Əsas prinsiplərin mükafatlandırma və səhvləri aydınlatmağa yönəlmiş cəzalandırma olduğu bildirilir
“Əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir”. Yəqin ki, bu deyimi eşitmisiniz. Uşaqlar bizim gələcəyimizdir. Gələcək cəmiyyətin normal inkişaf etməsi bu gün ailələrdə verilən tərbiyədən asılıdır. Hər ailənin özünəməxsus tərbiyə metodu var. Kimi öz övladının tərbiyəsində sərbəstliyə üstünlük verir, kimisi də mühafizəkarlığa. Təcrübə göstərir ki, nə tam sərbəstlik, nə də tam mühafizəkarlıq düzgün tərbiyə metodu deyil. Bəs uşaqların tərbiyəsində qızıl orta nədir?
“Uşaq başa düşməlidir ki, onun yaşadığı dünya cəzasız deyil”
Şair Aqşin Yenisey oğlu İgidaya ilk olaraq məsuliyyət hissini öyrədir. Deyir, uşaq başa düşməlidir ki, onun yaşadığı dünya cəzasız deyil: “Bir dəfə bir kitabda oxumuşdum ki, 80-ci illərdə İngiltərədə orta məktəblərdə uşaqların çubuqla cəzalandırılmasına icazə verilirmiş. İngilislər izah edirlər ki, uşaq onun yaşadığı dünyanın cəzasız olmadığını başa düşməlidir. Uşaqlıqdan cəzanı nəzərə alaraq, atdığı addımları öz beynində götür-qoy etməlidir. Mən də düşünürəm ki, uşaq ev mühitində yox, həyat mühitində böyüməlidir. Bizim ailələr, adətən, uşağı cəmiyyət həyatından məhrum edib, ev mühitinə salırlar. Bu, valideynlərin eqoist yanaşmalarıdır. Ata istəyir ki, oğlu özünə oxşasın, çünki o özündən başqa müqəddəs tanımır. Bizdə hələ də yazıçı istəyir oğlu yazıçı olsun, həkim istəyir həkim… Bu, yanlış və orta əsrlər təfəkkürüdür. Ona görə bizim ölkədə ictimai mühit problemi var. Düşünürəm ki, oğlum məni cəmiyyət kimi görməlidir. Cəmiyyətdə rastlaşacağı hər bir hadisəni o, ilk növbədə mənimlə yaşamalıdır, mən onun üçün cəmiyyəti əvəz etməliyəm. Onun ev, məişət, həyət-baca dəyərləri ilə yox, ictimai mühit, cəmiyyət, elm-təhsil dəyərləri ilə böyüməsinə şərait yaratmalıyam. Ən böyük istəyim budur ki, o, mənim yox, cəmiyyətin övladı olsun. Mənə yox, cəmiyyətə xeyri dəyən insan olsun. Bacardığım qədər insan azadlığı duyğusunu ona ötürməyə çalışıram ki, gələcəkdə öz qərarlarını özü verə bilsin”.
“Uşağa sevgi ilə yoğrulmuş tərbiyə metodlarını tətbiq etmək lazımdır”
Sosioloq-jurnalist Lalə Mehralı düşünür ki, zəmanə uşaqları üçün əvvəlki tərbiyəvi cəza metodları effekt vermir: “Zəmanəmizin uşaqları haqqında həmişə fikirləşirəm ki, elə bil böyüyüb, sonra kiçiliblər. Bildikləri, hərəkətləri, reaksiyaları yaşları ilə uzlaşmır. Bizim uşaq olduğumuz dövrdəki tərbiyəvi cəza metodları artıq onlar üçün effektiv olmur. Bizi müəllim nadincliyimizə, dərsi bilməməyimizə görə küncə qoyanda, 1 ay sinifdə başımız əyilmiş vəziyyətdə gəzirdik. Müəllim kiminsə qulağını çəkəndə, o, qıpqırmızı olurdu. İndi tərbiyə üsulları, cəza metodları fərqli müstəvilərə keçib. Düzdür, zorakılıqla, təzyiqlə tərbiyə bəzən effekt verir, amma bunun qəti əleyhinəyəm. Uşağa sevgi ilə yoğrulmuş tərbiyə metodlarını tətbiq etmək lazımdır.Tutaq ki, uşaq sevmədiyi yeməyi yeməkdən qətiyyətlə