HƏR ŞEY DÜŞÜNCƏDƏ BAŞLAYIR
Hər şey düşüncədə başlayar, düşüncədə yaradılar və düşüncənin qurucu gücünün məhsulu olaraq inkişaf edər. Hər şey düşüncənin məhsuludur. Düşüncənin sonu yoxdur. İnsana öz universal ağlıyla birlikdə öz həyatını özü yaratmaq səlahiyyəti verilmişdir. İnsana həyata hökm etməyə və tükənməz potensialını istifadə etməyə imkan verilmiş və şərəfləndirilmişdir. Düşündüyümüz şeylər tədricən həqiqətə çevrilir. Onun üçün də, yalnız reallaşmasını istədiyimiz şeyləri düşünməliyik.
ÖZÜNÜ İDARƏETMƏNİN YOLU
Təhtəlşüur, bədən funksiyalarının avtomatik yerinə yetməsini təmin edir. İstər ayıq, istərsə də, yatmış vəziyyətdə böyük istəklər daxildən xaricə çıxar. Təhtəlşüur, qoyulan qaydaya görə hərəkət edir: şüur əmrləri verir, təhtəlşüur isə bu əmrləri tətbiq edir. Onu itaətkar xidmətçi kimi təsəvvür edin. Bütün əmrlər, hər bir mülahizə, hər bir inanc təhtəlşüurda qeyd olunur, hətta diqqət yetirmədiyimiz şeylər belə yazılır və lazım olduğu vaxt ortaya çıxır. Qanunları özümüz yaradarıq. Məsələn: “küləyin qabağında oturmuşam, xəstələnəcəm!” kimi bir düşüncə yaratsaq, təhtəlşüur bunu dərhal qeyd edəcək və bunu deyən xəstələnəcəkdir. Xəstəliyin səbəbi, hava cərəyanında qalmaq deyildir, cərəyana düşən kimi xəstələnəcəyinə inanmaqdır. İnsanların çoxu öz-özlərini hipnoz edirlər. Çünki, qaydaları insan qoyur, təhtəlşüur da həyata keçirir. İnsanlar, əvvəlcə özlərinə qənim kəsilən qaydalar müəyyən edir, sonra da bunların əsiri olub bədbəxt olurlar. Düşüncənin dəyişməsi həyatı da dəyişdirər. İnancını dəyişdirən insan, həyatını da dəyişəcəkdir. Çünki insanı yaradan onun düşüncələridir.
Hamının düşüncələri seçmə haqqı vardır. Başqalarının, bizim haqqımızdakı düşüncələri bizi bağlaya bilməz. Yaxşıları düşünsək, yaxşılar da bizi seçəcəkdir və onları özümüzə cəzb edəcəyik. Qorxu və nifrəti düşüncələrdən uzaqlaşdırmaq lazımdır.
İSTƏ VƏ SAHİB OL
Dualarınıza diqqət yetirin, reallaşa bilər. Ağılınızdan keçən hər şey, gec-tez ortaya çıxacaqdır. Özümüzü nə ilə və necə görmək istəsək, elə olmağa meyl edərik. Düşündüyümüz şey, yavaş-yavaş təhtəlşüurda qəlib yaradar və həqiqi bir təcrübədə özünü göstərər. Həyat qanunlarla idarə olunur! Şüurlu olaraq düşünülən hər düşüncə, təhtəlşüura təsir edir və bu təsir düşüncədəki arzunun dərəcəsinə bağlı olaraq hərəkətə çevrilər. Mənfi düşüncənin nəticəsində insanlar təhtəlşüura səhv əmr verərlər və pis vəziyyətə düşərlər. Əgər, bir adam qırmızı dəsmal gördüyü zaman burnunun şişəcəyinə inanarsa, qırmızı dəsmal görəndə burnu şişəcəkdir.
Keçmişi silib atın! Gələcək sizin seçiminizi gözləyir! Keçmişdəki səhvlərinizə görə özünüzü bağışlayın! Keçmişi unudub yeni bir həyata başlayın! İstədiyiniz hər şeyin olacağına inanın!
ÖZÜNÜZÜ TANIYIN!
