Əllərinə kompüter, mobil telefon keçən kimi internetdən şiddəti, zorakılığı əks etdirən oyunlar yükləyirlər. Vahiməli səslərlə müşayət olunan döyüş oyunlarının kiçik bir fraqmentini izləmək, bu oyunların uşaqlar üçün təhlükəli olduğu qənaətinə gəlməyə kifayət edir. Rəqibinə şiddətli zərbələr endirmək, onu öldürməmiş əl çəkməmək uşaqları da tədricən bu cür internet oyunlarının qəhrəmanlarına bənzədir. Psixoloqlar uşaqlarda aqressiyanın artmasının da səbəbini məhz bu oyunların təsiri ilə əlaqələndirirlər.
Psixoloq Elnur Rüstəmov Movqe.az-a açıqlamasında uşaqları şiddəti, zorakılığı təbliğ edən oyunlardan imkan olduqca uzaq tutmağa səsləyir. Həmsöhbətimiz deyir ki, cizgi filmlərində subliminal mesajlar var ki, bunlar uşağın şüuraltına birbaşa təsir göstərir: “Bu subliminal mesajlar cinsi və ölümlə bağlı mövzularda olur. Cizgi filmlərində təsvir olunan döyüş səhnələri, müxtəlif formatda olan personajlar uşaqlarda aqressiyaya meyllilik, insan formatını doğru formada qavramama, bəzi hallarda isə əqli inkişaf geriliyinə səbəb olur. Uzun müddət bu tip cizgi filmlərini izləyən uşaq və yeniyetmələrdə ünsiyyət çətinliyi kimi problemlər də yaranır. Uşaq real mühitdən uzaqlaşaraq xəyali fantaziyalara yönəlir. Bu məqamlar təxəyyülə birbaşa təsir göstərdiyi üçün bir çox hallarda tamamlanmamış intiharla nəticələnir. Çünki yaşadığı reallıqla xəyal dünyasını fərqləndirə bilmir və bu səbəbdən də böyük təhlükə mənbəyi sayılır. İrəlidə uşaq və yeniyetmələrdə antisosial şəxsiyyət tiplərini formalaşmasına səbəb olur. Valideynlər uşaqların izlədiyi cizgi filmləri daimi olaraq müşahidə altında saxlamalı, ilk öncə özləri izləyib daha sonra uşaqlara tövsiyə etməlidir”.
Psixoloq deyir ki, bəzi internet oyunları, cizgi filmlər var ki ümumiyyətlə, danışıqdan istifadə olunmur, yalnız jest və mimikalardan istifadə olunur: “Bu zaman şüuraltı olaraq uşaq düşünür ki insanlar arasında verbal ünsiyyət mühüm deyil, qeyri verbal vasitələrlə qarşı tərəfə lazım olanı anlatmaq olar. Bilavasitə bu düşüncədə olan uşaq ünsiyyətdən qaçır, özünə qapanır və sizoid şəxsiyyət tipinin formalaşmasına zəmin yaradır. Digər bir məqam cizgi filmlərin, kompüter oyunlarının uşaqlarda təxəyyülü yüksək dərəcədə inkişaf etdirməsiylə bağlıdı. Bu oyunları, cizgi filmini izləyənlər süni formada hallusinasiya yaradır, bunun normal olduğunu düşünür, гeyri-adekvzat reaksiyalar verir və sizofren davranışın formalaşmasına gətirib çıxarır”.
İKT üzrə mütəxəssis Cahid İsmayıl isə dünyada kompüter oyunlarının böyük gəlirli sahələrdən biri olduğunu, bu oyunların istehsalı ilə məşğul olan nəhəng dünya şirkətlərinin olduğunu bildirir. Onun sözlərinə görə, eyni zamanda bu oyunlar böyük təbliğat, tanıtım, reklam imkanlarına malikdir: “Hər hansı bir kompüter oyunu onu istehsal edən ölkənin mədəniyyətini, tarixini, dilini, turizmini tanıtmaqla da məşğuldur. Bir sözlə, milli kompüter oyunlarının istehsalın ölkəmizə çoxlu xeyiri dəyə bilər. Ancaq indi bizim bu oyunları istehsal etmək üçün kadr potensialımiz demək olar ki yoxdur. Çünki kompüter oyunlarının hazırlanması çətin, mürəkkəb bir prosesdir və yüksək peşəkarlıq tələb edir.
İndi bizim bu oyunların istehsalına çox ehtiyacımız var. Oyunları həm dünyaya çıxararaг ölkəmizi, mədəniyyətimizi, Azərbaycanın daxili turizm potensialı, milli qəhrəmanlarımızı, Qarabağ savaşının gerçək üzünü dünyaya tanıda bilərik, həm də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsində yararlanarıq”.
Həmsöhbətimiz deyir ki, oyunların hazırlanması böyük bir heyət tərəfindən aparılır: “Bu işə rəssam, qrafik dizayner, proqramçı və s. cəlb edilir. Bunlardan biri olmadıqda hansısa bir oynun hazırlanması mümkün olmaz. Bu oyunların hazlırlanması film çəkilişinə bənzəyir. Nə vaxt bizdə dünya səviyyəsində fimlər çəkilsə, o zaman da kompüter oyunları istehsal edə biləcəyik.
Həm də bu oyunlar bu sahədə ixtisaslaşmış şirkətkətlər reallaşdırır. Azərbaycanda belə bir şirkət yoxdur”.
Zülfiyyə QULUYEVA
http://www.movqe.az/news/sosial/107048.html