Anna Freyd 1865-ci il dekabrın 3-də Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Psixoanalitik Ziqmund Freydin altı uşağının ən axrıncısıdır. Annanın anası, bacı və qardaşları ilə münasibəti o qədər də yaxın deyildi, atası ilə isə əksinə çox isti münasibətləri var idi. Məktəb illərini özəl məktəbdə keçirməsinə baxmayaraq, təlim prosesindən çox az şey öyrənirdi; Anna bildiyi hər şeyi atası, onun dostları və həmkarları ilə əlaqədə olduğu müddətdə öyrənmişdi.
Məktəbi bitirdikdən sonra o, atasının işlərini redaktə edirdi və ibtidai sinifdə dərs deyirdi. Bu proses idə getdikcə onda uşaq psixologiyasına maraq yaratdı. 1918-ci ildə vərəm(tuberkulyoz) xəstəliyinə tutuldu və işdən çıxmağa məcbur oldu. Bu çətin dövrdə Anna tez-tez atasına yuxuları barədə danışırdı. Freyd qızının yuxularını təhlil edərkən, Annada bu peşəyə qarşı böyük bir maraq yaranmağa başlayırdı. Sonda isə özü də psixoanalizlə məşğul olmaq qərarına gəldi. Məşhur alimin qızı, atasının əsas idea və nəzəriyyələrini bir-birindən fərqləndirirdi. Şüuraltının strukturu onu daha az maraqlandırıdı, daha çox ego və dinamika və ya insan psixikasının motivlərinə maraq göstərirdi. Zamanla bu maraq, Anna Freyd tərəfindən “Ego və Psixoloji Müdafiə Mexanizmləri” adlı inqilabi bir kitabın nəşr olunmasına səbəb oldu. Bu kitab 1936-cı ildə işıq üzü gördü.
Anna Freyd – uşaq psixoanalizi kimi psixologiyanın mühüm bir sahəsinin yaradıcılarından daha məşhurdur; bir sıra tibbi üsullar yaradaraq, uşaq psixologiyasını öyrənməyə böyük töhvələr vermişdir. 1923-cü ildə, universitet diplomu olmasa da, Vyanada şəxsi psixoanalitik praktika mərkəzini açdı və Vyana Psixoanalitik Cəmiyyətinin sədri oldu.
1938-ci ildə, faşistlər Avstriyanı işğal edərkən, Anna Freyd ailəsi ilə İngiltərəyə köçdü.
1941-ci ildə Doroti Barlinqem və Helen Ross ilə birgə Londonda evsiz uşaqlar üçün “ Hampstead Uşaq Evi” adlı sığınacaq yaratdılar. Sığınacaqda psixoloji analiz proqramları həyata keçirilirdi.
Bu təhsil müəssisəsində apardığı işlər, müharibə əsnasında uşaqların psixoloji problemləri haqqında üç kitabın yayımlanmasına gətirib çıxardı: Young Children in Wartime (“Müharibə dövründəki kiçik uşaqlar”, 1942); Infants Without Families (“Ailəsiz uşaqlar “, 1943); War and Children (Müharibə və Uşaqlar 1943).
1945-ci ildə uşaq evi bağlandı və Anna Freyd Hampstead uşaq klinikasını və uşaq terapiyası kurslarını təsis etdi; vəfat etdiyi günə qədər bu qurumun rəhbəri vəzifəsində çalışdı. Anna, 1982-ci ildə dünyasını dəyişdi, və psixoanaliz sahəsində yeganə dayanıqlı və geniş elmi irsini geridə buraxdı.
Müdafiə mexanizmləri
Anna Freydin müdafiə mexanizmləri nəzəriyyəsinin inkişafına olan töhvəsini anlamaq üçün ilk olaraq eyni mövzuda üzərində aparılan atasının tədqiqat işlərini qeyd etmək lazımdır. Ziqmund Freyd, id və super-eqo ilə qarşıdurmada ego tərəfindən istifadə edilən müxtəlif müdafiə mexanizmlərini təsvir etmişdi. Psixoanalitikin fikrincə, əksər insanlar üçün vacib motiv gərginliyin aradan qaldırılmasıdır, bu da özünü əsasən narahatlıqla (həyəcanla) göstərir. Freyd həyəcanı üç növə ayırırdı:
1.Məqsədli (obyektiv) və ya realist həyəcan – xarici dünyanın təsir qorxusu. Məsələn, bir adam itin onu dişləməsindən qorxur, çünki yaxınlığında it var. Real həyəcana səbəb olan stressi aradan qaldırmanın ən sadə yolu, bu vəziyyətdən çıxmaqdır.
2.Nevrotik həyəcan – impulslar üzərində nəzarəti itirməmək üçün şüursuz şəkildə cəza almaqdan qorxmaq.
3.Mənəvi narahatlıq – əxlaq prinsiplərinin və dəyərlərin pozulması qorxusu, utanc və ya təqsirkarlıq hissi yaradır. Bu narahatlıq tipi superegonun nəzarəti altında baş verir.
Ziqmund Freydin nəzəriyyəsinə görə, narahatlıq yarandıqda, psixikamızda müdafiə mexanizmləri fəaliyyətə keçməyə başlayır. Bu müdafiə mexanizmləri həyəcanımızı azaldır və eqonu reallıqdan, id və super-eqodan qorumağa başlayır. O, bu mexanizmlərin həqiqəti təhrif etdiyini və problemlərdən qaçmaq üçün insanların fəal istifadə etdiyini iddia edirdi. Beləliklə, həyəcanı daha düzgün və effektiv idarə etmək üçün bu mexanizmlərin necə işlədiyini müəyyənləşdirmək və anlamaq çox faydalıdır.
Bəs Annanın bu nəzəriyyənin inkişafına olan qatqısı nədən ibarət idi? Hər şeydən əvvəl məhz eqonun həyəcanını azaldan xüsusi müdafiə mexanizmlərini müəyyənləşdirdi.
•İnkar etmə – baş verənləri və ya baş vermiş hadisələri tanımaqdan imtina.
•Yönəltmə – hisslərini və məyusluğunu başqasına yönəltmə.
•İntellektuallaşdırma – problemi rasional və obyektiv baxımdan nəzərdən keçirərək onun stressli və emosional komponentlərinə yönəldilməsini dayandırmaq .
•Proyeksiya – mənfi duyğuların başqa bir şəxsə köçürülməsi, bunun nəticəsində sanki başqa biri sizin əvəzinizə həmin duyğuları yaşayır.
•Rasionallaşdırma – öz həqiqi duyğuları və ya davranışları barədə düşünməməyə çalışma və həqiqətə uyğun olan yalan bəhanələr uydurma.
•Reaktiv təsir – həqiqi hisslərinizi gizlətmək üçün əks istiqamətli hərəkətlər seçmək.
•Reqressiya – “uşaqlıq” davranışına dönüş. Anna Freyd, insanın bu cür müxtəlif davranış formaları seçdiyinə inanırdı və bunun əsasında psixoseksual inkişafın hansı dönəmində fiksassiya baş verdiyini müəyyənləşdirirdi. Məsələn, oral mərhələdə travma alan insan çox yeyir ya da çəkir və ya çox aqressiv davranır.
•Basdırma – narahatlığa səbəb olan şüuraltı sahəyə düşüncələrin təzyiqidir.
• Sublimasiya – qəbuledilməz davranışın daha məqbul bir formaya çevrilməsi. Məsələn, əsəbini çıxarmaq üçün qəzəbli bir adam idman zalına gedir və döyüş yastığına vuraraq sakitləşir.
Uşaq psixoanalizi
Anna Freyd uşaqlar üçün effektiv psixoterapevtik metodologiya yaratmaq qərarına gəldikdə, ilk öncə atasının əsas nəzəriyyələrindən uzaqlaşmağı, onların köməyi ilə vaxt cədvəlini hazırlamağı və balaca pasiyentlərin normal inkişafı və inkişaf dərəcələrini müəyyənləşdirməyi planlaşdırdı.
O düşünürdü ki bu vəziyyətdə, fərdi inkişafın (məsələn, gigiyenik) hər hansı bir aspekti düşsə və ya geciksə, psixoterapevtə psixi travmanın xüsusi səbəbini müəyyənləşdirmək və məhz ona fokuslanaraq terapevtik üsulla istifadə etmək daha asan olardı.
Anna tezliklə anladı ki, atasının yetkin pasiyentlərlə onun çalışdığı uşaqlar arasında böyük fərq var və vaxt keçdikcə ilk yanaşma tərzini dəyişdi.
Ziqmund Freud yetkin insanları müalicə edirdi , lakin qızı uşaqlar ilə işləyirdi, və o uşaqlar həyatlarının böyük bir qismini valideynləri ilə keçirirdi. Psixoanalitik, uşaq inkişafının erkən mərhələlərində valideyn tərbiyəsinin əhəmiyyətini anlamışdı. Eyni zamanda o, uşaq psixoterapiyasında uğurlu nəticə almağın əsas yolunun valideynlərin də müalicə prosesində fəal iştirakı etməli olduğunu anladı. Məsələn, ata və anaları, bir qayda olaraq, seansların necə keçirildiyi barədə ətraflı məlumatlandırırdı ki, gündəlik həyatda müvafiq texnikaları tətbiq edə bilsinlər.
Bundan başqa, Anna Freyd uşaq psixikasında oyunun faydalı olduğunu aşkar etdi. Uşaqlarla problemləri həll etmək, reallığa uyğunlaşmaq üçün oyun prosesindən aktiv istifadə etmək müsbət nəticələr verirdi. Onlar seans zamanı oyun vasitəsilə özləri və duyğuları haqqında daha səmimi danışırlar. Ancaq oyun, bir uşağın zehni travmasını müəyyənləşdirmək və hətta sağalması üçün kömək etsə də, mütəxəssis şüuraltı prosesləri başa düşməlidir, çünki böyüklərdən fərqli olaraq uşaqlar əsl duyğularını və emosiyalarını gizlətməyi bilmirlər. Ona görə də həmişə düşündüklərini rahatlıqla deyirlər!
Anna Freyd karyerasını məşhur atasının kölgəsində başlamasına baxmayaraq, psixologiyanın inkişafında verdiyi töhvələr həqiqətən də əvəzsizdir. Ziqmund Freydin müdafiə mexanizmləri nəzəriyyəsini başa çatdırdı və ən əsası, uşaq psixoanalizi istiqamətini yaratdı və bu sahənin gələcək inkişafına böyük təsir göstərdi. Hazırda uşaq psixologiyasına dair məlumatların əhəmiyyətli bir hissəsini biz, Anna Freudun elmi işi sayəsində bilirik.
Mənbə: Psixologiya Elmi-Tədqiqat İnstitutu