Seçilmiş olduğumuzu düşünmək bizə bəs etməyə bilər, səbəb isə biz bunu nə qədər özümüzə təlqin etməyə çalışsaq da davamlı olaraq yoldaşımızın hər gün yeni bir səhv hərəkətini görməyimiz bütün bu təlqini sıfırlaya bilir. Məsələ də burasındadır ki, onun etdiyi hər səhvi yeni bir səhv kimi görüb birini digərlərindən ayırırıq. Halbuki, ümumi olaraq ortada başdan-ayağa səhv var. Yeni bir səhv oldu olmadı, ortada onsuz da bir səhv var. Sanki bir müddət sonra bu gün hansı yeni bir səhvini tutacam ovuna çıxırıq. O qədər fikrimizi buna veririk ki, özümüzün nə hiss etdiyi ilə maraqlanmağı unuduruq. Bəli, unuduruq, pis hiss edirəm deməyin, hiss etmiş ola bilərsiniz, ancaq buna zaman ayırmaq, maraqlanmaq bəzən heç arxa planda belə olmur.
Xəyanəti hiss etdiyimiz zaman da bunu etmirdikmi? Xəyanətin bizim üçün nə olduğunu araşdırmaq yerinə, ən birinci bizə kiminlə xəyanət edildiyi ilə maraqlanarıq: Görəsən sarışındırmı, görəsən görünüşü necədir və s. Sonra bütün gücümüzü həmin qadını tapmağa verərik. Davamlı olaraq enerji sərf edirik, sonda üzülmək, ağrı çəkmək üçün. Heç vaxt pərdəni bağlı saxlamağı düşünmərik. Haqlı çıxmağın təsirinə düşərik, haqlı çıxmağın hər zaman yaxşı bir şey olmadığını unudaraq. Bütün bunları niyə edirik deyə sual versələr, əminliklə itirməkdən qorxduğumuzu deyərik, bütün bunların sonda bizə heç nə vermədiyini, qorxduğumuzun başa gəlmə ehtimalını artırdığını unudaraq.
Siz xəyanəti tutduğunuz zaman, qəbul edin “zəfər hissi” keçirirsiniz. “Axır ki, tutdum”, “Başqa biri olduğunu bilirdim” deyərək özünüzü bir az daha işin içinə çəkirsiniz. Daha sonra dalaşmaq üçün tələsirsiniz. Sakit oturub işi ilə məşğul olan birinə, özü də kişiyə anidən qışqıraraq bir şeylər deməyə çalışırsınız. Onun gözündə necə göründüyünüzdən xəbəriniz belə yoxdur. Onun reaksiyalarına qarşılıq olaraq “Özün yaxşı bilirsən nəyi deyirəm” deyirsinizsə, deməli məsələ tam da indi deyəcəklərim kimidir. Dinləyin, öncə özünüzə kənardan baxmağı öyrənin ki, haqlı ola-ola haqsız olmayasınız. Siz qışqırırsınız, dalaşırsınız, o isə sadəcə sizə baxaraq arada “Nə olub?” deyə sual verir. Deməli sizi sadəcə görür eşitmir. Qulağınızı yumun və birindən qarşınızda dayanıb bir şeylər danışmasını istəyin. Görüntü var, səs yoxdur. Eynilə kişi də sizi belə görür. Havalandığınızı belə düşünə bilər. Yaxud da evli olduğu qadının əslində heç də incə, zərif deyil də canavar olduğunu düşünə bilər. Nə olur olsun, qadın olduğunuzu unutmayın, zərif qalın. Siz belə etdikcə heç nə həll tapmaz, əksinə edilən səhv özünə bəraət qazandırar: “Belə qadın olar? Deyinir, dalaşır. Nə qədər olar?” deyərək digər qadının onunla xoş rəftarı o an ona daha rahatlıqverici görünə bilər. Kişilər heç vaxt səhv etdiklərini dərk etməzlər. Onlar iki dəfə düşünməzlər, fürsət varsa dəyərləndirərlər, səhv ola bilmə ehtimallarının var olduğunu unudaraq. Siz dalaşdığınız zaman bir şeyləri düz etmədiklərini anlayarlar, ancaq o an bunu qəbul etməzlər, çünki o an bunu qəbul etmək sizi daha da ondan üstün edəcək deyə düşünüb, çox vaxt oranı tərk edərlər.
Səbinə Ələkbərova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu