“Cəmiyyətə böyük zərbə vurdular” – Psixoloq əmi-qardaş qızı olayından danışdı

  • Home
  • Müsahibə
  • “Cəmiyyətə böyük zərbə vurdular” – Psixoloq əmi-qardaş qızı olayından danışdı
16651191_10206399108136929_707909618_o
“Bu cür şəxslər konkret olaraq psixoloji problemi və psixoloji pozuntusu olan insan kimi dəyərləndirilməlidir”. 
Bu sözləri BakiPost.az-a açıqlamasında “Psixologiya və Konsultasiya Mərkəzi”nin psixoloqu Elnur Rüstəmov Gəncədə əminin qardaşı qızını qaçırmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əksər ölkələrdə bu cür izdivaclara qadağalar qoyulub: “Kimlərsə bu tip hadisələrə don geyindirə bilər ki, Adəm və Həvvadan belə şeylər var idi, amma nəzərə almaq lazımdır ki, bəşəriyyət inkişaf etdikcə artıq bu cür şeylərə, hətta dövlət səviyyəsində qadağa qoyulmağa başlanıldı. Deyə bilərlər ki, Misir fironlarında da bu var idi. Amma nəzərə almaq lazımdır ki, elm, bəşəriyyət və sivilizasiya inkişaf etdikcə bu cür şeylər arxa planda qaldı. Dini çərçivədə də buna qadağa qoyuldu. “İncil” və İslamda da bu var.
Eyni zamanda buna həm də hüquqi müstəvidə qadağa qoyulmağa başlanıldı. İndi də dünyanın əksər ölkələrində bu cür yaxın qohumlar arasında izdivaca yer verilmir. Qanunla qadağalar tətbiq edilir. Sadəcə bu bizim adət-ənənələrimizdə hələ də ilişib qalıb. Açıq etiraf edək ki, hazırda da əmioğlu əmiqızı, xalaoğlu xalaqızı evlənir. Düzdür bu əvvəlki qədər daha geniş vüsət almayıb. Əksinə bu gün tərəflərin özləri belə bu cür izdivaclara etiraz edirlər. Amma etiraf etmək lazımdır ki, ağsaqqalların xeyr duası ilə Azərbaycan cəmiyyətində bu tip izdivaclar həyata keçirilirdi. Bunlar artıq cəmiyyət tərəfindən birmənalı qarşılanmasa belə ara-sıra həyata keçirilir. Amma biz görməmişik ki, əmi qardaşı qızını götürüb qaçsın. Yaxud da xala bacıoğlu ilə evlənsin. Məsələnin dramatik, faciəvi tərəfi bundan ibarədir. Çünki biz onları özümüzdə həmişə böyük, bizi qoruyan ata və ya ana əvəzi görmüşük. Burada məsələnin mənəvi yükü çoxdur”.
Elnur Rüstəmov bildirib ki, psixoloji baxımdan bu cür insanlar travma və zədə almış insanlar kimi xarakterizə olunur: “Bu baryeri və ya normanı keçən adamı sağlam insan kimi dəyərləndirmək olmaz. Psixoloji baxımdan bu cür insanlar travma və zədə almış insanlar kimi xarakterizə olunur. Bunlar da hansısa formada cəmiyyət üçün ictimai təhlükə daşıyırlar”.
Psixoloq hesab edir ki, bu cür insanların psixoloji reabilitasiyaya, psixoloji dəstəyə çox böyük ehtiyacı var: “Çünki onlar qırmızı xətti keçmiş insanlardır. Bunlar cəmiyyət üçün həm mənəvi, həm də psixoloji baxımdan təhlükəlidir. Onlar cəmiyyətə xeyli psixoloji zərbə vurdular. Bu gün artıq əmilər, xalalar arasında problemlər yaranmağa başlayacaq. Onsuz da  güvənsizlik, bir-birinə inanmamaq, uzaqlaşmaq, münasibətlərin soyuqluğu var. Bu hadisədən sonra təsəvvür edin ki, onlar bir-birindən nə qədər uzaqlaşacaq, soyuyacaq. Burada cəmiyyətə vurmuş olduğu psixoloji zərbədən söhbət gedir”.
Qeyd edək ki, Gəncədə 3 uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb və onunla dini nikaha da daxil olub.
Həsən Səfərova qoşulub qaçan qız evli olub və iki uşağı var.
Sevinc Yasinqızı
Bakı Post
http://bakipost.az/cemiyyete-byuk-zerbe-vurdular-psixoloq-emi-qardas-qizi-olayindan-danisdi/#.WOaU7mnyjIV
Share to Odnoklassniki