“Mən də bu cəmiyyətdə yaşayıram və aqressiv insanlara tez -tez rast gəlirəm”.
Bunu Sherg.az-a son zamanlar cəmiyyətdə insanlar arasında müşahidə olunan aqressiya səbəblərindən danışarkən psixoloq Elnur Rüstəmov deyib.
O bildirib ki, son günlərdə insanlarda yaranan aqressiyanın səbəbi informasiya əsrinin yaratmış olduğu problemdir:
“Qloballaşmanın yaratdığı fəsadlardan dolayı bu gün insanlar komforta, rahatlığa düşkündülər. Adi internetin işləməsindən evlərdə, ailələrdə problemlər yaranır. İnsanlar bu gün daha çox öz komfortunu qorumağı düşünürlər. Evdə kondisioner, adi televizorun pultu işləmirsə, problem yaranır. Bunun yaratmış olduğu digər problem maddi qazancdır. Ötən əsrin 90-cı illərində Amerikada deviz var idi: “hər şey pul qazanmaq üçündür”. Bu gün internet əsrində yaşadığımızdan informasiya tez ötürülür və fərqlər azalır. Maddi səbəblərdən, insanlar daha çox qazanmaq, daha yaxşı yaşamaq üçün sanki mücadilə edirlər. Bu mübarizədə aqressiya, ailədaxili konfliktlər, yaxınlığın azalması və s. yaşanır. Çünki mahiyyətdə görürük ki, mənəvi, emosional bağlar yavaş-yavaş arxa plana keçir. Bu gün insana qohumun, doğman olduğuna görə deyil, insan olduğuna görə, dəyər verirsən. Ailə qurma prosesində də daha çox qarşı tərəfin hərəkət və davranışlarına görə qiymət verilir. Bu da informasiya əsrinin, kapitalizmin fərqli təzahürüdür”.
E.Rüstəmovun sözlərinə görə, insanlar bu mərhələni keçəcəklər:
“Çətinliklə geridə qoyuruq, hər gün intihar hadisələri eşidirik. Adi məhkəmələrə baxın, nə qədər boşanmalar, ailədaxili konfliktlər var. Bu, danılmazdır.
Son günlərdə mətbuatda da evdən qaçan evli gəlinlər haqqında xəbərlər yayılır. Ancaq bir müddətdən sonra bu tənzimlənəcək və proses təbii axarına düşdükcə, yerinə oturacaq. Çünki bütün evdən qaçanlar xoşbəxt olmurlar. Bütün intihar edənlərin problemləri həll olunmur. Artıq insanlar daha soyuqqanlı yanaşacaq və daha dərindən düşünəcəklər. Müğənni, ictimai xadim və sıradan bir insan olsun. Yetər ki, sosial şəbəkədə bir şey yazılsın, başlasınlar söyməyə. Artıq mahiyyətinə varmadan, hətta bəlkə də oxumadan, sadəcə şəklinə baxıb, tənqidlər yağdırırlar. Belə təfəkkürdə insanlarımız var”.
Aysel Aslan
http://www.sherg.az/site/id-34580/%3Cfont_color=red%3EC%C9%99miyy%C9%99timizi_aqressiya_a%C4%9Fu%C5%9Funa_al%C4%B1b%3C/font%3E_-_Q%C9%99tl,_bo%C5%9Fanma_v%C9%99_intihar%C4%B1n_s%C9%99b%C9%99bi__#.WX4LOITyjIV