Ümumdünya səhiyyə təşkilatının hesablamaları göstərib ki, dünya əhalisinin 7 faizi psixoloq və ya psixiatra müraciət etməsə də, konkret psixoloji problemlər yaşayırlar. Belə ki, aqressiya, fobiya, panik atak, psixi somatik problemləri olan minlərlə insan psixoloji yardım almadan həyatlarını yaşayırlar.
Bu hesablamalara əsaslansaq, Bakı şəhərinin 7 faizi – 210 min nəfər deməkdir. Deməli, Bakıda psixoloji problemi və psixoloq yardımına ehtiyac duyan 210 min insan var. Bu araşdırmalara əsaslanan Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov AzNews.az-a açıqlamasında bildirib ki, şəhər əhalisinə 30 psixoloji mərkəz də azlıq edəcək.
Sevgi öndədir
E.Rüstəmovun sözlərinə görə, sevindirici haldır ki, şəhərimizdə psixoloqa müraciət ənənəsi formalaşıb: “Həkimlər artıq psixoloji dəstəyin insan sağlamlığında əhəmiyyətini fakt olaraq qəbul edirlər. Bu səbəbdən də psixoloji problemi olan insanları psixoloqlara yönləndirirlər. İnsanlar artıq psixoloji yardımdan imtina etmirlər. Bu da bizi daha məsuliyyətlə çalışmağa sövq edir. Fəaliyyətə başlayanda cəmi bir pasiyentim vardı. Ancaq indi gün ərzində 5-6 insanla psixoloji konsultasiya aparıram”. Müraciət edənlər arasında fərqli problemli insanlar olur. Son zamanlar ailə, sevgi problemləri ilə bağlı müraciətlər üstünlük təşkil edir. Əsrlər əvvəl məcnun olub düzlərə düşən sevgililər indi çarə üçün məhz psixoloqa üz tuturlar. Nəticədə sevən qız və oğlanlar siyahının önündə gəlir. Bu siyahıya nişanlı və yeni evli cütlükləri də əlavə edəndə məlum olur ki, sevgi hələ də psixoloji problemlərə yol açan əsas səbəb olaraq qalır. E.Rüstəmovun sözlərinə görə, psixoloji yardıma ehtiyac duyan ailələr, eləcə də şirkətlər, biznes strukrutları var. İşçisi ilə münasibətlərdə problem yaşayan şirkətlər işçilərinin motivasiyasında da psixoloq yardımına ehtiyac duyur və bu problemi aradan qaldırmaq üçün Mərkəzlə əməkdaşlıq edirlər. Maraqlıdır ki, psixi problemlərini həll etmək istəyənlər arasında azərbaycanlılar çoxluq təşkil edir. Mərkəzə müraciət edənlər arasında rusdillilər də çoxdur. E.Rüstəmovun sözlərinə görə, Mərkəzə Azərbaycanda yaşayan əcnəbilərdən də yolu düşənlər olur.
İlk psixoloji mərkəz
Bir sözlə, artıq insanlar problemlərinin səbəbini axtarırlar. Psixoloqa müraciət ənənəsinin formalaşmasında Psixologiya və Konsultasiya Mərkəzinin rolu danılmazdır. 2009-cu ildə fəaliyyətə başlayan PCC bu sahədə ilk mərkəzlərdən olsa da, artıq yeganə deyil. Elə fəaliyyətdə olduğu 3 il ərzində xidmət etdiyi insanların sayı kimi, xidmət sahələrini də artırıb. Belə ki, Mərkəz indi fərdi konsultasiyadan tutmuş, ailələrlə psixoloji iş, psixoloji təlim kurslarına qədər çoxsaylı fəaliyyət istiqamətlərini əhatə edir. Elnur Rüstəmovun ifadəsi ilə desək, fəaliyyətə başlaması üçün mövcud olan zərurət indi onların işini genişləndirməsinə təkan verir: “Psixoloji problemlərin geniş yayılması bu işin sistemli həyata keçirilməsi zərurətini ortaya çıxarır. Biz də gündən-günə artan tələbata cavab verməyə çalışırıq. Ehtiyac hiss etdiyimiz sahələrdə gücümüzü və xidmətlərimizi artırırıq. Məsələn, fəaliyyətə başlayanda bir mərkəzlə (nəzərə alın ki, o mərkəz də 1 otaqdan ibarət idi.) başladıq. Burada həm ailələrə, həm də uşaqlara psixoloji xidmətlərimizi təklif edirdik. Zaman keçdi, otaqlarımızın sayı artdı. Sonradan məlum oldu ki, uşaqların psixoloji problemləri çoxdur və onlarla burada işləmək çətindir. Uşaqların dəhlizdə qaçması təlimə, böyüklərlə aparılan psixoloji konsultasiyaya mane olur. Eyni zamanda bu uşaqlarla aparılan fərdi konsultasiyalarda diqqətin yayınmasına səbəb olurdu və s ”.
Bu zərurətdən də “Narınc” Uşaq Psixologiya Mərkəzi yaradıldı.
Narınc Uşaq Psixologiya Mərkəzi
Uşaqlarla böyükləri ayırmaq qərarına gələn Psixologiya və Konsultasiya Mərkəzində bu məqsədlə həyata keçirilən tədbirlər bu ilin əvvəlində nəticə verir və Mərkəz fəaliyyətə başlayır. E.Rüstəmov Uşaq Psixologiya Mərkəzini indiyədək həyata keçirilən ən böyük layihələri hesab edir. Burada 12 yaşına qədər olan uşaqlara psixoloji yardım göstərilir. Hiperaktiv, daun sindromlu uşaqlar burada tam müalicə olunur. Burada aktiv terapiya, kəkələmə mütəxəssisi, loqoped, müalicəvi bədən tərbiyəsi, pedaqoq, psixoloq məsləhətləri verilir. Psixologiya və Konsultasiya Mərkəzinin nəznində fəaliyyət göstərən “Narıncı” Uşaq Psixologiya Mərkəzində uşaq psixologiyası ilə istər peşəkar, istərsə həvəskar kimi maraqlanan hər kəs üçün tədris-təlim kursları fəaliyyət göstərir. Kurslar vasitəsi ilə uşaqları yaxından tanıyıb onlarla rəftarı, korreksiya işi barədə dolğun və praktik məlumatlar verilir. Məsələn, burada terapevtik kukla teatrı, uşaq qrup terapiyası, abituriyent və yeniyetmələrlə psixoloji iş aparılır. İstəyənlər onlayn tədris-təlim kursları, məktəbə hazırlıq kurslarına qatılır. Kəkələmənin psixo-pedaqoji korreksiyası, inkişaf geriliyi, loqopedik və psixoloji korreksiya kimi xidmətlər də göstərilir.
Xatırladaq ki, Mərkəz 9-cu mikrorayon, Mir Cəlal küçəsi 51 c ünvanında, “Elmed” klinikasının yanında yerləşir.
Uşaqlar əsas hədəfimizdir
E.Rüstəmovun sözlərinə görə, sağalmaz xəstəlik yoxdur, gecikmiş problemlər var. Psixoloji yardım da mütləq nəticə verir. Bəzi xəstələrlə konsultasiyalar, bəzilərinə paralel olaraq həm də dərman terapiyası keçilir. Bir sözlə, psixoloji problemə uyğun müalicə tətbiq olunur və müsbət nəticə əldə edilir: “Uşaqlar əsas hədəfimizdir. Psixoloji problemlərin də ən çox uşaqlarda rast gəlindiyini nəzərə alsaq, tələbatın çox olması başa düşüləndir. Doğuş zamanı, hamiləlikdə və doğuşdan sonra uşaqlarda nevroloji və psixoloji problemlər yaranır. Odur ki, uşaqlara psixoloji yardım məqsədi ilə daha çox müraciətlər olur. Ailələr də daha çox uşaqların psixologiyasına önəm verirlər. Ona görə də uşaqlara yardım məqsədi ilə müraciətlər daha çox olur”.
Artan tələbatın nəticəsidir ki, Psixologiya və Konsultasiya Mərkəzi daha bir filialının fəaliyyətinə start verməyə hazırlaşır: “Bütün hazırlıqlarımız tamamlanıb. Binamız hazırdır. Gələn ilin əvvəlində Mərkəzin filialı da fəaliyyətə başlayacaq. Ancaq burada yalnız uşaqlar deyil, böyüklər də psixoloji yardım ala biləcək.
Psixoloji yardım neçəyədir?
E.Rüstəmov hesab edir ki, nəinki Mərkəzdə, ümumiyyətlə Azərbaycanda psixoloji yardıma görə qiymətlər baha deyil: “Psixoloji xidmətin qiyməti dünyada çox bahalıdır. Ayrı-ayrı ölkələrdə 100-150 avro arasında dəyişir. Azərbaycanda isə 25-50 manatdır”.
E.Rüstəmovun sözlərinə görə, psixoloji yardım ilk dəfədən də müsbət təsir göstərə bilər. Odur ki, 25-30 manat verib psixoloq yardımı alan şəxslər öz daxili konfliktlərini həll edib, həyatlarına rahat davam edə bilərlər. Sonradan ehtiyac duyarsa, təkrar yardım, hətta mütəmadi psixoloji məsləhətlər almaq olar. Buna insanın özü də ehtiyac hiss edə bilər, psixoloq məsləhəti ilə də davam etmək olar. PCC Psixologiya və Konsultasiya Mərkəzi bunun üçün müştərilərinə sərfəli təkliflər edir. Belə ki, “Sağlam gələcək” İctimai Birliyi ilə birgə həyata keçirdikləri layihə çərçivəsində Mərkəzdə endirim kartları tətbiq edirlər. Kart sahibi olan müştərilər həm PCC Psixologiya və Konsultasiya Mərkəzinin, həm “Narınc” Uşaq Psixologiya Mərkəzinin, eyni zamanda “Elmed” tibb mərkəzinin xidmətlərindən endirimlə faydalana bilirlər.
“Düşüncə” psixologiya jurnalı
Psixoloji dəstəyə yeni münasibətin formalaşmasında maarifləndirmə çox əhəmiyyətlidir. Artıq insanlar psixoloji yardımın nə olduğunu, psixoloqla psixiatrın fərqini anlayır. Buna görə isə keyfiyyətli xidmətlə yanaşı maariflənmə də çox önəmlidir. Bu məqamı da diqqətdən kənarda qoymayan Mərkəz bu il ərzində iri və maraqlı layihələrlə çıxış edib. Belə ki, PCC ölkəmizdə ilk elmi-publisistik psixoloji jurnalın təşəbbüsçüsü və naşiri olub. Nəfis tərtibat və zəngin materialları ilə oxucu marağına səbəb olan jurnalın artıq 6 sayı işıq üzü görüb. Çıxdığı ilk sayından başlayaraq hər bir jurnal böyük rezonans doğurub. E.Rüstəmovun sözlərinə görə, cəmiyyətin maariflənməsinə xidmət edəcək jurnalın özəlliyi həm də aktual mövzuların işlənməsidir: “Burada aktual problemləri işıqlandırırıq. Özəlliyi ondadır ki, yazıların mövzusu köhnəlmir”.
Jurnalın ərsəyə gəlməsində baş redaktor, psixoloq Vüsalə Ələkbərovanın rolu danılmazdır. Onun əməyinin nəticəsidir ki, jurnal hər yeni sayda daha da təkmilləşir, insanların, cəmiyyətin marağına səbəb olur. Cəmiyyəti maarifləndirmək istiqamətində Mərkəzin daha bir layihə isə onlayn psixoloji xidmətlə bağlıdır. 2013-cü ilin fevralından psixoloji testlərdən ibarət ilk internet portalı olan www.psixotest.az da fəaliyyətə başlayıb. Maariflənmə istiqamətində həyata keçirilən layihələr siyahısında Mərkəzin çap məhsulları da var. “Psixologiya dünyası” seriyasında 2012-ci ildə Mərkəzdə 5 kitab çap olunub. Ronda Bernin “Sirr” kitabı, “Qrafologiya”, “Arterapiya”, “Fizianomiya”, “Hiperaktiv uşaqlar” kitabları çapdan çıxdıqdan az sonra satılıb. E.Rüstəmovun sözlərinə görə, istər öz müşahidələri, istərsə də, kitabların satış səviyyəsi göstərib ki, nəzəri məlumata ehtiyac var: “Əslində psixologiya sahəsində nəzəri bilik və bu istiqamətdə araşdırmalar ölkəmizdə kifayət qədər olub. Ancaq tətbiqi psixologiya sahəsində tələbatın hələ də olması aşkar görünür. Biz də fəaliyyətimizdə bunu nəzərə almağa çalışırıq. Artıq tətbiqi psixologiya ilə bağlı 3 kitabı da çapa hazırlamışıq”.
Kadrlar indi daha hazırlıqlıdır
Ölkəmizdə kadr hazırlığı prosesində də fəal iştirak edən PCC Psixologiya və Konsultasiya Mərkəzi ehtiyac olan sahələrdə – həm nəzəri, həm də tətbiqi psixologiyaya öz töhfəsini verməkdə qərarlıdır: “Dərsliklər hazırlamağı planlaşdırırıq. İlin sonuna qədər psixoloji konsultasiya, psixoterapiya ilə bağlı dərsliklər tərcümə edib, çap etdirməyi də planlaşdırırıq. Mərkəzdə eyni zamanda Ali məktəblərin psixologiya ixtisası üzrə təhsil alan tələbələri təcrübə keçir. İl ərzində 70-80 tələbə fasilələrlə psixoloji təcrübə qazanır. Bu il tələbələrin sayını artırmağı düşünürük”.
Tələbələrin səviyyəsindən razı olduğunu bildirən mütəxəssis hesab edir ki, son illər təcrübəyə gələn kadrlar daha hazırlıqlıdır.
Bu sahədə rəqib tanımırlar…
Nəinki ayrı-ayrı kadrlar, elə Bakıda fəaliyyət göstərən digər psixoloji mərkəzlərin böyük bir qismi də məhz PCC-nin şinelindən çıxıb. PCC-nin yetişdirdiyi kadrlar öz fəaliyyətlərini genişləndirərək ayrıca Mərkəz yaradıblar: “Buda bizi sevindirir. Biz onları özümüzə rəqib yox, həmkar kimi görürük. Mərkəzlər arasında sağlam rəqabət hökm sürür. Onlardan tək tələbimiz insanlara düzgün psixoloji yardımı göstərməkdir. Çünki, sahə yenidir, imkan verilməməlidir ki, bundan sui istifadə halları olsun”.
Ruhiyyə
AzNews.az