16 mart 2019-cu il tarixində Psixologiya Elmi-tədqiqat İnstitutunda “Psixologiya və İnsan Resurslarının İdarə Edilməsi” forumu keçirildi.
Mövzu üzrə yeni yanaşmalar və perspektivləri təqdim edən forum institutun nəzdində fəaliyyət göstərən Biznes Psixologiyası şöbəsinin təşəbbüsü ilə baş tutdu.
Azərbaycan Respulikasının Dövlət Himni səsləndikdən sonra açıq elan olunan forumda ilk olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov “Psixologiya Elmi Tədqiqat İnstitutunun strukturları, insan resurslarının idarə olunmasında psixologiyanın potensialı və perspektivləri” mövzusunda çıxış etdi. O, öz çıxışında İnstitutun strukturlarından, fəaliyyət planından, həyata keçirilən layihələrdən, qarşıda duran hədəflərdən, eyni zamanda Azərbaycan Respublikasının 7 dekabr 2018-ci il tarixli “Psixoloji yardım haqqında” qanunu və Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2019-cu il tarixli fərmanını əsas tutaraq psixoloji xidmətin təşkilinə verilən tələblərə toxundu. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə 12 iyun 2018-ci il tarixli qanunun tətbiqi haqqında imzaladığı fərman haqqında məlumat verdi. “Təhsil haqqında” Azərbaycan Respublikası qanununun 14.20-ci maddəsini forum iştirakçılarının nəzərinə çatdırdı. Elnur Rüstəmov sonda insan resurslarının idarə edilməsində psixoloji diaqnostika, psixoloji konsultasiyanın rolundan və korporativ psixoloji dəstəkdən danışaraq lazımı təlimatları qeyd etdi. Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən “Biznes Pisologiyası” şöbəsinin müdiri, psixoterapevt Kənan Rəhimova söz verildi. K.Rəhimov “Kompetensiyalar modelinin tətbiqi” mövzusunda çıxış etdi. Daha sonra forum növbəti spikerlərin çıxışı ilə davam etdirildi. Hər bir spikerin təqdimatında aşağıda qeyd olunan ardıcllıq və mövzular üzrə müzakirə təşkil olundu:
Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, ADPU-nun Ümumi Psixologiya kafedrasının müəllimi, doktoranı Gülər Məmmədova “Motivasiya, korporativ dəyərlərin formalaşdırılması” mövzusunda təqdimat həyata keçirdi.
Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Reyhan Mirzağayeva “Şəxsi inkişaf – insanın karyera inkişafının psixoloji əsası” mövzusu üzrə çıxış etdi.
Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva “Psixodiaqnostika və psixoloji proqnoz” mövzusunda çıxış etdi.
Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Nəzəri və Eksperimental Psixologiya şöbəsinin elmi katibi Səbinə Ələkbərova “İradə, məqsəd, uğur – idarəetmənin əsas amilləri” mövzusunda çıxış etdi. Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri, ADPU-nun Ümumi Psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, NLP təlimçisi Məhərrəm Əliyev “İnsan Resurslarında NLP-nin imkanları” mövzusu üzrə çıxış edərək forum iştirakçıları ilə qarşılıqlı müzakirə əsasında təlim təşkil etdi. Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, “Gənc Tədqiqatçılar” komandasının rəhbəri Fuad Əsədov isə “İnsan təfəkkürünün potensialı, mnemotexnikalar” mövzusu üzrə çıxış etdi. Forumun sonuna doğru psixoterapevt Kənan Rəhimov təkrar çıxış edərək “Praktiki Stress Menecment, Reinkarnasiya” mövzusunda birbaşa praktik əsaslı təlim təşkil etdi.
İnteraktiv keçən forumun sonunda institutun rəhbəri Elnur Rüstəmov qapanış nitqi edərək spikerlərə və əməyi keçən hər kəsə təşəkkürünü bildirdi, bütün iştirakçılara uğurlar arzuladı.
Forum spikerlər tərəfindən iştirakçılara sertifikatların təqdim edilməsi ilə yekunlaşdı.