Ailem.az Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, tanınmış psixoloq Elnur Rüstəmovun intiharlar haqda məqaləsini təqdim edir.
Sabahlarınız xeyirli, gününüz uğurlu olsun!
Az qala hər gün səhəri bir intihar xəbəri ilə açırıq. Bəli, məhz xəbər fonunda. İntihar edənlər arasında isə bütün təbəqələrdən olan insanlar var. Uşaq-böyük, varlı-kasıb, təhsilli-təhsilsiz, bir sözlə, bütün təbəqələrdən olan insanlar bu faciədə yer alır. Ona görə də istərdik yazıda ümumi şəkildə də olsa, intihar haqqında fikirləri paylaşaq. Bəli, intihar bütün zamanlarda olub və o, yalnız insan faktoru deyil. Digər canlılar arasında da intihar halları baş verir. Odur ki, intihar daha çox bioloji həyat hadisəsi kimi qəbul edilir. Bizim toplumda da intihar yeni bir şey deyil. Bütün zamanlarda ona rast gəlinib. Uzağa getməyək, sovetlər dönəmində belə, biz ara-sıra intihar xəbərini eşidirdik. Lakin onu intihar kimi qəbul etmirdik, yaxud qəbul etmək istəmirdik. Çünki hadisəyə siyasi, ideoloji nöqteyi-nəzərindən qiymət verilirdi. O nöqteyi-nəzər də intiharı psixi xəstəlik, xroniki alkoqolizm zəminli patologiya kimi dəyərləndirirdi. Yaxud da ehtiyatsızlıq zəminində baş verən bədbəxt hadisə kimi. Bəli, ideologiya öz üzərinə düşən işi görürdü. Necə deyərlər, dost var, düşmən var. Sosializm cəmiyyətində “intihar ola bilməzdi”. Qışın soyuğunda özünü dənizə atan belə, intihar etmiş sayılmırdı. Hadisə az qala “vətəndaşın qışda üzmə azadlığının ifadə forması sonda bədbəxt hadisəyə gətirib çıxardı” kimi cəmiyyətə təqdim edilirdi. İndinin özündə də bəzən hansısa intihar hadisəsi cəmiyyətdən gizli saxlanılması məqsədi ilə “yatıb-durmadı” kimi təqdim edilir. Hadisənin intihar olmasını isə ailənin ən yaxın insanları bilir. Şübhəsiz, son qeyd etdiyimiz istisnalıq təşkil edir. Çünki informasiya əsrində yaşayırıq. Necə deyərlər, zaman o zaman deyil. Hadisə də olur, bəzən olmayan nəsnələrdən də hadisə yaradılır. Bəzən bədbəxt hadisənin özü belə, intihar kimi cəmiyyətə təqdim edilir. Bu da öz növbəsində bir çox psixoloji narahatlıqların, insanda ümidsizliyin, neqativ əhval-ruhiyyənin və s. yaranmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, bu gün intiharların bir qismi təqlid xarakteri daşıyır. Diqqət etsək görərik ki, qısa zaman kəsiyində eyni məkanda, yaxud eyni formada silsilə intiharlar baş verir. Prosesin özü bir növ təqliddi. Yenə də qeyd edirik, intihar hadisəsi Aristoteldən qabaq və sonra mütəfəkkirlər tərəfindən araşdırılıb tədqiq olunmasına baxmayaraq, onunla bağlı konkret bir qənaətə gəlməyiblər. Hər bir tədqiqatçı intiharın bir aspektini tədqiq edib. Ona görə də fərqli fikirlər, fərqli yanaşmalar ortaya çıxır. Elə sosial şəbəkələrdə intihar hadisəsinə olan yanaşmalara diqqət etsək, nə qədər fərqli fikirlərin ortaya çıxdığının şahidi olarıq. Şübhəsiz ki, hər bir fikir sahibi də öz fikrində doğru olduğu qənaətindədir. Çünki insanların böyük bir əksəriyyəti görmək istədiyini görür, eşitmək istədiyini də eşitməyə çalışır.
Uzaqlaşmayaq, qayıdaq mövzuya. Bəzən intiharı insanı həyat bağlayan məqsəd, maraq instinktinin tormozlanması kimi dəyərləndirirlər. Əslində, insanda həyata maraq instinktinin ölməsi səbəb yox, nəticədir. Bura bir çox məqamlar təsir göstərə bilər. Mütəxəssislər bu sıraya psixi xəstəliklər sırasında yer alan depressiyanı, bipolyar affektiv pozuntunu, yaşlanma qorxusunu, alkoqol psixozu, hallüsinasiya, yaxud hipoxondrik sindromu və s. daxil edirlər. Əlbəttə, yuxarıda sadaladığımız və sadalaya bilmədiyimiz bütün hallar intihar prosesinə təsir göstərir. Ancaq bizə görə, ən böyük səbəb insanın içində sabaha olan ümidin ölməsidi. Psixologiyada bununla bağlı Loqoterapiya adlı psixoloji cərəyan da var. Onun ən görkəmli nümayəndəsi, bəzi ədəbiyyatlarda yaradıcısı kimi qəbul edilən Viktor Franklın “İnsanın məna axtarışı” kitabı həmin cərəyanın “ana kitabı” kimi qəbul edilir. (Bu arada onu da qeyd edim ki, V.Franklın qeyd edilən əsəri psixoloq Nərmin Quliyeva tərəfindən Azərbaycan dilinə tərcümə olunub və 2014-cü ildə çap edilib – E.R).
Onu demək istəyirik ki, problemsiz insan yoxdu. Hər kəsin öz çapında problemləri, qayğıları olur. Ancaq hamı intihar etmir. Yaşamaq eşqi, ölmək eşqindən üstündü. Pessimizmə qarşı mübarizəni gücləndirmək lazımdı. Yanaşma dəyişməlidi. Ölməyi yox, yaşamağı gözə almaq lazım. Təəssüf ki, bizim şihfahi və yazılı ədəbiyyatda “sənin üçün ölümə gedərəm”, yaxud “ölərəm sənin üçün”, “həyat mənasızdı” və s. fikirlərə az rast gəlinmir. Həyatının çətin dönəmlərində bu fikirlərə söykənərək ömrünə son qoyanlar da az deyil. Çünki insanın oxuduqları, yaxud eşitdikləri onun şüuraltısında iz buraxır. Bəzi məsələlərə düşüncə və yanaşma tərzimizi dəyişməyimiz gərəkdir. Bu, məsləhət deyil, vətəndaş yanaşmasıdır. Ölməyi yox, yaşamağı üstün tutaq. Axı, hər qaranlıq gecənin bir işıqlı sabahı olur.
Sabahlarınız xeyirli, gününüz uğurlu olsun, dəyərli dostlar!
http://ailem.az/read/17644