Paranoid və hallüsinator paranoid sindromlar

depresiya_0123

Paranoyal sindrom-aydın düşüncə fonunda meydana çıxan,emosional boyalarla zəngin,əsasən məişət mövzularını əks etdirən sayıqlama ideyalarıdır.Bu sindromun xarakter cəhətlərindən biri hallüsinasiyaların və psixi avtomatizmin olmamasıdır.Bu sindrom kəskin və xronik olmaqla iki formada rast gəlinir:

a)Kəskin paranoyal sindrom tutma şəklində,qəflətən baş verir.Qısa müddət davam edir və nəzərə çarpan kobud iz qoymadan keçib gedir.Şubvarı şizofreniya zamanı rast gəlinir.

b)Xronik variant isə tədricən şiddətlənərək uzun müddət davam edir.Şəxsiyyətin dəyişməsi əlamətləri ilə müşayiət olunur.Şizofreniyada,beyinin orqanik və damar pozuntularında rast gəlinir.

Hallüsinator-paranoid sindrom,eyni zamanda meydana çıxan,hallüsinasiyalardan və sayıqlama ideyalarından ibarət olan bu sindrom həm müstəqil,həm də psixi avtomatizm (Kandinski-Klerambo) sindromu formasında rast gəlinir.Bir-birilə əlaqədar olan yalançı hallüsinasiyalar,təqib (və ya təsir) sayıqlamaları,xəstənin iradə və fikirlərinin başqasına mənsub olması əlamətlərinin birlikdə rast gəlməsi psixi avtomatizm sindromu adlanır.Onu ilk dəfə təsvir edən rus alimi V.X.Kandinskinin (1880) və fransız alimi Klerambonun (1920) şərəfinə Kandinski-Klerambo sindromu adlanır.Bu sindromun xarakter cəhətlərindən biri də xəstələrin dediyinə görə fikirlərinin başqasına mənsub olması və kənar qüvvə tərəfindən idarə olunmalarıdır.Xəstələr özlərini tez-tez avtomata,robota bənzədirlər,fikirlərinin yadlaşmasını hərəkətlərinin avtomatik olaraq cərəyan etməsini söyləyirlər.Xəstələr bəzən fikirlərinin hamıya bəlli olmasından (“aşkarlıq” əlaməti),fikirlərin çoxluğundan və ya axmasından (mentizm) şikayət edirlər.Psixi avtomatizm sindromu əsas etibarilə şizofreniyada,tək-tək hallarda isə intoksikasion,somatik və orqanik psixozlarda,epilepsiya zamanı təsadüf olunur.

Parafren sindrom sistemləşmiş,məzmunlu təqib və təsir sayıqlama ideyalarının,psevdohallüsinasiyalarının və psixi avtomatizm əlamətlərinin birlikdə təsadüf olunmasından ibarətdir.Xəstələr özünü qeyri-adi istedada,qüvvəyə malik şəxs hesab edirlər.Böyük səlahiyyət sahibi olduqlarını qeyd edirlər.Hətta xəstələr özünü eyni zamanda bütün dünyanın baş hakimi,bütün akademiyaların prezidenti,bütün orduların komandanı kimi qələmə verə bilərlər.Parafreniya sindromu kəskin və xronik formalarda meydana çıxa bilər.A.V.Snajnevskiyə görə parafren sindrom paranoyal,hallüsinator-paranoid (psixi avtomatizm) sindromlarının inkişafı kimi meydana çıxan,ümumi patogenezə malik vahid psixopatoloji prosesdir.Hallüsinasiyalara (psevdohallüsinasiyalara) nisbətən sayıqlamaların üstünlük təşkil etməsi psixi fəaliyyətin daha kəskin pozulmasını göstərir.Parafreniya sindromu şizofreniya xəstəliyinin müstəqil kliniki variantı,bəzən isə xəstəliyin inkişafının müəyyən mərhələsi kimi rast gəlinir.Bu əlamət qocalıq psixozlarında da (beyin aterosklerozu) təsadüf olunur.

Kotar sindromu ipoxondrik,nigilistik sayıqlamaların və depressiv əlamətlərin birləşməsindən ibarət olan sindromdur.Xəstələr heç vaxt ölməyəcəklərini və həyatları boyu əzab-əziyyət çəkəcəklərini söyləyirlər.Onlar nəinki özlərini,həmçinin ətrafdakı adamların da iztirab içində yaşadıqlarını deyir və bunun üçün təqsirkar olduqlarını bildirirlər.Yeməkdən imtina edərək həmişə tox olduqlarını söyləyirlər.Belə xəstələr bütün günü əli qoynunda gəzərək tezliklə bütün dünyanın suda qərq olacağını və hamının məhv olacağını deyirlər.Başqa birisi bütün daxili orqanlarının yoxluğundan,beyinin çürüməsindən şikayətlənir,yüz illər belə ağır vəziyyətdə yaşayacağını söyləyir.Bu sindrom əsasən qocalıq psixozlarında rast gəlinir.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

Share to Odnoklassniki

3 Responses

  1. Nafe says

    Salam,Allah isteyerse qeyri mumkun olan hech ne yoxdur….
    Men isleyen,hetta oxuyan sizofreniya xesteleri bilirem,duzdur,omur boyu derman atacaglar,amma normal yawayirlar.

  2. cavid says

    Şizofreniyadam tam qurtulma, bu xəstəlikdən – tibb praktikasında tam sağalma halına (remissiya yox) rast gəlinibdirmi?

    • Moderator says

      Salam,Cavid bəy.Şizofreniyanın tam reabilitasiyası qeyri-mümkündür.Lakin proses müəyyən dərəcədə korreksiya oluna bilər.Nəticədə remissiya ola bilər.