Saçyolmanız tutub??? Dayanın!!!

Sac-ve-Kl-Koparma

Hansısa bir stres, əsəb, narahatlıq keçirdiyiniz zaman özünüzü saçlarınızı “yolarkən” tapırsınız? Övladınız mütəmadi olaraq saçlarınımı qırır? Artıq gözlə görülür dərəcədə saç azlığımı yaranıb? Özünüzü və ya övladınızı heç cürə bundan vaz keçirə bilmirsiniz? Bundan bezmisinizmi? Elə isə biraz da yaxın gəlin. Böyük bir ehtimalla siz, Trikotilomaniyaya “yoluxmusunuz”.

Trikotilomaniya gözə çarpar dərəcədə saç itkisi ilə nəticələnəcək qədər daim təkrarlanan saç qoparma davranışıdır. İlk dəfə 1889-cu ildə fransalı dermatoloq Hallopeau tərəfindən öyrənilmişdir. Qədim yunan sözü olub “saç qoparıram” mənasını verir. Bu xəstəlik hər yüz insandan 4-ündə təsadüf edilir. Kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Trikotilomaniya ən çox saç qoparma, az hallarda isə qaş, kiprik, saqqal-bığ və s. bədən tüklərinin qoparılması şəklində özünü göstərir. Adətən evin birinci uşaqlarında daha sıx rast gəlinir ki, buna da əsasən qısqanclığın səbəb olduğu düşünülür. Eyni zamanda ata-ananın aşırı mükəmməlliyyətçi olduğu və ya hisslərini bəlli edə bilmədiyi ailədə böyüyən uşaqlarda da çox müşahidə edilməkdədir. Daha çox uşaq və yeniyetmə yaşlarında rast gəlinən bu xəstəlik ani bir travma, stressli həyat, diqqət və qayğı əksikliyi, depressiya nəticəsində də yarana bilir. İlk başlarda dərs oxuma zamanı saçların çəkişdirilməsiylə başlayıb, zamanla daha da irəli kiprik, qaş yolunmasına qədər gedib çıxa bilir. Saç və digər tüklərin qoparılması gərginlikdən qurtarma, rahatlama hissi yaradır.

Aparılan kliniki-psixoloji araşdırmalar nəticəsində müəyyən edilmişdir ki , trikotilomaniyalı insanlar saçlarını “yolarkən” ağrı hiss etmirlər, əksinə saçı qoparmamışdan öncə şiddətlə artan gərginlik, narahatlıq hissi, saçı qopardıqları anda həzz və rahatlama hissinə çevrilir. Bu bir növ onların stress, əsəb və ya hər hansısa gərginliyə qarşı göstərdikləri reaksiyadır. Və nə yazıq ki, trikotilomanların tüklərini yolarkən aldıqları zövq onların seyrəkləşən saçlarına, kiprik və qaşlarına baxarkən hiss etdikləri üzülmə hissini aradan qaldırmır. Xəstəlikdə iradə sanki öz funksiyasını itirir və bu da xəstəliyin avtomatik hal almasına gətirib çıxarır. Beləki , çox trikotilomanlarda bu hərəkət fərqinə varmadan baş verir və birdə ayıldılarında saçlarının yarısı getmiş olur.

Bəs nə etməli?

Saç, kiprik ya da qaşların yolunması bir müddət sonra tüklərin artıq geri gəlməməsi yəni, mütəmadi olaraq yolunan sahədə tük əmələ gəlməməsi ilə nəticələnir. Zaman keçdikcə bu problemi çözmək daha da çətinləşir. Çox vaxt problemin həlli gözəllik salonları, kosmetoloq, dermatoloqlarda axtarıldığı üçün bu zaman biraz da uzanıb gedir. Xəstəliyin özünün kökündə dayanan psixoloji rahatsızlığa birdə “tüksüz” görüntünün yol açdığı digər psixoloji narahatlıqlar əlavə olunur ki, bu da problemin mürəkkəbliyini daha da artırır. Odur ki, özünüzdə və ya övladınızda buna bənzər bir vəziyyət olduğu halda mütləq bir psixiatr-mütəxəssisə müraciət edib professional yardım almaq və xəstəliyin səbəbini öyrənmək lazımdır. Koqnitiv-davranış terapiyası və bəzi antidepressantlar vasitəsilə dərman müalicəsinin birgə müsbət nəticə verdiyi təsdiq edilmişdir.

AMEA Genetik Ehtiyyatlar Institutunun doktorantı, kiçik elmi işçi

Fəridə Qasımova

Share to Odnoklassniki