imtina edir. Ona bu yeməyin onun sağlamlığı üçün vacib olduğunu, yeməsə böyüyə bilməyəcəyini anladırsan, amma israrla imtina edir. Bu vaxt alternativ yol mükafat təyin etməkdir. Mən bu üsuldan istifadə edirəm. Oğlum bəzi yeməklərdən imtina edəndə, ona çox sevdiyi cizgi filmini qadağan edirəm, kompyuterlə təmasına uzunmüddətli qadağa qoyuram. Əvvəlcə etiraz edir, amma fikrimdə qəti olduğumu görəndə sevmədiyi yeməyi yeməyə qərar verir. Bundan sonra mükafat olaraq ya cizgi filmi izləyir, yaxud da oyun oynayır. Bir çox uşaq kimi, mənim oğlum da meyvələrə qarşı aqressivdir. Sevmədiyi meyvəni ona yedirmək üçün də üsul tapmışıq. Onunla oyunlar oynayırıq və eyni zamanda, onun yemədiyi meyvəni yeyirik, nəticədə qalib ya mən, ya da atası olur. Bundan uşaq pərt olur, qalib olmaq üçün yollar axtarır. Ona meyvədəki vitaminlərin beynin inkişafına kömək etdiyini, buna görə oyunlarda qələbə qazanmağın asan olduğunu anladırıq. Qalibiyyətin yolunun meyvədən keçdiyinə inanır və etiraz etmədən meyvəni yeyir. Bu dəfə ona uduzuruq və o əmin olur ki, meyvə əslində ona güc verir və qalib olmaq üçün vacibdir. Növbəti dəfə oyun oynayanda özü meyvə tələb edir. Bu üsulu məktəbdə müvəffəqiyyət qazanmasına, dərslərində əla qiymət almasına da yönəltmişik. Dərsdən əla qiymət aldığı gün onun üçün mükafat, sürpriz hazırlayırıq. Məsələn, sevdiyi yeməyi, şirniyyatı bişirirəm, oyun parkına aparırıq, müəyyən limitlə kompyuter oyunlarına icazə veririk. Bütün bu tədbirlər təbii ki, tərbiyəsinə, davranışına təsir göstərir”.
“Valideyni dinləməmək uşaqların öz şəxsiyyətini ortaya qoymasının bir yoludur”
Türk mütəxəssislər deyir ki, xüsusilə məktəb yaşı dövründə uşaqların valideynlərini dinləməməsi uşağın şəxsiyyətini ortaya qoymasının bir yoludur: “Övladınız yetkin yaşa çatdıqca, daha çox bilgilər əldə edir və öz düşüncələrini yaratmağa başlayır. Bu dövrdə sizi dinləmirlərsə, əsəbləşməyin, bu normaldır. Bəs nə etməlisiniz?
- Uşağınızı yemək yeməyə çağırdıqda “indi yemirəm” deyirsə, onu zorla süfrəyə gətirmək yerinə, özünüzü onun yerinə qoymağa çalışın. Əgər yoldaşlarıyla oynayırsa, ona oynamaq istədiyini bildiyinizi, ancaq yeməyin də hazır olduğunu söyləyin. Burada əhəmiyyətli olan onun yanında olduğunuzu göstərməyinizdir. Yumşaq, amma qərarlı olun və müəyyən limitlər qoyun. Məktəb dövründəki uşaq limitlərini bilməlidir. Məsələn, “mənim icazəm olmadan telefonla danışa bilməzsən” demək əvəzinə, “səni ilk çağırdığımda gəlməlisən” kimi cümlələr işlədin.
- Onunla söhbət edin və sözə qulaq asmamasının səbəblərini araşdırın. Məsələn, məktəb tapşırıqlarını etməməsi bəlkə də, oynamağa kifayət qədər vaxtının olmamasından irəli gəlir. Problemini həll etməyə çalışın.
- Onu mükafatlandırın. Uşağınız sizi dinləmirsə, ona qışqırmayın. Bilin ki, uşağınız üsyankar davrandıqda, onsuz da özünü pis hiss edir. Qışqıraraq vəziyyəti qəlizləşdirməyin. Əksinə, yaxşı davranışlarını vurğulamalı və onu cəsarətləndirməlisinz.
