PAXIL Olmaq Pisdirmi?!!

envy

Paxıllıq nədir? Paxıllığın səbəbləri, kimlərə və niyə paxıllıq edirik? Paxıllıq hissini necə aradan qaldırmaq mümkündür? Bu məqalədə suallarınıza cavab tapacaqsız.

Paxıllıq başqa bir insanın hansısa bir üstünlüyünü, uğurlarını görən zaman yaranan mənfi hissdir. Bu hissə adətən gözəllik, zənginlik, sağlamlıq, hakimiyyət, istedad, ağıl və s. səbəb olur. Bir çox insanlar özlərini ətrafdakıları ilə müqayisə edirlər. Müqayisə isə paxıllıq hissini yaradan birinci səbəbdir. Mükəmməl olmaq mümkün deyil. Birinin ali təhsili var, o birinin şəhərin mərkəzində böyük mənzili. Birinin gözəl ailəsi var, o biri nüfuzlu iş yerində işləyir. Bir sözlə paxıllıq hissi insanın ürəyinə daxil olmaq üçün dolayısı yollar seçir.

İnsan paxıl doğulmur. Paxıllıq insanın qəlbində uşaq vaxtından kök salır. Məsələn, valideynlər hər zaman öz övladına həmyaşıdlarından kimisə nümünə gətirir, lakin bunu düzgün formada etmirlər. Uşağın da qəlbində sağlam rəqabət hissi əvəzinə paxıllıq, əsəbilik və qəzəb yaranır.

İnsan əsasən yaxın ətrafında olan insanlara paxıllıq hissi duyur. Elə deyilmi? Hansısa gözəl aktrisaya və ya aktyora paxıllıq hissi yox həsəd aparırıq. Cəmiyyətdə paxıl insanlara mənfi münasibət göstərirlər. Birimizə sual verilisə: “Sən kimə isə paxıllıq edirsən?” Cavab verəcək: “Yox, sən nə danışırsan, mən heç kimin pisliyini istəmirəm”. Çox nadir hallarda kimsə paxıl olduğunu etiraf edər. Lakin bu hissin obyekti olmaq heç də xoşagələn hal deyil.

İnsan sözlə bir çox şeyi deməyə bilər, lakin jestlər bunu bildirir. Paxıllıq edən insanın ünsiyyət zamanı qeyri –verbal hərəkətlərinə diqqət yetirin. Əgər sizi dinlədikcə insan bir qədər qapalı poza alırsa – gözlərini çəkir, əllərini sinəsinə çarpazlayır, özünü narahat hiss edirsə, söhbəti davam edib etməməyiniz haqqında düşünməyə dəyər. Belə ki, o, sizə paxıllıq edir.

Paxıllıq şəxsiyyətin özünü qiymətləndirməsinə və davranışına böyük təsir göstərir. Bu hiss özünü 3 səviyyədə göstərir:

1.Şüur səviyyəsində - insan öz vəziyyətinin səviyyəsini dərk edir, normal qəbul edir və bu ona narahatlıq vermir.

2.Emosional həyəcan səviyyəsində - əsəbilik, qəzəb hissi, utancaqlıq.

3. Real davranış səviyyəsində. Bu səviyyədə artıq paxıllıq hissi davranışın əsas aparıcı motivi olur. Bir çox cinayətlərin motivi paxıllıq hissindən yaranır.

Paxıllığın bir müsbət tərəfi var. Burada sağlam rəqabət müşahidə olunur. Bu zaman insan öz daxilində mübarizə aparır, bu hiss irəli getmək üçün stimul verir, onun xəyali rəqibi ağlında olmur.

Bəs, necə edək ki, bu hiss həyatımıza, davranışımıza mənfi təsir göstərməsin? Paxıllıq edərək, həyatımızdan narazı olaraq biz ilk növbədə öz əhval-ruhiyyəmizi korlayırıq.Nəticədə səhv etməyə başlayırıq və öz həyatımızı daha da ağırlaşdırırıq. Düzdür, ətrafımızda heç vaxt heç kəsə paxıllıq etməyən insan tapmaq mümkün deyil. Bu vəziyyətdən çıxmaq üçün özünüzü başqaları ilə yox, özünüz ilə müqayisə edin, öz yolunuzu seçin. Paxıllıq insanın öz daxili dünyasını yeyir. Bu hissi yaşayan insanların özünü qiymətləndirməsi aşağı olur və bunun səbəbini özündə deyil, kənarda axtarır. Paxıllıqdan irəli gələn əməllər və fikirlər insanın həyatı boyu etdiyi yaxşılıqları da heçə endirir. Paxıllıq hissindən müdafiə olunmaq üçün insan özünü dərk etməli, həyatını zənginləşdirməli, həyatında baş verən hadisələrin məsuliyyətini öz üzərinə götürməlidir.

Aygün Ağabalayeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki