Tanışlığın ilkin mərhələsində yaşanan problemlər və onların həlli yolları!

man-and-woman-talking-21

İstənilən münasibət məsuliyyət deməkdir. Hər kəs də bu məsuliyyəti daşımaq iqtidarında olmur.

Tərəflər evliliyin ilk 3 ilini daha çox yeni mühitə – ailə mühitinə uyğunlaşma kimi dəyərləndirməli, qarşı tərəfin ailə üzvlərini tanımağa çalışmalı, gözlədiklərinin nələrdən ibarət olduğuna diqqət etməlidirlər.

Adaptasiyanı doğru formada keçən ailələr zaman keçdikcə daha dayanıqlı ailə modelinə çevrilirlər.

Ötən sayımızdakı məqalədə ailə psixologiyası və ailədə yaşanan problemlərin həm fərdin əvvəlki həyatı ilə bağlılığını, eyni zamanda onların sonrakı həyatına nə dərəcədə təsir göstərdiyini qeyd etmişdik. Bu məqalədə isə biz daha çox diqqəti tanışlığın ilkin mərhələsində yaşanan problemlər və onların həlli yollarına yönəltdik.

Öncə onu diqqətinizə çatdıraq ki, hər bir fərd ailə qurmamışdan əvvəl – ailə psixologiyasında buna Monada “mono – tək deməkdi” – özünün fərdi yaşam tərzinə malik olur. Özünü qismən də olsa, bu sistemin içində rahat hiss edir. Diqqət etsəniz, bəzən ailə quran cütlüklər bunu valideynlərin yaxud da ətrafın diqtəsi ilə həyata keçirdiklərini iddia edirlər. Dediklərində müəyyən qədər də həqiqətin payı var. Çünki, istənilən münasibət məsuliyyət deməkdir. Hər kəs də bu məsuliyyəti daşımaq iqtidarında olmur. Sığortalanmaq üçün şüuraltı olaraq bu kimi məqamları da ortaya atırlar. Statistika göstərir ki, tərəflər arasında münasibətlərin ilkin mərhələlərində probemə o dərəcədə də rast gəlinmir. Səbəb bir-birini tanımaq, qarşı tərəfə özünün daha çox müsbət keyfiyyətlərini göstərmək istəyidir. Ancaq hər bir insan bu və ya digər dərəcədə çatışmayan hansısa xüsusiyyətlərə malikdir. Zaman keçdikcə artıq bu çatışmayan xüsusiyyətlər münasibətlərə öz mənfi təsirini göstərməyə başlayır. Bu hal xüsusən ilkin evlilik mərhələsində baş verir. Səbəb də tərəflərin vaxtının çox hissəsini bir yerdə keçirmələri, mənfi xüsusiyyətləri şəxsiləşdirmələri olur. Tərəflər bunu şəxsinə qarşı yönəldiyi qənaətinə gəlir. Nəzərə almaq lazımdır ki, bu xarakterdən qaynaqlanan bir məqamdır və bütün insanlara qarşı münasibətdə özünü büruzə verir. Ona görə də tərəflər buna anlayış göstərməli, dəyişməkdən daha çox uyğunlaşmağa çalışmalıdırlar. Misal üçün, oğlan və ya qızın ata evinə həddindən çox bağlı olmaları. Bu hala anlayış göstərilməli, tədricən bunun həlli istəqamətində addımlar atılmalıdır. Adətən tərəflər bunu tez bir zamanda həll etməyə çalışırlar. Nəticə ala bilmədikdə isə münasibətlər soyumağa başlayır, sonda isə ayrılığa da gətirib çıxarır.

Ona görə də tərəflər evliliyin ilk 3 ilini daha çox yeni mühitə – ailə mühitinə uyğunlaşma kimi dəyərləndirməli, qarşı tərəfin ailə üzvlərini tanımağa çalışmalı, gözlədiklərinin nələrdən ibarət olduğuna diqqət etməlidirlər. Statistika göstərir ki, bu dönəmdə adaptasiyanı doğru formada keçən ailələr zaman keçdikcə daha dayanıqlı ailə modelinə çevrilirlər. Yeni ailə qurub boşanan cütlüklər isə zaman keçdikcə hansı məqamları doğru keçmədiklərini anlayır, ancaq bu, heç də həmişə ailənin yenidən birləşməsi ilə nəticələnmir. Ona görə də belə hallarda tərəflər problemi subyektiv dəyərləndirməkdən daha çox mütəxəssis dəstəyi ilə həll etməyə üstünlük verməlidirlər.

Diqqət tələb edən başqa bir məqam, ailə quran tərəflərin fərdi psixoloji xüsusiyyətlərinin nəzərə alınmasıdır. Bəzən əvvəlki sevgi münasibətində hansısa travmatik olay yaşamış gənc zaman keçdikcə onu yeni münasibətinə də köçürməyə başlayır. Şübhəsiz, proses onun istəyindən kənar, şüuraltı olaraq baş verir. Bu da sonda münasibətlərin pozulmasına, ailənin dağılmasına, ailədaxili münaqişələrə gətirib çıxarır. Belə halda yaxşı olardı ki, fərd psixoloji travmanın həllindən sonra münasibət qurmağı qərara alsın. Çünki, bundan sonra qurulan münasibət daha dayanıqlı olur və sağlam təməl üzərində formalaşır.

Ailə qurub xoşbəxt olmaq hər birimizin arzusudur. Bəlkə də ən böyük arzumuzdur. Ona görə də burada təkcə sevgi deyil, məntiqi yanaşma da tələb olunur.

Ailəmizi qorumaq arzusu ilə…

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq

Share to Odnoklassniki

Tags: