsən, amma geri qayıdana qədər yeməsən, sənə ikinci konfeti də verəcəm.”  O gün bəzi uşaqlar gözləyərək ikinci konfeti də alır, bəziləri isə gözləməyib konfeti dərhal yeyirlər.
Tədqiqatın əsas maraqlı tərəfi 20 il sonar üzə çıxır. Tədqiqatçılar qrupu həmin adamları tapır və həyatlarını təhlil edirlər. Müəyyən edirlər ki, o gün gözləyib konfetini yeməyənlər həm akademik sahədə, həm də iş həyatında daha çox bacarıqlı omuşlar. Daha yaxşı məktəblərə getmiş, daha çox pul qazanmış və hətta özlərini daha çox xoşbəxt hiss edirlər. Səbəbi isə onların özünənəzarət hissini yüksək olmasındadır. Özünənəzarət hissi güclü olan insanlar, gələcəkdəki daha yaxşı iş üçün indiki anda maraqlı görünən istək və həyəcanlarını ləngidə bilirlər. Gələcəyə yönəlik olur, indiki istəklərindən imtina edə bilirlər. Bu da onlara uğur gətirir. Özünənəzarəti zəif olanlar isə başqaları ilə mübahisə edərkən öz istəklərini həmən ortaya qoyar, emosional davranırlar. Ağlında tutduğunu dərhal ifadə edər, qarşısındakı adama danışmaq imkanı verməz və onları dinləməzlər. Bu cür davranış da əlaqələri pozar və incikliyi artırar. Gördüyümüz kimi özünənəzarət həm müvəfəqiyyət, həm də sevinc hissi gətirir.
 Bəs, görəsən telefonu söndürməyi asanlaşdıran yeganə faktor özünənəzarət hissinin səviyyəsi ilə bağlıdır?
Əslində bir çox tələbə üçün mobil telefon bir xilaskar və ya başlarını qatmaq üçün bir vasitəsidir.  Belə vəziyyət əsasən maraqsız dərslərdə olur. Maraqsız dərslərdən bezən tələbələrdə özünənəzarət hissi yüksək olsa da dərslər onların intellektual tələbatını ödəyə bilmədiyiə görə həmin bolşuğu mobil telefonla oynamaqla doldururlar. Deməli, dərsin maraqsız təşkili və keçirilməsi, yaxşı oxuyan tələbələrin intellektual tələbatını ödəmədiyi üçün telefondan istifadəyə ehtiyac yaranır.
Dərs zamanı telefonun aktiv rejimdə qalmasına səbəb olan amillərdən biri auditoriyadan kənar məsələ ilə bağlıdır. Təəssüf ki, bəzi ailələr, narahat valideynlər müntəzəm olaraq övladları ilə əlaqə saxlamaq, onları nəzarət altında saxlamaq ya da onlardan xəbər tutmaq istəyirlər. Belə ailələrdən gələn tələbələr bəzən özləri istəməsələr də  telefonu daima açıq saxlamalı olur, daxil olan zəngə, mesaja cavab vermək məcburiyyətində qalırlar. Bəzən isə valideynlər uşaqlardan özlərinin hər anları ilə bağlı xəbər verməyi tələb edirlər. Hər iki halda şagirdin və ya tələbənin öz telefonunu açıq saxlaması və ona diqqət yetirməsi zərurətə çevrilir.
 Tələbə və ya şagird də “valideynlərimin zənginə və ya mesajına cavab verməsəm” nə deyərlər əndişəsi ilə daima telefonu açıq saxlamalı olurlar. Bu, daha çox qız tələbələr üçün səciyyəvi olan vəziyyətdir. Bu da diqqətin dərsə yönəlməsinə və onun üzərində mərkəzləşməsinə mənfi təsir göstərir.
Tələbənin cib telefonu yalnız ona deyil, digər tələbələrə də mənfi təsir göstərir, onların da diqqətini yayındırr. Cib telefonu həm də tələbə və şagirdlər arasında şəxsiyyətləraarsı münasibətlərin qurulmasına, eləcə də həmin münasibətlərin gücləndirilməsinə də mənfi təsir göstərir. Bundan başqa insanlararası münasibətlərdə empatiya hissini, bəyənilməyə olan tələbatı zəiflədir. Telefonun stol üzərində olması kommunikasiyaya mənfi təsir göstərir. Bunun iki səbəbi var. Birincisi, telefon masada olanda, adamın gözü telefona sürüşür. Mesaj, ya da zəng gəldimi deyə nəzarət etmə ehtiyacı duyulur. Gözünün oraya sürüşməsi, həm müvazinəti pozur, həm də göz təmasını azaltdığı üçün əlaqə yaradılmasını əngəlləyir.
İkinci səbəb daha gizli bir dinamika. İki nəfər söhbət edəndə diqqət sahələrində yalnız ikisi olur. Amma telefonun masada olması, insanın düşüncəsini daha geniş sosial şəbəkəyə kökləyir. Beləliklə, dərsdə telefonun aktiv rejimdə olması tələbənin psixi fəaliyyətinin təlim fəaliyyətinə yönəlməsinə, mərkəzləşməsinə və onun üzərində davamlı olaraq qalmasına əngəl olur və diqqətin bölünməsinə, zəifləməsinə səbəb olur. Bütün bunlar psixoloji faktor kimi öyrənmənin səviyyəsini aşağı salmaqla tələbənin akademik müvəffəqiyyətinə mənfi təsir göstərir. Bu məsələ ilə bağlı tələbələrin aşağıdakı psixoloji məsləhətlərə diqqət yetirmələrini tösiyyə edirik:
1. Özünənəzarət hissinizi inkişaf etdirin.
2. Qoy sizə başqaları yox, özünüz nəzarət edin.
3. Universitet daxilində və dərslərdə telefonları deaktiv rejimə keçirmək;
4. Imkan daxilində mobil telefondan istifadəni məhdudlaşdırmaq;
5. Mobil telefondan istifadə ilə bağlı özünəqadağa qoymaq;
6. Dərs müddətində  gələn zənglərə qadağa qoymaq;
7. Dərs müddətində telefon nəzarətinin neqativ tərəfləri haqqında  valideyn və yaxınları məlumatlandırmaq;
8. Mobil telefondan istifadə mədəniyyətinin inkişaf etdirilməsi.
Share to Odnoklassniki