İnsan özünü kiçik hesab etməyə meyllidir. Hər gün özünüzü, heç bir inkar düşüncəsinə yer vermədən, bir saatlığına da olsa, olduğunuz kimi qəbul edin. Həqiqətən özünüzü tanıyırsınızsa, bunu edə bilərsiniz. İnsan şüurlu olaraq düşünə bildiyi, inamla gözlədiyi və mümkün olduğuna inandığı hər şeyi edə bilər. Kainat bizə sərhəd qoymur, sadəcə özümüz-özümüzü inanclarımızla məhdudlaşdırırıq. İllərlə başımızda olan və həqiqi mənliyin içimizdən çıxmasına maneə törədən qorxu dolu mənfi düşüncələrdən xilas olmamız lazımdır. Bu yolda biz tək deyilik, əsl sevgi qorxunu rədd edər. Özümüzü sevmək, içimizdəki gücün əzələlərimiz vasitəsilə hər şeyi edə biləcəyini dərk etməkdir. Təqlid intihardır, insan mükəmməl olmaq üçün başqalarını təqlid etmək məcburiyyətində deyil. Heç vaxt səhv etməyən insanlar, heç bir şey etməyənlərdir.
Ən çox istədiyiniz şey nədir? İnanın və sahib olun! Düşüncənizi lazımi nöqtəyə yönəldin və hədəflərinizə köklənin! Düşünmək, düşüncəni özəlləşdirərək istifadə etmək deməkdir. Təhtəlşüur hər şeyi bilir və o qədər həssasdır ki, hər istədiyinizə cavab verir, ona çatdırdığınız hər düşüncəni həyata keçirir. Hakimiyyəti ələ keçirin!
Təhtəlşüur düşüncənin torpağıdır və ona səpilən düşüncə toxumunu cücərdəcəkdir. Müxtəlif xəstəliklər, təhtəlşüurun iş sistemini anlaya bilməməmizdən qaynaqlanır.
MƏQSƏDƏ ÇATMAQ ÜÇÜN QANUN
Özünüz üçün ideal imic təyin edin! Düşündüyünüz, inandığınız və güvənlə gözlədiyiniz şeylərə mütləq çatacaqsınız. İnamınız güclüdürsə, heç nə qeyri-mümkün deyildir. Məqsədlərinizə sərhəd qoymayın və unutmayın ki, məqsədlərinizi yalnız özünüz mühakimə edə bilərsiniz. Bu mühakimədən hər zaman qaçının, çünki özünüzü buxovlaya bilərsiniz. İnsan, böyük düşünməli və mümükün ola biləcəyindən yüksək məqsəd müəyyən etməlidir.
İşləmədən, zəhmət sərf etmədən inam işə yaramaz. İşləmədən məqsədlərə çatmaq mümkün olmadığı kimi, məhsuldarlıq da uzaqlaşar. İnam işləməklə möhkəmlənər. Düşüncələrinizi özünüzə saxlayın, lazım olanı edin və gözləyin. Heç kimə heç nə söyləməyin. Aldığınız reaksiyalarla o yan – bu yana yayınmayın və hədəfdən ayrılmayın. Diqqətinizi məqsədiniz üzərində cəmləşdirsəniz, təhtəlşüurunuz problemləri həll edəcəkdir. Xəyalınızı zehnən həyata köçürün və lazım olanı tamamlayaraq gözləyin. İnandığınız ölçüdə sərvət sahibi olacaqsınız. İnsan, gün boyu düşündüklərinin cəmidir.
Məqsədlərinizi yazın! Əgər, həqiqətən istəyirsinizsə, məqsədlərinizi mənimsəyin! Məqsədlərinizin dünyada maddiləşdiyini xəyal edin!
SƏRHƏDSİZ FİKİR
Sözün həqiqi mənasında uğur əldə edənlər, hislərinin səsini dinləməyi öyrənib onu izləyənlərdir. Sevgi, bəşəri “mən”imizi aşkar etdiyimiz zaman, meydana gələn ilhamdır. Fikirlər heç gözlənilmədən yaranır, onlar mübarizədən imtina etdikdən sonra, yarı yuxudaykən və ya xəyal qurarkən ortaya çıxar. Bəs onda yaradıcı olmaq üçün nə lazımdır?
Düşüncələri bir nöqtədə cəmləşdirin! İstiqamətinizi yaxşı təyin edin və hər dəfə yalnız bir fikri içinizə yerləşdirin! Dərin düşüncə tələskənliyi sevməz! Yaxşı nəticə əldə etmək üçün, layihənizi təhtəlşüurunuza tamamilə yerləşdirin! Fikirlər yarandıqca tutmağa hazır olun və dərhal qeyd edin!
Beləliklə, fikirlərdən istifadə etməyə hazırsınız və onları ələyərək doğru hesab etdiklərinizi yazın! Siz kainatın sirlərini aşkar edə bilərsiniz və tükənməz fikir qaynağınız vardır.
FANTAZİYANIN GÜCÜ
Diqqətimizi cəmləşdirərək, istədiyimi şeyi əldə edər, olmaq istədiyimiz kimi olarıq. Sadəcə, etməmiz lazım olan bu qanunu bilmək və ilhamla istifadə etməkdir. Fantaziya, həmişə bizdən qabaqdadır.