- Cəza metodu onun istədiyiniz şəkildə davranmasına kömək ola bilər. Amma o bunu qorxduğu üçün edəcək. Uşaq doğru olanı qorxduğu üçün yox, özü istədiyi üçün etməlidir.
- Uşağınızın özünü ifadə edə bilməsi üçün imkanlar yaradın. Məsələn, qoyun, nə geyinəcəyini özü seçsin. Ona axşam ətin yanında hansı tərəvəzləri yemək istədiyini soruşun. Bu yanaşma ona və ehtiyaclarına hörmət etdiyinizi göstərir.
Ən ağır cəza metodu…
Psixoloq Elnur Rüstəmov qəzetimizə açıqlamasında bildirdi ki, mükafat və cəza sistemi uşaqların tərbiyəsində və intellektual inkişafında özünü doğruldub: “Psixologiyada buna davranış terapiyası deyirlər. Cəza o demək deyil ki, valideyn uşağa şiddət göstərsin. Şiddət uşaqda müəyyən psixoloji travmaların yaranmasına gətirib çıxarır. Şərt deyil bu şiddət tək uşağa qarşı olsun. Bəzən ailə üzvlərinin bir-birinə şiddəti olur. Bu, uşağa təsir edir və travma yaradır. Uşaqda hansısa fobiya, kəkələmənin yaranmasına səbəb olur. Tərbiyədə qızıl ortanı tapmaq uşağın özünün fiziki və psixoloji inkişafından asılıdır. Əqli geriləməsi olan uşaqlar fərqli tərbiyə edilir, hiperaktiv uşaqlarla fərqli davranmaq lazımdır, nitq ləngiməsi olan uşaqla isə ünsiyyət tam fərqli olur. Bunun konkret resepti yoxdur. Amma ümumi qəbul olunmuş müddəa ondan ibarətdir ki, uşağın etdiyi hərəkət və davranışa görə valideyn onu mükafatlandırmalıdır. Ən azından, “sağ ol” deyib təşəkkür etməlidir. Uşaq fikirləşir ki, mən yerə düşən əşyanı yığdımsa, anadan təşəkkür eşidərəm. Sabah həmin təşəkkürü eşitmək üçün yenidən həmin hərəkəti edəcək. Əgər uşaq ciddi narazılıq yaradıbsa, evdə valideynin onun üçün ən pis cəza metodu sevdiyi məşğuliyyətindən ayırmaqdır. Və yaxud valideyn deyə bilər ki, hava qaralana qədər mən səninlə ünsiyyətdə olmayacağam. Bu ən ağır cəza metodu olmalıdır. Bunun üçün valideynlər mütləq maarifləndirilməlidir”.
“Tez-tez döyülən uşaqlar natamam böyüyür”
Psixoloq Hüseyn Xəlilov bizimlə söhbətində bildirdi ki, ailədə uşaqların şiddətə məruz qalması, ailədaxili zorakılıq, uşağa qarşı edilən aqressiv hərəkətlər gələcəkdə onun tərbiyəsində ciddi çatışmazlıqlar yaradır: “Valideyn övladını kəşf edib öyrənmək əvəzinə, uşağın hər hansı adi hərəkətlərinə, davranışlarına dözə bilməyib onu təhqir edir, döyür, bu da nəticədə körpənin aqressiv şəkildə böyüməsinə və onda psixi xəstəliklərin yaranmasına təkan verir”.
Psixoloqun sözlərinə görə, valideyn tərəfindən tez-tez döyülən uşaqlar natamam böyüyür: “Şiddətə məruz qalan uşaqların cəmiyyətə inteqrasiyasında müəyyən problemlər yaranır. Yəni uşaqlar sağlam ruhda olmurlar, gələcəkdə özünü bir şəxs kimi görməkdə çətinlik çəkirlər. Nəticədə ünsiyyət qurmaqda da ciddi problemlər yaranır. Onlar cəmiyyət içində, ailədə, məktəbdə rahat ünsiyyətə girə bilmirlər. Belə uşaqlar sağlam düşünə bilmədiyi üçün həmyaşıdlarına qarşı aqressiv, kobud hərəkətlər nümayiş etdirirlər”.
Aygün ƏZİZ
http://kaspi.az/az/usaqlarin-terbiyesinde-qizil-orta/