İntiharın daha bir qorxulu növü populyarlaşır

12832425_1123794704318810_8796302990715809985_n

Son vaxtlar baş verən intihar olaylarına nəzər saldıqda görünür ki, canına qıyanlar arasında özünü hündürlükdən ataraq həyatına qəsd edənlərin sayı artır. Özünü öldürmək, həm də yüksəklikdən ataraq həyatla vidalaşmaq ağızda asan səslənsə də, bunu depressiya vəziyyətində olan, intihar etmək barədə fikirləşən hər adamın yerinə yetirməsinin heç də asan olmadığını psixoloqlar da təsdiqləyir. Psixoloqlar insanların ən ağır affekt halında özünü yüksəklikdən ataraq canına qıymasının mümkün olduğunu söyləyirlər.

Qeyd edək ki, zaman-zaman intihar edənlər arasında özünü hündür yerə çıxaraq oradan atması hadisələrinə rast gəlinib. Son vaxtlar isə, intiharın bu növü sanki, bir qədər də populyarlaşıb. Psixoloq Elnur Rüstəmov Movqe.az-a müsahibəsində özünü hündürlükdən ataraq canına qıyanların sayının artmasına elə intiharın bu növünün populyarlaşmasının səbəb olduğunu söyləyir. Psixoloq deyir ki, demək olar, son vaxtlar sosial şəbəkələr intiharın bu növünü təşviq etməklə məşğuldurlar: “Əvvəllər kiminsə canına qıymaq üçün yüksəkliyə çıxdığını görən insanlar mümkün qədər onu bu fikirdən daşındırmağa, intihar etməkdən vaz keçməsi üçün söhbət aparırdılar. İndi isə kiminsə özünü binanın eyvanına, körpüyə çıxıb intihar etməyə hazırlaşdığını görənlər həmin anı mobil telefon vasitəsilə kameraya çəkərək sosial şəbəkələrdə paylaşırlar. Bununla da intihar etmək fikrində olan insanları mənfi istiqamətə manipulyasiya edirlər.
Depressiyaya düşən, həyatın, yaşamağın onun üçün mənasız olduğunu düşünən insanlar bu cür videolara baxdıqdan sonra həmin görüntülərin təsiri altında özlərini yüksəklikdən atırlar. Həmin videolar normal insanı intihara sövq etməsə də, depressiya halında olan insanlar bu görüntünün təsiri ilə hərəkət edə bilərlər. Ona görə də, bu cür videoların çəkilməsi, üstəlik sosial şəbəkələrə yüklənməsi, intiharın bu növünün bir növ populyarlaşmasına gətirib çıxardır. Bu isə öz növbəsində özünü hündürlükdən ataraq intihar edənlərin sayını artırır”.
E. Rüstəmov bildirir ki, bu cür hadisələrin qarşısı ancaq maarifləndirmə yolu ilə alınmalıdır: “İnsanlara aşılanmalıdır ki, onların çəkdikləri bu cür videolar psixi cəhətdən zəif olanlara mənfi təsir göstərərək onları ölüm həddinə çatdıra bilər. Bu cür videoların çəkilməsi, sosial şəbəkəyə yüklənməsi etik hərəkət deyil. İnsanlar bu cür davranışlardan çəkindirilməli, onlara bu hərəkətlərinin cəmiyyət üçün ziyanlı olduğu başa salınmalıdır. Bunun üçün isə maarifləndirmə işləri aparılmalıdır. İnsanı hansı halların intihar həddinə çatdırdığı barədə araşdırma yazılar yazılmalıdır. Əks halda, intiharın özünü yüksəklikdən atma növü populyarlaşmaqda davam edəcək”.

Zülfiyyə QULUYEVA

http://www.movqe.az/news/sosial/91099.html

Share to Odnoklassniki