Arzuladığınız nə olursa olsun, ona çatmaq istəyirsinizsə inanmalısınız! İnam, bizim içimizdəkiləri həyata köçürür. İnsan adaptasiya içində yaşamağa cəhd göstərir.
Bəs fantaziyadan necə istifadə emək lazımdır? Dua edərkən, məqsədimizə çatacağımızı bilir və ona yönəlirik. Əgər, fantaziyadan israrla istifadə edilsə, fikirin olduğu hər yerdə müvəffəqiyyət olar. İnsan düşündüyü kimidir, başqa cür ola bilməz! Bu günkü düşüncə tərzimiz, sabahlarımızı hazırlayır. Özümüzə yazığımız gəlməməlidir. Əmin olun ki, özümüz haqda inanclarımız həyatımızın mövqeyini təyin edir. Xəyallarınıza icazə verin ki, daha yuxarıları gəzsin.
Özünüzü bir möcüzə kimi hiss edin! Düşünün ki, etdiklərinizi yüksək səviyyədə həyata keçirirsiniz və yaxşı nəticələr əldə edirsiniz, ehtiyac duyduğunuz hər nə varsa, sizə gəlir və bütün xülyalarınız möcüzəvi şəkildə reallaşır!
QORXUYA QALİB GƏLİN!
Utancaqlığa son verin! Nəzərlər bir adamın üzərinə yönələrsə, o adam narahat olmağa başlayır. İnsan, qorxunu buraxıb, rahat və inamla yaşamalıdır. Güvən həyat haqqında təhlükəsizlik duyğusudur. Qürur isə, bir şəxsə məxsus güvən duyğusunun varlığını başqalarına isbat etməyə çalışmasıdır. Özünə inamı bircə şey məhv edər: uğursuzluq qorxusu. Müvəffəqiyyət qazanmağa inam, müvəffəqiyyət gətirər.
Həyat boyu, komik vəziyyətlərə düşündə qızarıb, kəkələyərik ki, buna da “ələ salınma” qorxusu deyilir. Bəzi insanlar, dost qazanmaqdan qorxarlar. Onlar, rədd edilməkdən qorxduqları üçün tək yaşamağı seçirlər.
Kəkələmə, kiçik yaşlardan valideynlər tərəfindən tələb edilən mükəmməlliyin, təsdiqlənməmək qorxusunun nəticəsidir. Pis nəticələrlə qarşılaşma və bunun öhdəsindən gələ bilməmək qorxusu üzündən insanlar, riskli işlərə girib, inkişaf edə bilməzlər. Etibarsızlıq, hər şeyin insanın məhdud mənliyinə bağlı olduğuna inanmaqdan qaynaqlanır.
Qorxu insanın ən böyük düşmənidir. Qorxunun özündən başqa qorxulacaq bir tərəfi yoxdur. Qorxu hissi bərqərar olan yerdə məntiq işləmir. Qorxu bir duyğudur, amma həqiqət aşkar olunarsa qorxu yox olar. Qorxular ön mühakimədən yaranarlar.
Qorxulacaq heç nə yoxdur və siz hər şeyin öhdəsindən gələ biləcək gücə sahibsiniz. Güc içinizdədir.
Məğlubiyyətdən qorxmayın! İçinizdən gələn səsə inanın və güvənin! Həyatı sevinc və sevgi dolu yaşayın! Harada olursunuz olun və Allaha güvənin!
QƏRAR VERMƏK
Düşüncələrinə hakim ola bilməyənlər, davranışlarına da hakim ola bilməzlər. Bilin ki, qərar verməyən irəliləyə bilməz. Qərarsızlıq, təhtəlşüuru qarışdırar. Biz fikirlərimizi özümüz seçərik. Qərarsızlıqdan xilas olmaq üçün, kağız və qələm götürüb, müxtəlif ehtimalları və gözlənilən nəticələri yazın, yatmazdan əvvəl təhtəlşüura sual yönəldin və səhərə cavabını gözləyin. Həyat dayanmadan dəyişir və yaşadıqlarımız inandıqlarımızın nəticəsidir. Buna görə də elastik olun. Siz qərarlı insansınız və içinizdəki gücü istifadə etmək üçün, ağılınızı işlədin!
RAHATLIQ
Düşündüyünüz, inandığınız və inamla gözlədiyiniz hər şey mütləq reallaşar. Həqiqi rahatlıq, həyatın bolluğunun fərqinə varmaqdır. Bəs rahatlıq necə əldə edilir?
Allah sevgisi ən başlıca şərtdir və insana rahatlıq verən ən əsas amildir. Özünüzün özünüz üçün müəyyən etdiyiniz məhdudiyyətlərə xitam verməyiniz, əsas şərtlərdən ikincisidir. Üçüncüsü, həyata nə qədər veririksə, həyat da bizə o qədər qaytarır.
