Deputatların da qayğıları, problemləri ola bilər
İclas zamanı millət vəkili telefonla məşğuldursa, spikerin onlara irad bildirməsi də normaldır
Milli Məclis sədri Oqtay Əsədovun millət vəkillərinə müxtəlif məsələlərlə bağlı irad bildirməsi mediada dəfələrlə müzakirə olunub.
Məsələ ondadır ki, parlamentin spikeri son bir-iki ay ərzində deputatlara iclas vaxtı “telefonla oynamamağı”, məclisi “uşaq bağçasına” çevirməməyi, “çıxış vaxtı öz aralarında danışmamağı”, “ayaq üstə o tərəfə-bu tərəfə gəzməmələri”, “səsvermə zamanı yerində oturmaları” və s. məsələlərlə bağlı xəbərdarlıq edib.
Lakin Milli Məclisdə spikerlə deputatlar arasında mütəmadi yaşanan “söz atışmaları” və “qarşıdurmalar” ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bir qisim hesab edir ki, parlament sədri məktəb direktoru kimi Məclis üzvlərini danlamamalı, onlara tez-tez irad tutmamalıdır. Digər qisim isə düşünür ki, səhv ciddi məsələlərin müzakirəsi zamanı özlərini kifayət qədər ciddi aparmayan deputatlardadır. Ona görə də parlament sədri haqlı olaraq “dəcəllik” edən millət vəkillərini tənqid edir.
Məsələ ilə bağlı “Şərq”ə danışan tanınmış psixoloq Elnur Rüstəmov deyib ki, parlamentdə protokol qaydalarına əsasən İntizam Komissiyası fəaliyyət göstərir. Onun sözlərinə görə, spiker deputatları protokol qaydalarına riayət etməyə çağırır:
“Burada söhbət deputatların danlanmasından, boş yerə tənqid olunmasından getmir. Məsələyə “uşaq bağçası” və “orta məktəb” prizmasından yanaşmaq da doğru deyil. Söhbət qanunverici orqan olan Milli Məclisdən gedir. Burada çox ciddi məsələlər müzakirə olunur və fikir mübadiləsi aparılır. Əgər müzakirə zamanı hansısa deputat telefonla məşğul olursa, spiker ona irad bildirə bilər. Əlbəttə, deputatların da qayğıları, problemləri var.
Onların da ailəsində narahatlıq ola, kiminləsə əlaqə saxlamağa, yaxud telefona cavab verməyə məcbur qala bilərlər. Parlament sədrinin sözləri qəti hökm kimi dəyərləndirilməli deyil, sadəcə tövsiyə kimi başa düşülməlidir. Spiker deputatları iclas zamanı diqqətli olmağa çağırırsa, burada nə qəbahət var? Məclis üzvləri nizamnamədə qeyd olunan qaydalara uyğun davranmalıdır.
Parlament sədri küçədə telefonla danışan və ya oynayan millət vəkilinə qarışmır. Sadəcə, öz səlahiyyətlərinə uyğun olaraq parlament daxilində qaydalara əsasən iradını dilə gətirir. Əgər Məclisə daxil olan zaman deputatların telefonları əllərindən alınsaydı, onda başqa söhbət olardı”.
İsmayıl
http://www.sherg.az/site/id-40851/Spikerin_s%C3%B6z%C3%BC_h%C3%B6km_deyil_ki…#.WpB3-IPFLIV