Hər şeyə son verib, həyata yenidən başlayın! Öz səhv düşüncələrinz xaricində heç bir şey sizi dayandıra bilməz. İnanclarınızı dəyişdirməlisiniz.
Çoxları, əksər fəlakətlərin səbəbi kimi pulu göstərirlər, ancaq pis olan pul deyil, pulu çox sevmək, onu bütün gözəlliklərdən üstün tutmaqdır.
İqtisadi sistemi tənqid etmək, bizə bir şey qazandırmaz. “Xəsislər get-gedə varlanırlar”- deyə düşünə bilərsiniz, ancaq onlar sevgini tapana qədər kasıbdırlar.
Yaxşı olanı seçin! Özümüzü nəyə həsr etsək və nə olduğumuzu düşünsək elə olarıq. Əsl zənginlik, ruhi zənginlikdir. Yaxşılıqların varlığından xəbərdar olmaq insanı varlandırar.
Gərgin uzansanız, gərgin yatarsınız. Rahat bir yuxu üçün əvvəl boşalmalıyıq. Bütün xəstəliklərin mənbəyi stresdir və gərgin insan məhsuldar işləyə bilməz. Balansı gözləyən insanlar həyatdan qorxmazlar və həyatla hər mövzuda razılaşarlar. Zehni tarazlıq vacibdir. Nə baş verirsə versin, sakit olmaq və müvazinəti bərpa etmək mümkündür.
Siz zənginsiniz! Qeyri-məhdud mənbəyiniz var, vaxtında və yerində düzgün qərarlar verərsiniz!
IŞLƏR PİS GEDİRSƏ…
Hər zaman bir çıxış yolu vardır. Mübarizədən qorxmamaq vacibdir və nə baş verdiyi deyil, necə reaksiya verməmiz önəmlidir. Biz taleyimizin ağasıyıq və bütün həyat bizim xidmətimizdədir. Həyat torpağına səpilən hər düşüncə toxumu, məhz həmin düşüncənin növünə görə meyvə verər. Aslanın balası aslan, meymunun balası meymun olduğu kimi, düşüncə də öz növünü təkrarlayır. Onun üçün də, malik olduğumuz imici bəyənmirsinizsə, onu dərhal dəyişdirməlisiniz. Düşüncə, maddəyə hakimdir: içəridəki nədirsə, çöldəki də elədir.
Başımıza yaxşı şeylərin gələcəyinə inansaq, həqiqətəndə yaxşılıqlarla üzləşərik. İşləri tərs gedərsə, içimizdəki gücə inanmaq lazımdır.
Həyat sizin xidmətinizdədir və hər problemin bir həlli vardır. Heç bir şey sizi məğlub edə bilməz.
ZAMANA SAHİB OLUN !
Zaman insanin sonsuzluq ölçüsüdür. Təhtəlşüura, yuxudan oyanacağınız zamanı yükləyin, o saatda sizi oyandıracaqdır. Bir işi müəyyən bir saatda bitirəcəyinə inanan adam, o işi o saatda bitirər. Təhtəlşüur üçün keçmiş və gələcəyin heç bir fərqi yoxdur. O, həmişə indiki zamanda işləyir.
Özünüzü zamanın bağlarından qurtarın! Sonsuzluğu arzulayın və əldə edəcəyinizə inanın!
YAŞAYIN !
Böyük problemləriniz olduğunu sübut etməyə çalışmayın və düşüncə formanızı büsbütün dəyişdirin! Əgər, ən pis ehtimalı düşünsək narahatlıq yaranar və dağıdıcı fikirlərin əsiri olarsınız. Pozitiv düşüncə, doğru hərəkətə keçiş yoludur. Narahatlıq yoluxucudur və hər kəsə bulaşa bilər.
Dörd cür narahatlıq vardır: 1)Gələcəkdəki ehtiyaclara görə narahatlıq; 2)Bədən sağlamlığının itirilməsi üçün narahatlıq; 3)Zehni sağlamlığının itirilməsi narahatlığı. 4)Tək qalma narahatlığı.
Narahatlığa son vermək üçün də dörd üsul vardır: 1)Allahın varlığına inanmaq; 2)Pozitiv düşünməyə çalışmaq; 3)Gözəl və nəzakətli davranış; 4)Düşüncələrində haqlı olduğuna var qüvvə ilə inanmaq.
Lazım olanı et və güclən! Bütün xəstəliklər sağala bilər, tələb edilən yalnız inamdır.
Cek Ensayn
Tərcümə edən:
Babək Bayramov
NLP Master, Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu